Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2023 14:26

“Aprel döyüşləri Böyük Zəfərin başlanğıcıdır”

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanasında "Şanlı qələbəmiz - Aprel döyüşləri" adlı tədbir keçirildi. Aprel döyüşlərinin yeddinci ildönümünə həsr olunmuş tədbirdə kitabxananın əməkdaşları, Azərbaycanın Milli Qəhrəmanı Eldar Məmmədov adına 189-190 nömrəli tam orta məktəbin hərbi çağırışaqədərki hazırlıq üzrə rəhbəri və şagirdləri iştirak etdilər.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Səbail rayon MKS Mərkəzi Kitabxanasının direktoru Nərmin Xəlilova tədbiri açıq elan edərək, Aprel döyüşlərində xalq-dövlət-ordu birliyindən danışdı. Xalq, dövlət, ordu birliyinin ölkədə böyük ruh yüksəkliyi yaratdığını, şəhidlərimizin dəfninin təntənəli təşkil edildiyini dedi: "Aprel döyüşləri toraqlarımızın işğaldan azad edilməsinə gedən yolun başlanğıcı idi. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz 1994-cü il atəşkəs razılaşmasından 22 il sonra erməni hərbi birləşmələrinin təxribatına qarşı uğurlu əks-hücum əməliyyatı keçirərək, bəzi istiqamətlərdə strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etdi. Aprel döyüşləri Böyük Zəfərin başlanğıcı oldu. Bu döyüşlər Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının azadlığına gedən yolda dönüş nöqtəsi oldu, ordumuzun gücünü, qüdrətini, qələbə əzmini göstərdi, xalqımızın heç zaman işğalla barışmayacağını düşmənə anlatdı, Ermənistan ordusunun məğlubedilməzlik mifini darmadağın etdi. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların nigaran ruhları bu gün şaddır - uğrunda şəhid olduğu torpaqlarda bərpa-quruculuq işləri aparılır, sakinlər öz doğma yurd yerlərinə dönürlər. Onlar xalqımızın xoşbəxt rifahı naminə canlarından keçdilər. Şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq".
Tədbirdə çıxış edən hərbi çağırışaqədərki hazırlıq üzrə 189-190 nömrəli məktəbin hərbi rəhbəri, Birinci Qarabağ müharibəsi veteranı Bağır Bağırov gənclərimizdə hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və şagirdlərdə hərb sənətinə marağın artırılması istiqamətində görülən işlərdən danışdı. Orta məktəblərdə hər il keçirilən "Şahinlər" və "Cəsurlar" hərbi oyunlarının gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsində böyük rolu olduğunu dedi. Hərbi rəhbər dərslərdə gənclərə qəhrəmanlıq tariximizdən, şəhidlərimizin şanlı döyüş yollarından, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Böyük Qələbədən, ordumuzun gündən-günə artırılan maddi-texniki təminatından daim danışdığını və belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğuladı.
Sonda tədbir iştirakçılarına "Şanlı qələbəmiz - Aprel döyüşləri" adlı elektron sərgi və videoçarx nümayiş olundu.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"