Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2023 14:26

Sıra dağlar, Vətən belə qorunur!..

Təkəm-seyrək boy göstərən çiçəklərin ləçəklərinin tərpənişindədi yazın gəlişi, dağların duruşundadı, kəndin yolları boyunca ucalığa yol alanların yerişindədi. Yazın gəlişinin yolgöstərənliyi ilə dağlara söykənmiş əsgərlərimizin görüşünə uğur üstəyik...
Yollar həmin yollardı. Üç il əvvələ kimi ağsaqqallar bu yollardan keçən əsgərlərə məmləkətin adından "Torpaqlarımızı işğaldan azad edin!" - deyərdilər. 2020-ci ilin noyabrından üzü bu yana səngərlərdən enənlərə "Sağ olun, ay oğul, işğalı sonlandırdınız!" - deyirlər. Üç il əvvələ kimi tərsə əsən yellər yolların ilmələrini sökürdü, indi yellər yollara incəliklə sığal çəkir...
Üç il əvvələ kimi ilin bu vaxtı çiçəklərin ləçəklərini dərd darayırdı, indi çiçəklərin ləçəklərini  dan yeri sökülüncə mehr-ülfət qundaqlayır...
Dan yeri sökülüb. Səngərlərə bu ovqatla çatmaqdayıq. Bu ilin ilk yazında ağacların çiçəklərə bürünmüş budaqlarında tərpəniş hiss olunmur, elə bil çiçəklərin tumurcuq köynəyinin söküləcəyindən, ləçəklərin torpağa töküləcəyindən, gözəlliyin çəkiləcəyindən çəkinir. Nəfəs-nəfəsə dayananda əsgərlərə bunları da deyəcəm, niyyətlərin gerçəkləşməsinin ağacların çiçəkləməsinə bənzədiyini də. Onu da deyəcəm ki, əsgər niyyətində gözəllik görən təbiət daha da gözəlləşir. Onda döyüş növbətçiliyinə gedənlərin də, döyüş növbətçiliyindən qayıdanların da baxışlarında məmnunluq görəcəyik.
Leytenant Samir Musayev döyüş növbətçiliyinə hazırlaşan əsgərlərə təlimat verir. Əsgərlər döyüş növbətçiliyinin necə aparıldığını bilirlər, xidmətləri müddətində bunu mükəmməl mənimsəyiblər. Döyüş növbətçiliyində düşmənin bütün tərpənişlərini nəzarətdə saxlayırlar, müşahidə etdikləri şübhəli hərəkətləri məruzə edirlər...
Öyrənirik ki, İkinci Qarabağ müharibəsinə kimi ara-sıra bu mövqelərdə də atəşkəsi pozanda niyyəti güllələnən düşmən son vaxtlar mövqelərimizə yaxınlaşmağa  cəsarət etmir. Hər tərpənişində ağır itkiyə məruz qaldığına görə, Azərbaycan Ordusunun gücünü gördüyünə görə, məğlub dövlətin məğlub ordusunun əsgəri olduğuna görə, ...
- Döyüş növbətçiliyində diqqətin yayınmaması olduqca gərəklidir, növbətçilik məhz bununla başlayır. Diqqətin ani olaraq yayınması döyüş növbətçiliyi aparan əsgərin vaxta, müddətə məğlubiyyəti deməkdir. Belə məğlubiyyətin ağır nəticələri də ola bilər. Əsgərlərimiz hərbi xidmətin bu vacib mərhələsini məsuliyyətlə yerinə yetirirlər. Döyüş növbətçiliyinə gedən əsgərlərə qısamüddətli təlimatda olduqca diqqətli olmağı bir daha xatırladırıq, - leytenant Samir Musayev belə deyir. Zabit onu da deyir ki, asudə vaxtlarda əsgərlərlə Vətəndən, torpaqdan da danışırıq. Bu da döyüş növbətçiliyinin mahiyyətinin daha əhatəli dərki üçündür. Əsgərlərimiz bilirlər ki, İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra aparılan döyüş növbətçiliyi Zəfərin davamıdır...
İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə, səngərlərdə söhbətləşəndə əsgərlərdən biri demişdi ki, Hərbi andı qəbul edən hər əsgərin hərbi xidməti döyüş növbətçiliyindən başlayır. Hər döyüş növbətçiliyi əsgəri daha da mətinləşdirir, onun Vətən sevgisini daha da artırır. Onda əsgərin səmimiyyətlə dedikləri gözəl bir mövzu olmuşdu, əsgərlər gözəl fikirlər demişdilər. Onların düşüncələri hamımıza könül xoşluğu vermişdi...
İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə, səngərdə əsgərin dediyi "Hərbi xidmət döyüş növbətçiliyi ilə başlayır" fikrinin davamını İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra döyüş növbətçiliyi aparan əsgərlərdən eşitmişdim, eşitdiklərimi Zəfərin qüdrəti kimi dinləmişdim. Bu xatırlatmam bu gün döyüş növbətçiliyi aparan əsgərlərin qüruruna dönür. Bu düşüncələri İkinci Qarabağ müharibəsindən əvvəl də  Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığının tərkib hissələrindən biri bilirdik, indi də belə bilirik. Bir daha əmin oluruq ki, bu qürurun mahiyyəti həm də yüksək döyüş hazırlığıdır...
Üç il əvvəlin səngərli xatırlatmaları söhbətimizin başlanğıcına dönür...
- Döyüş növbətçiliyində əsgərin düşüncələrində ancaq Vətən olur - əsgər olur, tapşırılmış müşahidə sahəsi olur, bir də müşahidə sahəsinin qarşı tərəfi, - əsgər Fariz Əliyev düşündürücü bir mətləbdən danışır.
Əsgər Nihad Quliyev İkinci Qarabağ müharibəsində qazanılan qələbəni şərtləndirən amillərin birindən söz açır:
- Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Azərbaycan əsgərinin yüksək döyüş və mənəvi-psixoloji hazırlığının...
Əsgər Nihad Quliyevin fikrini əsgər Seyfəl Alıyev tamamlayır:
- ...yəni, müharibəyə qədər apardığı məsuliyyətli döyüş növbətçiliyinin nəticəsi idi...
- Əslində, hər vətəndaş son nəfəsinəcən Vətən üçün döyüş növbətçiliyindədi, - deyirəm. Fikrim bəyənilir....
Könlüm həzin-həzin əsən yellərə qarışıb qarşı tərəfə - sıra dağlara həvəsiyir. Görəsən, sıra dağlar ruhumun pıçıltısını eşidirmi: Sıra dağlar, Vətən belə qorunub, sıra dağlar, Vətən belə qorunur!..
- Mənə elə gəlir ki, Vətənin nə olduğu həmin anlarda daha böyük sevgilərlə dərk edilir, - deyirəm. Leytenant Samir Musayev əsgərlərə baxır. Söhbətin mahiyyətini hərbi xidmətlərinə inamımız bilən əsgərlərin baxışlarında şükranlıq duyulur...
Döyüş növbətçiliyinə hazırlaşan əsgərlərin - Fərid Axundovun, Seyfəl Alıyevin, Nihad Quliyevin baxışlarında gördüyüm qətiyyət İkinci Qarabağ müharibəsində döyüşənlərimizin baxışlarında gördüyüm qətiyyətin eynidir. Kiçik çavuş Elşən Alıyev deyir ki, döyüş növbətçiliyi ilə gerçək döyüş arasında yeganə fərq barmağın avtomatın tətiyini sıxmağındadı. Döyüş növbətçiliyində də barmaq tətikdə, bütün diqqət düşməndə olur, döyüşlərdə də. Döyüş növbətçiliyində zərurət olmasa - düşmən əsgərin müşahidə sektoruna yaxınlaşmasa, döyüş növbətçiliyi aparan əsgərin barmağı avtomatın tətiyini sıxmır, döyüş növbətçiliyi bitənə kimi əsgərin barmağı tətikdən üzülmür.
- 2020-ci ilin payızında hərbi xidmətdəydim. Döyüş növbətçiliyindən döyüşə getmək hamı kimi mənim də istəyim idi. İkinci Qarabağ müharibəsi başlayanda bizim hərbi hissəmizi də döyüşlərə cəlb etdilər. Döyüşlərdə mən də iştirak etdim. Ordumuz tarixi Zəfər qazandı. İndi bu hərbi hissədə xidmət edirəm. Döyüş növbətçiliyinə gerçək döyüş ovqatıyla gedən əsgərlərimizin hərbi xidmətə marağı təcrübəli əsgərləri də, zabitləri də sevindirir, - leytenant Samir Musayev əsgərin fikrini belə tamamlayır.  
