Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2023 15:38

Hərb Tarixi Muzeyinin eksponatları məktəblilərin marağına səbəb oldu

Son illər ölkəmizdə yeniyetmələrin və gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində mühüm işlər görülür. Tarixi yerlərimizə, muzeylərə ekskursiyaların təşkili bu qəbildən görülən işlərin təzahürüdür və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Türk Dünyası Bakı Atatürk Liseyinin məktəbəqədər hazırlıq qruplarının Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət etməsi də belə tədbirlərdəndir.
Ümumilikdə 50 nəfər şagirdin iştirak etdiyi muzey gəzintisini balacaların Azərbaycan hərb tarixinə qısa səyahəti kimi də qiymətləndirmək olar. Uşaqlara muzeyin əməkdaşı Nübar Novruzova bələdçilik edərək tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar haqqında geniş məlumlatlar verdi. Müxtəlif dövrləri əhatə edən guşələr və digər tarixi faktlar məktəblilər tərəfindən maraqla qarşılandı.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadə uşaqları Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi geyimləri və silahları olan otaqla tanış etdi.
Torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasından söz açan Muzey rəisi İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin göstərdiyi şücaətin uzun illər tarixin yaddaşında yaşayacağını bildirdi və uşaqları Vətən müharibəsi eksponatları ilə yaxından tanış etdi. Şəhidlərimizin döyüşlər zamanı istifadə etdikləri əşyalar, hərbi ləvazimatlar, üzərlərində tapılan əşyalar uşaqların diqqətini çəkdi.
Sonra İkinci Dünya savaşı və Birinci Qarabağ müharibəsi zamanı istifadə olunan 130-a yaxın zirehli texnika və hərbi təyyarə, gəmilər uşaqlara təqdim olundu.
Türk Dünyası Bakı Atatürk Liseyinin müdir müavini Nagihan Bağırova uşaqlara ayrılan diqqət və qayğıya görə Müdafiə Nazirliyinin  rəhbərliyinə minnətdarlığını bildirdi. "Lisey direktorumuz Eyləm Gültəkinin təşəbbüsü ilə uşaqları bura gətirməkdə əsas məqsədimiz tariximizi öyrətməkdir. Azərbaycanın tarixini öyrənmək hər zaman təhsil işçilərinin diqqətində olmuşdur. Sevindirici haldır ki, tarix boyu türklərlə azərbaycanlılar arasında din və dil qardaşlığı əsas rol oynamışdır. Bir millət iki dövlət olan bizlər hər zaman qarşılıqlı dəstək və qayğı görmüşük. Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan haqq savaşında parlaq qələbə qazanan qardaşlarımızın Zəfəri türk dünyasını olduqca qürurlandırdı. Azərbaycanın sevincini sevincimiz bilərək meydanlara axışdıq. Belə addımlar birliyimizin, dostluğumuzun və ən əsası qardaşlığımızın əsl sübutudur. Liseyimizin şagirdləri ilə bərabər burada olan eksponatlarla tanışlıq bizə həm duyğusal, həm də qürurverici hisslər yaşatdı. Əminik ki, uşaqların gördükləri eksponatlar onların milli-mənəvi və vətənpərvər ruhda tərbiyə olunmasında əvəzsiz rol oynayacaqdır".
Atatürk Liseyinin müəllimləri Ləman Əşrəfova, Aysu Hüseynova və Nüşabə Novruzova və başqaları bildirdilər ki, bu mövzu hələ uzun müddət liseyimizin şagirdləri tərəfindən danışılacaq, müzakirə ediləcək, yaddaşlarından silinməyəcəkdir.
Şagirdlərdən Kərim Həsənov, Mete Çelik, Mert Alp, İnci Kazımlı, Dəniz Quliyeva ekskursiya ilə bağlı fikirlərini bölüşərək bildirdilər ki, burada olan qədim əşyalarla, silahlarla, texnikalarla tanışlıq onları olduqca sevindirdi. Açıq havada sərgilənən zirehli texnikalarla yaxından tanış olaraq unudulmaz anlar keçirdiklərini gizlətməyən şagirdlər liseydə təhsil alan digər yoldaşlarıyla görüb öyrəndikləri məlumatları bölüşəcəklərini, bu faktların onların da böyük marağına səbəb olacağını dedilər.
Sonda Azərbaycan Hərb Tarixi Muzeyinin konfrans zalında vətənpərvərliklə bağlı nümayiş olunan kliplərin, səsləndirilən musiqilərin uşaqlar tərəfindən alqışlarla qarşılanması onlarda milli-mənəvi dəyərlərin və vətənpərvərlik duyğularının artıq kiçik yaşlarından formalaşdığını sübuta yetirən sevindirici faktlardan biri oldu.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"