Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2023 15:38

Arzulara qovuşduran addımlar

Döyüş və ömür yolu haqqında söhbət açacağım leytenant Kamal Məmmədov İkinci Qarabağ müharibəsində üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Füzuli istiqamətindən başlanan döyüş yolu Cəbrayıldan, Zəngilandan, Qubadlıdan keçib. Göstərdiyi igidliyə və şücaətə görə Məmmədov Kamal Hikmət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalına layiq görülüb.
Hərbi hissədə komandirlərindən, zabit yoldaşlarından leytenant Kamal Məmmədovun xidməti haqqında xoş sözlər eşitdik. Polkovnik-leytenant Aqil İsmayılov onun barəsində ürək dolusu danışdı:
- Kamal xidmətinin elə ilk günlərindən bacarığı, peşəkarlığı və intizamı ilə həm komandanlığın, həm də şəxsi heyətin rəğbətini qazanıb. O, verilən tapşırıqların öhdəsindən bacarıqla gəlir, xidmətinə məsuliyyətlə yanaşır. Hərbi bilik və döyüş vərdişlərini, müharibə zamanı qazandığı təcrübəni şəxsi heyətə bacarıqla aşılayır, öyrədir. Gənc zabit həm də İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşub, döyüş meydanlarında hünər göstərib.
Söhbətimiz zamanı öyrəndik ki, Məmmədov Kamal Hikmət oğlu 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Göydərə kəndində anadan olub. Doqquzuncu sinfə qədər kəndlərindəki orta məktəbdə oxuyub. 2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Təhsil ocağında orta məktəb dərsləri ilə yanaşı, hərbi vərdişlərə də yiyələnib. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda Kamal Məmmədov döyüşlərə yollanıb. Onun müraciəti müsbət qarşılanıb. Müharibənin ağrı-acılarını yaşamış leytenant K.Məmmədov həmin günlərdən söz açdı:
- 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Vətənin müdafiəsi, torpaqlarımızın işğaldan azad edilməsi əsas məqsədimiz idi. Erməni işğalçılarını məhv etməyə və torpaqlarımızdan qovmağa hazır və qadir idik. 2020-ci il oktyabrın 7-də Füzuli rayonu uğrunda gərgin döyüşlər gedirdi. Düşmən geri çəkilmir, ciddi müqavimət göstərir, torpaqlarımızdan çıxmaq istəmirdi. Demək olar ki, hər addım uğrunda vuruşurduq. Erməni işğalçıları nə qədər müqavimət göstərsələr də, ordumuzun zabit və əsgərlərinin igidliyi qarşısında duruş gətirə bilmirdilər. Füzuli rayonu işğaldan azad olunandan sonra Cəbrayıl istiqamətində irəliləməyə başladıq. Gündən-günə torpaqlarımızı erməni işğalçılarından azad edirdik. Qazandığımız qələbələr bizi növbəti döyüşlərə ruhlandırırdı. Qazandığımız uğurlar hamımızı sevindirirdi. Azad etdiyimiz kəndlərin dağıdılmış görkəmi ürəyimizi ağrıdırdı. Ermənilər şəhər və kəndlərimizi darmadağın etmişdilər. Gördüyümüz üzücü mənzərələr işğalçılara olan nifrətimizi daha da artırırdı. Füzuli rayonundan başlanan döyüş yolum Cəbrayıldan, Zəngilandan, Qubadlıdan keçdi. Ən gərgin döyüşlərimiz Qubadlı rayonunda oldu. Şükürlər olsun ki, uğurla başlayan döyüşlərimiz zəfərlə başa çatdı.
Zəfər qazananların Vətən sevgisi əsgərlərə də, xalqa da nümunədir. Hər bir vətəndaş torpaq üçün canını qurban verməyə hazırdır və hazır olmalıdır.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"