Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2023 12:04

Şəhidlər anılır, xatırlanır, yaşadılır...

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan oğullarımızın xatirəsinin əbədiləşdirilməsi üçün başqa sahələrdə olduğu kimi, orta və ali təhsil müəssisələrində də böyük və dəyərli işlər görülür, müvafiq layihələr həyata keçirilir. Bütün bu işlər şəhidlərimizin adlarının daim unudulmamasına və yaşadılmasına xidmət edir. Bakı şəhər Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə olarkən bu təhsil ocağında da şəhidlərin xatirələrinin yad edilməsi və adlarının, əməllərinin unudulmaması istiqamətində çox dəyərli işlər görüldüyünün şahidi olduq. Məktəbin direktoru Sədaqət Əzimova bildirdi ki, şəhidlərin xatirələrinin əziz tutulması, daim xatırlanması və yaşadılması üçün səmərəli işlər görülür. Bu məqsədlə təhsil ocağında "Qarabağ Azərbaycandır!" lektoriyası yaradılıb. "Mənim şəhidim" layihəsinə uyğun olaraq siniflərdə şəhidlərin xatirəsinə güşələr hazırlanıb. Bundan başqa məktəbin həyətində "Şəhid məzunlarımız" adlı xatirə kompleksi düzəldilib. Bunları hazırlamaqda, düzəltməkdə məqsədimiz şəhidləri xatırlamaq, anmaq və yaşatmaqdır.
Məktəbin rəhbərliyi ilə əvvəlcə "Qarabağ Azərbaycandır!" lektoriyasını ziyarət etdik, şəkillərlə, eksponatlarla yaxından tanış olduq. "Qarabağ Azərbaycandır!" lektoriyasını təhsil ocağının vətənpərvərlik və qəhrəmanlıq guşəsi də adlandırmaq olar. Lektoriyanın divarlarına Birinci və İkinci Qarabağ müharibələrində məktəbin şəhid məzunlarının və başqa şəhidlərin böyüdülmüş şəkilləri vurulub.  Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şərəfinə hazırlanmış guşə də dolğunluğu ilə diqqətimizi cəlb etdi. Məktəbin direktoru söhbət zamanı onu da dedi ki, tez-tez bu lektoriyada vətənpərvərlik tədbirləri və şəhid ailələri ilə görüşlər keçiririk. Bu tədbirlərdə əsas məqsəd şagirdlərə - sabahımızın əsgərlərinə vətənpərvərlik hissləri aşılamaqdır. Bizim də amalımız məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etməkdir.
"Qarabağ Azərbaycandır!" lektoriyasını ziyarət etdikdən sonra məktəbin direktoru Sədaqət Əzimova bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olanları xatırlamaq, yaşatmaq və əbədiləşdirmək üçün "Mənim şəhidim" layihəsinə uyğun olaraq siniflərə şəhidlərin adları verilib. Tədris otaqlarında  bu cəsur oğullara həsr olunmuş güşələr düzəldilib. 23 şəhidin adı məktəbimizdəki siniflərə verilib.
Siniflərin qapısının yanında kiçik lövhələrdə şəhidlərin ad və soyadları həkk olunub. İlk olaraq Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun adını daşıyan sinfə daxil olduq. Burada generalın şərəfinə guşə düzəldilib. Şagirdlərimiz igidlikdə, cəsurluqda şəhidlərimizə oxşamağa çalışırlar.
Beləcə, ardıcıllıqla bir-bir sinifləri gəzib torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların - Elçin Şükürlü, Fərid Əliyev, Etibar Nəcəfov, Adil Cəfərov, İsrafil İbrahimov, İlkin Əhədzadə, Cəmil Məmmədli, Yusif Budaqov, Cavidan İbrahimov, Vasif Hüseynov, İsmayıl Hüseynov, Tofiq Məmmədov, Nicat Şükürlü, Vüsal Teymurov, Vüsal Həsənov, Məmmədağa Səfərov, Murad Qurbanov, Əli Tağıyev, Orxan İsmayılov, Cavidan Ağayev, Vüsal Qurbanov, Bilal Qəmbərov, Cavidan İbrahimlinin adlarını daşıyan sinifləri gəzdik. Gördüklərimizdən belə nəticəyə gəldik ki, şagirdlər bu siniflərdə gündəlik dərslərlə bərabər, həm də qəhrəmanlıq dərsi keçirlər. Əminliklə demək olar ki, bu şagirdlər gələcəkdə şəhidlərin vətənpərvərlik yolunu şərəflə davam etdirəcəklər.
- Şəhidlərin adlarının siniflərə verilməsi çox uğurlu lahiyədir, - deyə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xədicə Həsənova söhbətimizə qoşuldu. - 23 sinfə şəhidlərin adı verilib. Ənənəvi olaraq dərslər şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayır. Siniflərdə şəhidlərin şərəfinə düzəldilmiş guşələr ilk baxışdan diqqəti cəlb edir. Bu guşələrə yurdumuzun azadlığı uğrunda şəhid olan oğulların şəkilləri vurulub, şəxsi əşyaları, hərbi geyimləri, sənədləri və başqa ləvazimatları qoyulub. Şagirdlər dərslərini vətənpərvər oğulların ruhlarının dolaşdığı sinifdə keçirlər. İnanıram ki, bugünkü şagirdlərimiz sabahımızın qəhrəmanları olacaqlar. Biz də bir müəllim kimi, vətəndaş kimi üzərimizə düşən vəzifəni yerinə yetirərək məktəblilərin vətənpərvərlik ruhunda böyüməsinə çalışırıq. Vətənpərvərlik ruhunda böyüyən şagirdlərimin hamısına sabahın qəhrəmanları kimi baxırıq.
"Qarabağ Azərbaycandır!" lektoriyasına və şəhidlərin adı verilən siniflərə baxdıqdan sonra məktəbin rəhbərliyi ilə, müəllimlərlə, şagirdlərlə sağollaşıb ayrıldıq. Çölə çıxanda təhsil ocağının həyətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş oğulların xatirəsinə həsr olunmuş "Şəhid məzunlarımız" kompleksinin düzəldildiyini gördük. Xatirə kompleksinin qarşısında ehtiramla baş əydik. Əmin olduq ki, şəhidlər daim anılır, şəhidlər xatırlanır, şəhidlərin adları yaşadılır.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"