Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2023 15:38

“Öyrədiblər, öyrənmişik, öyrədirik”

Pərvin Məmmədov Mingəçevir şəhərində orta təhsil alıb. Yeniyetməliyi də bu şəhərdə keçib, ilkin gəncliyi də. Düşüncələrinin nizamı da burada formalaşıb, xarakteri də. Tarix, coğrafiya fənlərini sevib, həyata baxışları bu fənlərlə formalaşıb. Müəllimlərinin tövsiyələrini öyüd-nəsihət bilib: "Dürüst, gerçək həyatın dərkini iki fənlə məhdudlaşdırmaq olmaz, Pərvin". Sonralar Pərvin ədəbiyyatımızı da sevib, incəsənətimizi də. Azərbaycanın dövlətçilik tarixini, coğrafiyasını hansı həvəslə, hansı sevgilərlə öyrənirdisə, folklorumuzu, dastanlarımızı, yazılı ədəbiyyatımızı da həmin həvəslə, həmin sevgiylə öyrənirdi. Bu, sevgilərin eyniləşməsi deyildi, bir-birini tamamlaması, bu tamamlama mənəvi zənginliyin yol göstərəni idi...
2014-cü ildə Sumqayıt Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinə daxil oldu...
Pərvin Məmmədov Azərbaycanın çox qədim tarixini imtahanlara görə öyrənmirdi, mənəvi borc kimi öyrənirdi. Neçə yüz illərin o üzündə qınından sıyrılan qılıncların yazdığı tarixlərə "varlığımız, bəxtiyarlığımız", - deyirdi. Qobustan qayaüstü rəsmlərini xalqımızın təfəkkür sərgisi bilirdi, "Qınayan olmasa, Azıx mağarasına bəşərin beşiyi deyərdim..." - tələbələr Pərvinin qənaətini bəyənirdilər...
2018-ci ildə həqiqi hərbi xidmətə çağırıldı.
Yeniyetməydi - Vətəni sevirdi, tələbəydi - Vətəni, onun tarixini öyrənə-öyrənə sevirdi, əsgəriydi - Vətəni qoruya-qoruya sevirdi. Bu sevgi onun həyat yolunu müəyyənləşdiribmiş - zabit olmağı qərara almışdı...
2019-cu ildə zabit hazırlığı kursuna qəbul olundu...
Leytenant Pərvin Məmmədov xidmət etdiyi hərbi hissənin əsgərlərinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək olduğunu bildirdi, "Onlar Vətəni sevirlər, biz bu sevginin dönməzliyinə sevgi ilə onların düşüncələrinin nizamlayıcılarıyıq...", - dedi. Bəyəniləsi fikirdi...
Gənc zabit İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin əsgərlərin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli olduğunu da bildirdi, onların İkinci Qarabağ müharibəsinin döyüşlərini, qəhrəmanlıqları öyrənmək, şəhidləri daha əhatəli tanımaq istədiyini də. Zabit onu da dedi ki, biz əsgərlərin bu istəyini həm ictimai-siyasi dərslərdə, həm də asudə vaxtlarda gerçəkləşdiririk...
Leytenant Pərvin Məmmədov nümunəvi xidməti ilə əsgərlərin orduya sevgisini daha da artırır. Bu, Vətənə sədaqətin təzahürüdür...
Baş leytenant Nadir Quliyev leytenant Pərvin Məmmədovun nümunəvi zabit olduğunu bildirdi: Hərbi Nizamnamələrin tələblərinə özü də ciddi əməl edir, əsgərlərə də belə xidmət etməyin zəruriliyini aşılayır...
Leytenant Pərvin Məmmədov dedi ki, zamanında bizi öyrədiblər, zamanında öyrənmişik, zamanıdı - öyrədirik...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"