Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2023 12:04

Döyüş qələbə ilə tamamlandı

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. İkinci Qarabağ müharibəsində qazanılan şanlı qələbə Azərbaycan Ordusunun gücünü, Vətən sevgisini, mübarizliyini bütün dünyaya göstərdi. Bu qələbə bir daha sübut etdi ki, Azərbaycan Ordusu həm də regionun ən güclüsü olmaqla yanaşı, XXI əsrin ən qüdrətli orduları sırasındadır.
Ordumuzun əsas gücü isə zəngin maddi-texniki bazası ilə yanaşı, yüksək döyüş hazırlığına malik olan şəxsi heyətidir. Vətənə ürəkdən bağlı olan, igid, qorxmaz, nümunəvi xidmət edən zabitlər, əsgərlər olmasa, hansısa gücdən, qüvvədən danışmaq inandırıcı görünməz. Çünki ordunun gücü dedikdə, ilk olaraq şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, Vətən sevgisi ön plana çəkilir. Qələbəmizi məhz Azərbaycan əsgərinin Vətən sevgisi, yüksək döyüş hazırlığı təmin etdi. Qələbənin qazanılmasında əməyi olan Azərbaycan zabiti, giziri və əsgərləri yüksək döyüş ruhunda, qələbə əzmində, sonsuz Vətən sevgisindən güc alaraq xidmət edirlər. Gizir Kamran Əlicanovla "N" hərbi hissəsində tanış olduq. Komandirləri onun nümunəvi xidmətindən, hərbi qulluqçuya xas olan fiziki, mənəvi, şəxsi keyfiyyətlərindən ürək dolusu danışdılar. Vətənpərvərliyi, hərbi intizamı və nümunəvi xidməti ilə kollektivin rəğbətini qazanan Kamran 29 iyun 1995-ci ildə Qax rayonunun Güllük kəndində dünyaya göz açıb. 2018-ci ildən gizir kimi ordu sıralarında xidmət edir. Valideynləri uşaqlıqdan Kamranı dövlətinə, xalqına, Hərbi anda sadiq bir vətəndaş kimi böyüdüblər. Söhbət zamanı o, bu şərəfli peşəni necə seçməsindən danışdı: "Hərbçi olmaq arzusu ilə böyümüşəm. Hələ məktəbli olarkən dostlarımla söhbət edərdik, gələcəkdə kimin hansı peşəyə sahib olmaq istədiyindən danışardıq. Hərə bir sahəyə üz tutacağını deyərdi. Mən isə hərbçi olacağımı söyləyərdim. Buna bir arzu kimi baxmırdım. Mənim üçün bir məqsəd, amal var idi və hesab edirəm ki, məqsədimə çatmaqla yanaşı, vəzifəmin də öhdəsindən layiqincə gəlirəm".
Gizir Kamran Əlicanov İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Əks-hücum əmri veriləndə sevindiyini bildirən Kamran illərlə bu günün arzusunda olduğunu dedi. "Torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayanda yüksək əhval-ruhiyyə və zəfər ovqatı ilə döyüşə atıldıq. Silahdaşlarımla bir yerdə döyüşlərə girdik. Düşmən qüvvələrini məhv etdik, şəhidlərimizin qisasını aldıq, torpaqlarımızı qarış-qarış azad etdik. Şükürlər olsun ki, savaşdan alnıaçıq çıxdıq, verilən bütün döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldik".
Söhbətinə davam edən gizir Kamran Əlicanov dayısından və atasından danışdı. Hərbi peşəyə olan rəğbətinin və ruhuna hopan qorxmazlığın, mərdliyin mənbəyinin onlar olduğunu bildirdi. Kamranın atası Valeh Əlicanov Birinci Qarabağ müharibəsi iştirakçısı, 1-ci qrup əlildir. Dayısı isə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olub. Həm atasının, həm də şəhid dayısının haqq savaşını Kamran zəfərlə tamamladı. Artıq dayısı və onun kimi minlərlə şəhidimizin ruhu şaddır. Çünki onların davamçıları olan Kamran kimi igid oğullarımız düşmən üzərində tarixi zəfər qazanaraq ərazi bütövlüyümüzü təmin ediblər.
Qeyd edim ki, gizir Kamran Əlicanov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"