Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2023 14:26

Şairin yaradıcılığına və şəhidə həsr olunan ədəbi məclis təşkil edildi

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kitabxanasında Malik Əhmədoğlunun yaradıcılığına və şəhid qardaşının döyüş yoluna həsr olunan ədəbi məclis təşkil edildi. Məclisdə şairlər, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Kitabxananın rəisi Zəminə Xınalı qonaqları salamlayaraq təşkil edilən məclisin əhəmiyyətindən söz açdı. "Bu gün burada yaradıcılığını torpağına, bir vaxtlar işğal altında olan yurduna, şəhidlərimizə həsr edən Malik Əhmədoğlunun sözünün işığına toplanmışıq. Məclisimizdə iştirak edənlər onun istedadına, qələminə yaxından bələddir. Burada toplanmağımız da Aprel döyüşləri ərəfəsinə təsadüf edir. Bu döyüşlər Vətən müharibəsində qazandığımız qələbələrin başlanğıcı oldu.  Şəhidlərimizin xatirələrini həmişə yad edirik, onları xatırlayırıq, unutmuruq".
Şairin həmyerlisi, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev uşaqlıq xatirələrindən danışaraq bildirdi ki, Cəbrayıl rayonunun Dağtumas kəndində Maliklə bir məktəbdə oxuyurduq. O, məndən bir sinif yuxarı oxuyurdu. Qardaşı Söhrab Məmmədov da yaxşı, mərd oğlan idi. 1992-ci il Birinci Qarabağ müharibəsində o da iştirak etdi. İyirmi yaşlı əsgər 1993-cü ilin martında gedən gərgin döyüşlərdə  şəhid oldu. Malik Əhmədoğlu uzun illərdən sonra Cəbrayıla - doğma yurduna səfər edən zaman şəhid qardaşının sinə daşı qucağında onun qəbrini ziyarətə getmişdi. Bu ağrılı səhnə olduqca təsirli oldu".
Şair Əzizə Ağahüseynqızı Malik Əhmədoğlunun yaradıcılığının rəngarəngliyindən danışaraq qeyd etdi ki, şair istər təbiət, istər Vətən, torpaq, yurd, istərsə də sevgiyə həsr etdiyi şeirlərində hisslərini poetik şəkildə ifadə etməyi bacarır. Belə tədbirlərin Cəbrayılda və işğaldan azad edilən digər rayonlarımızda da təşkil olunmasını arzu edən Əzizə Ağahüseynqızı "Salam, Şuşam" adlı yeni kitabını tədbir iştirakçılarına təqdim etdi.
Tədbirdə iştirak edən digər şair və yazıçılar da şəhidlərimiz haqqında şeirlər oxudular.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən mahnılar ifa etdilər.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"