Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2023 12:22

Yenilməz qəhrəmandır Azərbaycan əsgəri!

İşğaldan azad olunmuş ərazilərdəyik. Baxdıqca gözümüz, qələmimiz, sözümüz gülür. İlıq bir yaz səhərində yaşıllığa bürünmüş dağların, dərələrin ətəklərindən dolaylanıb keçən yollarla döyüş növbətçiliyi aparan, ölkəmizin ərazi bütövlüyünü qoruyan zabit və əsgərlərin yanına gedirik. Gedirik ki, onlardan hal-əhval tutaq, ürək sözlərini dinləyək.
İndiyə qədər bunu çox müşahidə etmişəm. Hər dəfə Vətənimizi qoruyan zabit və əsgərlərin yanına gedəndə, bu cəsur oğullarla görüşüb söhbət edəndə xoş hisslər keçirir, yüksək ovqata köklənirik. Ona görə də onlarla tez-tez görüşüb xidmətlərinin gedişi ilə maraqlanırıq. Xoş sözlər deyir, xoş sözlər eşidirik.
Avtomobilin kiçik pəncərəsindən ətrafı seyr edirəm. 2020-ci ilin payız günlərində bu yerlərdə gərgin döyüşlər gedirdi. Azərbaycan əsgəri, zabiti torpaqlarımızın azadlığı uğrunda vuruşurdu. Şükürlər olsun ki, İkinci Qarabağ müharibəsi ordumuzun Zəfəri ilə başa çatdı. İndi işğaldan azad olunan torpaqlarımız da, biz də rahat nəfəs alırıq. Yol yoldaşımız gizir Elmar İsazadə deyir ki, həmişə olduğu kimi, bu gün də şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Ona görə də döyüş növbətçiliyi peşəkarlıqla aparılır. Bir qayda olaraq əsgərlərimiz üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlirlər. Hərbçilərimiz qoynunda dünyaya göz açdıqları Vətən torpaqlarını ürəkdən sevir, ona qəlbdən bağlıdırlar. Buna görə də bütün diqqətlərini yurdumuzun müdafiəsinə yönəldiblər. Silahların taktiki-texniki xüsusiyyətlərinə dərindən bələd olan əsgərlərimiz işğaldan azad olunan ata-baba yurdlarını göz-bəbəkləri kimi qoruyurlar. Bütün bunlar isə onların vətənpərliyindən, yurda bağlılığından xəbər verir.
Söhbət zamanı öyrənirik ki, Elmar da Vətən müharibəsinin iştirakçısıdır. Döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə bir neçə medala layiq görülüb.
Bir-birindən vətənpərvər, cəsur əsgərlərimizin ünvanına söylənilən xoş sözləri dinləyə-dinləyə mövqelərimizə doğru irəliləyirik. Özümüzdən asılı olmadan bu anlarda qəlbimizi sevinc hissləri bürüyür, ovqatımıza xoş ovqat qatılır.
Bayaqdan bəri kökləndiyimiz ovqatla yüksəklikdə dayanmış əsgərlərin yanına gəlib çatırıq. Bu yüksəklik bir anlıq bizə alınmaz qalaları xatırladır. Avtomobildən düşən kimi zabit və əsgərlərlə görüşüb, hal-əhval tuturuq. Torpaqlarımızı qoruyan bu cəsur oğulların üz-gözündən cəsarət yağır. Göylərə baş çəkən, dağlar qoynunda döyüş növbətçiliyi aparan əsgərlərə yenilməz bir cəngavər, məğlubedilməz bir qəhrəman kimi baxırıq. Bəli, İkinci Qarabağ müharibəsində böyük zəfər qazanmış Azərbaycan əsgəri yenilməz cəngavər, məğlubedilməz qəhrəmandır.
Zirvədən üzü aşağı boylanırıq. Bizdən xeyli aşağıda ermənilərin yerlə-yeksan etdikləri evlər görünür. Elə bu vaxt başımızın üstündən bir qartal şığıyıb keçir. Hərbçilər deyirlər ki, bizim kimi qartal da zirvələrdə məskən salıb. Demək olar ki, hər gün başımızın üstündə uçur, sanki bizi hansısa şər qüvvələrdən qoruyur. Bir anlıq dayanıb qartalın uçuşunu seyr edirik. Səmada süzən qartal bir az da aşağıdan uçur, sanki əsgərləri salamlayırdı.
Yurdumuzu qoruyan əsgərlərlə söhbət edə-edə yaxından tanış olur, ürək sözlərini dinləyirik. İlk həmsöhbətim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Səməd Məmmədov deyir ki, Vətənə xidmət etmək, biz hərbçilərin müqəddəs borcudur və bu borcu hər birimiz ləyaqətlə yerinə yetiririk. Bunun üçün hamımız bir nəfər kimi döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlirik. Vətən müharibəsində ordumuzun düşmən üzərində qazandığı qələbələr bizi daha da ruhlandırır. İndi biz qalib ordunun qalib əsgərləriyik. Gündən-günə güclənən Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gün ərzində işğala son qoydu. Ordumuzun zabit və əsgərləri Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək ermənilərə sarsıdıcı zərbələr vurdular. Düşmən həm texnika, həm də canlı qüvvə sarıdan ağır itkilər verib geri çəkildi. Bu zəfərlərdən üzümüz güldü, ürəyimiz açıldı, qəlbimiz fərəhlə doldu. Xalqımız da bu tarixi zəfərdən sevindi, şəhidlərin ruhu rahatlıq tapdı. Fəxr edirəm ki, mən də İkinci Qarabağ müharibəsində iştirak etmişəm. Bir neçə medala layiq görülmüşəm.
