Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2023 15:38

Təlimlər hərbi bilik və vərdişlər qazandırmaqla yanaşı, yüksək döyüş ruhu aşılayır

Hər dövlətin varlığı, müstəqilliyi və ərazi bütövlüyü onun hərbi gücündən, müdafiə qüdrətindən asılıdır. Zəngin maddi-texniki bazaya, müasir döyüş maşınlarına, silah və sursata, yüksək döyüş qabiliyyətinə malik qüdrətli ordu hər bir xalqın fəxr yeri, qürur mənbəyidir. Çünki güclü ordu ölkənin qüdrəti, el-obanın güvənc yeridir. "Hər bir uğurlu diplomatiyanın arxasında kəskin qılınc dayanır" deyimi də bu baxımdan öz təsdiqini tapır.
Ordunun döyüş qabiliyyəti, gücü isə müharibə dövründə və sülh şəraitində keçirilən genişmiqyaslı hərbi təlimlərdə sınaqdan keçirilir. Hər iki məqamda Azərbaycan Ordusu sınaqlardan başıuca çıxaraq, dünyanın ən güclü ordularından olduğunu dəfərlərlə sübut edib. Şanlı ordumuz Aprel döyüşlərində və  Günnüt zəfərində başlanan zəfər yolunu İkinci Qarabağ müharibəsində Böyük Qələbə ilə tamamladı. Döyüşlərdə ordumuzun nümayiş etdirdiyi yüksək döyüş hazırlığı, şəxsi heyətin hünər və rəşadəti dünya hərb tarixinə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də bütün tədbirlərdə çıxışları zamanı tarixi qələbədən iftixarla danışır, hərbi qulluqçuların şücaətini yüksək qiymətləndirir.
Bu şanlı zəfəri şərtləndirən əsas amillərdən biri də ordumuzun bütün qoşun (qüvvə) növlərinin yüksək peşəkarlıq və döyüş qabiliyyəti nümayiş etdirməsi oldu. Döyüş meydanında qoşun qüvvə növlərinin qarşılıqlı əlaqədə verilən tapşırıqları bacarıqla yerinə yetirməsi qələbəmizi təmin etdi. Bir sözlə, mütəmadi olaraq keçirilən hərbi təlimlərdə şəxsi heyətin  qazandığı döyüş vərdişləri öz bəhrəsini verdi.
Böyük Qələbəmizdə pay sahibi olan bölmələrdən biri də artilleriyaçılarımızdır. Düşmənin illərlə möhkəmlətdiyi sədləri, istehkamları Azərbaycan Ordusunun dəqiq artilleriya atəşləri nəticəsində darmadağın edildi. Xeyli sayda canlı qüvvəsi, texnikaları, komanda məntəqələri artilleriyamızın sərrast atışları ilə məhv olundu. Bir sözlə, İkinci Qarabağ müharibəsində düşmən qüvvələrinin məhv edilməsində və qarşı tərəfin əks-həmlə tətbiq edə bilməməsində artilleriyamızın böyük rolu oldu. Hal-hazırda da ordumuzun bütün qoşun (qüvvə) növlərində olduğu kimi, Raket və Artilleriya Qoşunlarının bölmələrində də mütəmadi olaraq Vətən müharibəsində qazanılan təcrübələrə əsaslanaraq hərbi təlimlər keçirilir, şəxsi heyətin döyüş hazırlığı daha da möhkəmləndirilir.
Cari ilin hazırlıq planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində növbəti dəfə döyüş atışlı taktiki təlimlər keçirildi. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetirdilər. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr "Smerç" reaktiv yaylım atəşi sistemi və "DANA" özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra etdilər. Öz təcrübəsini, bilik və bacarıqlarını şəxsi heyətə aşılayan polkovnik-leytenant Elşən Hüseynov Raket və Artilleriya Qoşunlarının şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək olduğunu deyərək, bölmələrin Ali Baş Komandanın yeni döyüş tapşırıqlarının icrasına  hər an hazır olduğunu bildirdi. Zabit keçirilən təlimlər haqqında məlumat verdi. Təlimin keçirilməsində əsas diqqətin komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də  şəxsi heyətin səhra vərdişlərinin və praktiki vərdişlərinin artırılmasına yönəldiyini vurğuladı. Təlimdə şəxsi heyətin qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edərək, şərti düşmən hədəflərini dəqiq atəş zərbələri ilə məhv etdiyini dedi.
"Ordu quruculuğunda təlimlərin rolu əvəzolunmazdır.  Ən mühüm hərbi əməliyyat tədbiri olan təlimlər şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamının formalaşdırılmasında başlıca rol oynayır. Təlimlər zabitin də, gizirin də, əsgərin də həyatında olduqca önəmlidir, çünki bu sınaq onların hərbi bacarığını, səriştəsini qiymətləndirməyə və daha da möhkəmləndirməyə şərait yaradır. Hərbi təlimlərdə əldə edilən yüksək nailiyyətlər döyüş meydanında qələbənin təminatçısı olur. Bu gün ölkəmizdə İkinci Qarabağ müharibəsində qazanılan təcrübələr nəzərə alınmaqla müxtəlif formalı hərbi təlimlər keçirilir, şəxsi heyətin döyüş hazırlığı səviyyəsi daim yüksəldilir", - deyə zabit bildirdi.
