Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2023 14:26

“Xidmətimi uğurla başa vuracağım üçün qürurlanıram”

"N" hərbi hissəsində ordu həyatının gənclərə aşıladığı keyfiyyətlər barədə əsgərlərlə söhbətləşdim. Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirən igidlərimizə "Hərbi xidmət sizə nə qazandırdı?" sualını ünvanladım. Hər biri bu sualı özünəməxsus tərzdə maraqlı fikirlərlə cavablandırdı.
Əsgər İbad Ağayev dözümlülük, mərdlik kimi insani keyfiyyətlərin nə olduğunu hərbi xidmət dövründə anladığını bildirdi. "Xidmət dövrümdə komandirlərimin, əsgər yoldaşlarımın hörmət və rəğbətini qazanmaq üçün intizamlı olmağa, verilən əmr və tapşırıqları vaxtında yerinə yetirməyə çalışmışam. Hər zaman nümunəvi əsgər olaraq seçilmək üçün səy göstərmişəm. Hər kəs kimi mən də hərbin sirlərini dərindən mənimsəmək üçün komandirlərin öyrətdiklərini diqqətlə dinləmişəm. Anlayıram ki, savadlı, bacarıqlı, qorxmaz əsgər döyüş meydanında qalib əsgərdir. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə iştirak edə bilməsəm də, bu gün qalib ordunun əsgəri olduğuma görə çox sevinirəm. Hərbi xidmətimi başa vurub tərxis olmağıma az qalsa da, ərazi bütövlüyümüzə qarşı hər hansı təhdid olarsa, silaha sarılıb Vətənin müdafiəsinə qoşulmağa hər zaman hazıram".
Tərxis olunmağına sayılı günlər qalan əsgər Peyman Fərəcov söhbətimizə qoşuldu. Peyman hərbi xidmətdə yeni dostlar qazandığını deyərək sözə başladı. "Etiraf edim ki, xidmətimi başa vurduğum üçün sevinc hissi ilə qarışıq kədər hissi də yaşayıram. Sevinirəm ki, ailəmin yanına başıuca qayıdacağam. Kədərlənməyim isə ikinci ailəm bildiyim hərbçi yoldaşlarımdan, komandirlərimdən ayrılmağımdır. Hamı kimi, mən də xidmətə başlamamışdan əvvəl bunun çətin olacağını düşünürdüm. Ancaq ilk günlərdən komandirlərimizin diqqət və qayğısı, həmçinin əsgər yoldaşlarımın dəstəyi ilə hərbin sirlərini öyrənməyin, əslində, çətin olmadığını anladım. Xidmət yoldaşlarım üçün darıxacağam".
Əsgər Murad Lətifzadə isə hərbi sirlərə dərindən yiyələnməsini, silahlardan düzgün istifadə qaydalarını, intizamlı, məsuliyyətli olmağı öyrəndiyini qeyd etdi. "Təcrübəli zabitlərimizin köməkliyi ilə həm hərbi biliklərə yiyələnmişik, həm də həyata baxış tərzimiz dəyişib. Hərbi xidmət dövründə səhərin erkən saatlarında idman ilə məşğul olmağımız, gün ərzində qida rasionuna uyğun qidalanmağımız sağlam həyat tərzi yaşamağımızın bariz nümunəsidir.
Bundan başqa mütəmadi olaraq atəş hazırlığı dərslərində hədəfə düzgün atəş açmaq qaydalarını öyrənib, atıcılıq vərdişləri qazandım. Əsgəri xidmətim məndə Vətənə bağlılıq, vətənpərvərlik hisslərini daha da gücləndirməklə yanaşı, mətinlik, dözümlülük, qorxmazlıq formalaşdırdı. Fiziki hazırlığımı yüksəltməyimdə, mənəvi-psixoloji cəhətdən formalaşmağımda, həyatın çətinlikləri ilə ayaqlaşmağı öyrənməyimdə əməyi olan bütün komandirlərimə minnətdaram. Burada öyrəndiklərimi heç bir zaman unutmayacaq, hər zaman qəhrəman oğullarımızın bizə əmanət qoyduğu torpaqlarımızı qorumaq üçün döyüşməyə hazır olacağam", - Murad dedi.
Rəvan İlyaslı nümunəvi xidməti ilə seçilən əsgərlərdəndir. Ordu sıralarından tərxis olunmağa hazırlaşan müsahibim söhbətə başlayaraq komandirlərinin nəzərində nümunəvi əsgər adını qazandığı üçün qürur duyduğunu bildirdi. "Hər bir gənc kimi mən də hərbi xidmətimi layiqincə başa vurub ailəmin yanına qayıdacağım üçün sevincliyəm. Hərbi xidmətim dövründə qazandığım bir çox şeylər oldu. İbad, Murad, Peyman kimi dostlar tanıdım. Mərd, qorxmaz, cəsarətli olmağı, birliyi öyrəndim. Dövlətimizin hərbçilər üçün yaratdığı yüksək şəraitin, Azərbaycan Ordusunun gücünün, qüdrətinin, yaxından şahidi oldum. Regionun güclü ordusunda xidmət etdiyim və xidmətimi uğurla başa vuracağım üçün qürurlanıram", - deyə əsgər bildirdi.
Əsgərlərimizin Vətənə bağlılıqlarını üzlərindəki ifadələrdən görmək bizləri fərəhləndirdi. Hərbi kollektiv arasındakı dostluq münasibəti, bir-birinə arxa-dayaq olmaları sevindirici haldır. Digər əsgərlər də tərxis olunsalar belə şəhidlərimizin qanı hesabına azad edilən torpaqlarımızı hər zaman qorumağa, Müzəffər Ali Baş Komandan İlham Əliyevin istənilən tapşırığını uğurla icra etməyə hazır olduqlarını bildirdilər.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"