Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2023 15:38

Hərbi hospitalın yaranmasının 31-ci ildönümü qeyd olundu

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaranmasının 31-ci ildönümü münasibətilə tədbir keçirildi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Baş Klinik Hospitalın zabiti polkovnik Bünyam Hümbətov Azərbaycan Respublikası müdafiə nazirinin və Tibb İdarəsi rəisinin təbrikini tədbir iştirakçılarına çatdırdı.
Müdafiə Nazirliyinin Tibb İdarəsi rəisinin müavini - Baş Klinik Hospitalın rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Vüqar  Mürsəlov hospitalın yaranma tarixindən, keçdiyi şərəfli və şanlı doyüş yolundan ətraflı danışaraq bildirdi ki, müstəqillik qazandıqdan sonra 14 aprel 1992-ci ildə Mərkəzi Hərbi Hospitalın yaradılması haqqında Azərbaycan Respublikasının müdafiə naziri əmr imzalamışdı. "Elə həmin tarixdən fəaliyyətə başlayan hospital 1992-ci ildə Mərkəzi Hərbi Hospital, 1998-ci ildə Mərkəzi Hərbi Kliniki Hospital, 2010-cu ildə Silahli Qüvvələrin Baş Klinik Hospitalı, 2021-ci ildən isə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı adlandırılıb. Bu illər ərzində adının dəfələrlə dəyişməsinə baxmayaraq Baş Klinik Hospital təyinat olaraq hərbi qulluqçulara və onların ailə üzvlərinə yüksək səviyyədə tibbi xidmət göstərmişdir".
Tibb xidməti polkovniki Vüqar Mürsəlov onu da qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərkən tezliklə ölkəmizdə qabaqcıl hərbi təbabətin yaranacağını qətiyyətlə bildirmişdi. "Bu gün Azərbaycan xalqının Ümummilli Liderinin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq, biz fəxrlə deyə bilərik ki, Ulu Öndərin  vaxtilə Gülhanə Hərbi Tibb Akademiyasında olarkən söylədiyi "Bizim orduda da, bizim ölkədə də bu cür əzəmətli hərbi tibb müəssisəsi olacaqdır" sözləri artıq reallığa çevrilib".
Baş Klinik Hospitalın kollektivinin həm Birinci Qarabağ müharibəsində, həm 2016-cı ilin Aprel döyüşlərində, həm də Vətən müharibəsində yaralanan hərbi qulluqçulara tibbi xidmət göstərərək, öz vəzifə borclarını layiqincə yerinə yetirdiklərindən söz açan tibb xidməti polkovniki xalqımızın haqq savaşında Azərbaycan Ordusunun tibbi təminatının yüksək səviyyədə olduğunu da, Azərbaycan həkiminin fədakarlığını da bir daha təsdiqlədiyini bildirdi. "Vətən müharibəsində həkimlərimiz ağır əməliyyatlar həyata keçirir, yaralıların qısa müddətdə müalicə olunaraq xidmətə qayıtmaları üçün əllərindən gələni əsirgəmirdilər. Döyüş əməliyyatlarında şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, onun təchizatı, maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması da mühüm rol oynadı".
Tibb xidməti polkovniki Vüqar  Mürsəlov çıxışının sonunda şəxsi heyəti əlamətdar gün münasibətilə təbrik etdi, şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzuladı.
Tədbirdə çıxış edənlər Baş Klinik Hospitalda yaradılan müasir şəraitə görə Dövlət Başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmuş müalicə korpusları hərbi qulluqçularımıza və onların ailə üzvlərinə yüksək səviyyədə xidmət göstərməyə imkan verir.
Sonda hərbi hospitalın xidmətdə fərqlənən, yüksək intizamı ilə seçilən bir qrup əməkdaşı fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.

Günay TAĞIYEVA  "Azərbaycan Ordusu"