Zabit təlimlərin şəxsi heyətin mənəvi-psixoloji hazırlığına da müsbət təsir etdiyini dedi. "Təlim zamanı şəxsi heyətin verilən tapşırıqları bacarıqla yerinə yetirməyə can atması, əzmkarlıqları onların döyüş ruhunun yüksək olmasından xəbər verirdi. Yüksək döyüş ruhu isə vətənpərvərliyin təzahürüdür. Çünki vətənpərvərlik elə ali duyğudur ki, insanı zirvələrə yüksəldir, ona qəhrəmanlıq, fədakarlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə, dövlətçiliyə bağlılıq aşılayır. Ona görə də zabit və əsgərlərimizin qəlbində sonsuz Vətən sevgisinin olması, milli-mənəvi dəyərlərimizə sadiqlikləri müqəddəs vəzifələrinin öhdəsindən layiqincə gəlmələrində mühüm rol oynayır. Bir sözlə, belə təlimlər şəxsi heyətə hərbi bilik və vərdişlər qazandırmaqla yanaşı, yüksək döyüş ruhu və vətənpərvərlik aşılayır".
Sonra təlim meydanında "Smerç" reaktiv-yaylım atəşi sisteminin heyəti ilə görüşdük. Təlimdə fərqlənmiş hərbi qulluqçuları tanımaq, onların hər biri haqqında qeydlər götürmək, qətiyyətli sözlərini eşitmək xoş hisslər yaşatdı. Döyüş maşının yanında mayor Vaqif Mustafayev heyət haqqında məlumat verərək dedi:
- Artilleriya müharibənin taleyində vacib sayılan döyüş növlərindən biridir və düşmənin darmadağın edilməsində mühüm rola malikdir. Bu gün hərb tariximizə tam artilleriya generalları Səməd bəy Mehmandarovun və Əlağa Şıxlinskinin adları qızıl hərflərlə həkk olunub. Təkcə Azərbaycanda deyil, bütün dünya hərb elmində bu məşhur sərkərdələrin öz dəsti-xətti vardır. Bu gün biz də belə dəyərli hərb xadimlərinin bilik və nəzəriyyəsindən öyrənməyə, təlim və məşqlərdə şəxsi heyətimizə nümunə göstərməyə çalışırıq. Müdafiə nazirimizin də qeyd etdiyi kimi, Vətənə, xalqa və dövlətə xidmət etməyi ömrümüzün mənası bilərək, nümunəvi xidmət etməyə can atır, təlim-məşqlərdə bilik və bacarıqlarımızı artıraraq döyüş qabiliyyətimizi daha da möhkəmlətməyə səy göstəririk. Şəxsi heyət öz növbəsində bütün tapşırıqların öhdəsindən bacarıqla gəldi. Döyüş texnikasının heyəti ixtisaslarına yaxşı bələd olduqlarını göstərdilər. Hər biri təlim-döyüş tapşırıqlarını normativlərə uyğun yerinə yetirərək, verilən koordinantlara uyğun şərti hədəflərə düzgün atəş açdılar. Bu da hər birimizin döyüş əzminə müsbət təsir edir. Çünki hər işdə belədir, əziyyətinin bəhrəsini görəndə sevinirsən, işini daha həvəslə görürsən. Biz də sevinirik ki, şəxsi heyətimizə hərbi bilik və vərdişlər aşılaya bilmişik və istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə qadirik.
"DANA" özüyeriyən haubitsaların da heyəti ilə həmsöhbət olduq. Baş leytenant Araz Ağazadə təlim zamanı şəxsi heyətin bütün normativləri bacarıqla yerinə yetirdiyini bildirdi. "Belə təlimlər döyüş hazırlığımızı üzə çıxaran əsas vasitədir. Bölməmizin qazandığı uğurlarda komandirlərlə yanaşı, hər kəsin payı vardır. Çünki hamı üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlir. Təlimlər göstərir ki, keçirilən dərs və məşğələlərdə şəxsi heyət yetərincə nəzəri biliklərə və döyüş maşınının sirlərinə yiyələniblər. Belə əhəmiyyətli və müasir döyüş texnikasına malik olmağımız dövlətimizin iqtisadi gücünün,  Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərməsinin bariz nümunəsidir. "DANA" özüyeriyən haubitsaları artilleriya qoşunlarımıza atəş təhlükəsizliyi, hədəflərin dəqiq məhvi, atəşin tez bir zamanda və təhlükəsiz açılması, yüksək manevrlilik və bundan əlavə bir sıra üstünlüklər verdi. Bu üstünlüklər isə İkinci Qarabağ müharibəsi zamanı təsdiqini tapdı. Öz sələfləri arasında sürətə, manevrə malik olan, çətin relyeflərdə sərbəst hərəkət edən, bilavasitə tez bir zamanda atəş açaraq, atəş mövqeyini dəyişən bu qurğular döyüşlər zamanı cəbhənin müxtəlif istiqamətində peyda olub, uzaq məsafəyə dəqiq atəş açaraq düşməni texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qoydu.  Yüksək döyüş qabiliyyətinə malik olan belə qurğuların öyrənilməsində və ondan sərrast atəş açmaq bacarığına yiyələnməkdə belə təlimlərin rolu böyükdür", - baş leytenant Araz Ağazadə dedi.
Zabitin dediklərinin təlim zamanı əyani şahidi olduq. Artilleriyaçılarımızın açdıqları atəşin dəqiq hədəflərə dəyməsi və digər normativləri vaxtında yerinə yetirməsi, onların bu qurğuların taktiki-texniki xüsusiyyətləri və istifadəsi ilə yaxından tanış olduqlarını nümayiş etdirdi. Ümumiyyətlə, artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri zamanı apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, hərbi biliklərə yetərincə yiyələnən, fiziki cəhətdən hazırlıqlı olan artilleriyaçılarımız müasir texnika və silahlardan bacarıqla istifadə edə bilir, bu sahədə təcrübələrini durmadan təkmilləşdirir, yeni nəticələr əldə etməyə çalışırlar.

Mahmud MÖHBALIYEV, Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"