Səngərlərin gözəgörünən yerlərinə vurulmuş çağırış dolu dəyərli sözlər diqqətimizi cəlb edir: "Səninlə fəxr edirik, Azərbaycan əsgəri!", "Əsgər, Vətən sənə əmanətdir!", "Vətəni göz bəbəyin kimi qoru, Azərbaycan əsgəri!". Bu dəyərli sözlər mövqeyində ayıq-sayıq dayanmış əsgərlərin yaddaşına hopub. Ona görə də daim müşahidə aparır, düşmənin hər addımını izləyirlər.
Əsgərlərimizin dayandıqları mövqenin zirvəsində üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu əzəmətli görüntüyə baxa-baxa iftixar hissi keçiririk. Yurdumuzu qoruyan əsgərlərlə söhbətimizi davam etdiririk.
- Bu gün hamımız doğma ordumuzla fəxr edirik, - deyə döyüş növbətçiliyi aparan əsgər Qiyas Manafov sözə başlayır: - Çünki ordumuzun cəsur zabit və əsgərləri İkinci Qarabağ müharibəsində böyük hünər göstərdilər. Erməni qəsbkarlarını ağır məğlubiyyətə uğratdılar. 44 gün ərzində düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etdilər. Onlarla döyüş texnikası saz vəziyyətdə qənimət götürüldü. Həmin günlərdə də, indi də Azərbaycan əsgərinin bir amalı vardı: Vətənə layiqincə xidmət etmək. Amalımıza, məqsədimizə daim sadiqik.
Əsgər Murad Cavadov deyir ki, Azərbaycan Ordusu yurdumuzun etibarlı müdafiəçisi, müstəqilliyimizin təminatçısıdır. Hərbi xidmətə yüksək ovqatla gəlmişəm. İkinci Qarabağ müharibəsi başlayanda orta məktəbdə oxuyurdum. Həmin günlərdə bizim rayondan da xeyli vətənpərvər gənc könüllü olaraq döyüşə yollandı. Onlar qüdrətli, güclü ordumuzun sıralarında düşmənə qarşı cəsarətlə vuruşdular.  Hər şey arzuladığımız kimi oldu. Azərbaycan Ordusunun qazandığı Zəfər tarix durduqca yaşayacaq və bütün gələcək nəsillər bu qələbə ilə fəxr edəcəklər.
- Hamımızın fəxri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun təkbaşına erməni işğalçılarına qarşı rəşadətlə, şücaətlə vuruşması hər birimizin qəhrəman olmaq duyğusunu coşdurdu, - deyə əsgər Nüsrət Abasov sözə başlayır. Böyüyəndə hamımız onun kimi qəhrəman olmağı arzulayırdıq. Mən də bu arzuyla yaşayırdım. On səkkiz yaşım tamam olan kimi ordu sıralarına çağırıldım. Keçirilən təlim-məşqlərdə fəal iştirak edərək, silahları mükəmməl öyrənirdim. Çalışqanlığım, fəallığım müsbət nəticələr verirdi. Qısa müddət ərzində müxtəlif silahların atış qaydalarını öyrəndim, yeni döyüş vərdişlərinə yiyələndim. Gündən-günə döyüş hazırlığım, peşəkarlığım artırdı. Xeyli müddətdir ki, bu mövqelərdə döyüş növbətçiliyi aparıram, yurdumuzun keşiyində dayanıram. Torpaqlarımızı erməni işğalçılarından göz bəbəyim kimi qoruyuram.
Əsgərlərdən Alı Umarov, Nihad Mustafayev və başqaları da söhbətləri zamanı torpaqlarımızın keşiyində həmişə ayıq-sayıq dayanacaqlarını bildirirlər.
Döyüş hazırlığı yüksək olan cəsur əsgərlərdən eşitdiyimiz xoş sözlərdən qürur duyduq. Onların  zəfər dolu fikirlərindən ovqatımız daha da yüksəlir. Əmin oluruq ki, əsgərlərimiz bundan sonra da döyüş növbətçiliyini peşəkarcasına aparacaqlar. Başlıca amalları Vətənə layiqincə xidmət etmək olan hərbçilərimizdən xoş təəssüratlarla ayrılırıq.
Zirvələrə qalxdığımız yollarla indi aşağı enirik. Əsgərlərdən eşitdiyimiz Vətən sevgisi ilə dolub-daşan xoş sözlər təkrar-təkrar yaddaşımızda əks-səda verir. Əminik ki, Vətən müdafiəçilərinin məkanı həmişə qartalların, şahinlərin məskən saldığı əlçatmaz zirvələr olacaq. Üçrəngli bayrağımız da daima əzəmətli zirvələrdə elə əzəmətlə də dalğalanacaq. Yenilməz cəngavər, məğlubedilməz qəhrəman olan Azərbaycan əsgəri şərəf və ləyaqətlə daim bu torpağın,  bu bayrağın, bu yurdun keşiyini çəkəcək.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"