Xatırladıram ki, bir neçə ay əvvəl hərbi hissələrdən birində təlim keçirilirdi. Şaxta, sazaq olsa da, əsgərlərin təlimdə iştirakından razı qalan polkovnik Pərviz Pirməmmədov demişdi ki, təlimin mahiyyəti də döyüşdü. Təlimdə gerçək döyüş ovqatıyla iştirak etməyən əsgər yüksək döyüş hazırlığına malik ola bilməz. Mayor Elsevər Hüseynov bu xatırlatmanın döyüş növbətçiliyində də gərəkli tezis olduğunu, hərbi hissələrdə döyüş növbətçiliyinin belə aparıldığını bildirir, döyüş növbətçiliyinin hər mövqenin özünəməxsusluğuna uyğunlaşdırıldığını da qeyd edir. Onu da deyir ki, hər təlim konkret mövzunu əhatələyir. Mövzu əsgərlərə izah olunur, mərhələləri öyrədilir, sonra kompleks halda həyata keçirilir. Əsgər son mərhələdə özünü döyüşdə hiss edir. Buna müntəzəm məşğələlərlə nail olunur. Hər döyüş növbətçiliyi mahiyyəti baxımından təlim xarakterlidir - əsgəri təkmilləşdirir, püxtələşdirir. Bu mövqedə məsuliyyətlə döyüş növbətçiliyi aparan əsgərlərin hamısı yüksək döyüş hazırlığına malikdir.
Əsgər Nihad Quliyev deyir ki, Hərbi and içdiyim günü, bir də ilk dəfə döyüş növbətçiliyinə getdiyim günü heç zaman unutmayacam, unuda bilməyəcəm. İlk dəfə döyüş növbətçiliyinə gedəndə bir qədər həyəcanlı, bir qədər də narahat idim. Bu narahatlıq məsuliyyətin narahatlığı idi. Anlar ötüşüncə hansı duyğuların təsiriyləsə, mənə elə gəlmişdi ki, kürəyim ordumuza söykənib, ordumuz - xalqımıza, tək deyiləm. İstənilən döyüşdə qalib gələrəm.
Əsgər Fərid Axundov əsgər yoldaşının sözünə qüvvət kimi deyir ki, döyüş növbətçiliyi bizim döyüşümüzdür. Leytenant Samir Musayev əsgərin fikrini dəqiqləşdirir:
- Döyüşsüz döyüşdü, buna Vətən sevgisinin döyüşü də deyə bilərik.
Əsgər fikrini davam etdirir:
- Döyüş növbətçiliyi hərbi xidmətimizin mahiyyətidir. Yüksək döyüş hazırlığına malik olan Azərbaycan əsgəri döyüş növbətçiliyini də yüksək səviyyədə, böyük məsuliyyətlə aparır. Bu günün əsgərləri İkinci Qarabağ müharibəsində Zəfər qazanmış əsgərlərin döyüş əzmini də, qələbə ruhunu da məsuliyyətlə davam etdirirlər. Bizdən sonra hərbi xidmətə gələcək əsgərlər də belə davam etdirəcəklər.
Əsgər Kamal Əhmədov deyir ki, hərbi xidmətə gələnə kimi qonşumuz mənə döyüş növbətçiliyindən də danışmışdı. Hərbi xidmətə gələndə komandirimizdən soruşmuşdum ki, döyüş növbətçiliyinə nə vaxt gedəcəm. Təbəssümlə demişdi ki, vaxtında. Vaxtı gələndən indiyə kimi böyük məsuliyyətlə döyüş növbətçiliyi aparıram. Əsgər yoldaşlarımla asudə vaxtlarda söhbətləşəndə mənəvi-psixoloji hazırlığın yüksəldilməsində döyüş növbətçiliyinin əhəmiyyətindən də danışırıq. Komandirimiz deyir ki, döyüş növbətçiliyini böyük məsuliyyətlə aparmaq yüksək döyüş və mənəvi-psixoloji hazırlıq deməkdir. Əsgər yoldaşlarım belə xidmət edirlər...
Əsgərlərə deyirəm ki, İkinci Qarabağ müharibəsindən əvvəl Lələtəpədə ezamiyyətdəydim. Döyüş növbətçiliyindən qayıtmış əsgərlərdən birinin ovucunda torpaq vardı. Əsgər bir ovuc torpağa baxdıqca baxırdı. Səssiz mükalimələşməni "Döyüş növbətçiliyimiz Lələtəpənin o üzündə qalan torpaqlarımızı da nəfəsimizlə beləcə isitmək üçündü. Bu niyyətin əsgəriyik..." - mətləbinə yozmuşdum. İkinci Qarabağ müharibəsində həmin əsgərlər qətiyyətlə döyüşdülər...
Dediklərim əsgərləri duyğulandırır. "Döyüş növbətçiliyimiz həmin əsgərlərin döyüş növbətçiliyinin, xidmətimiz onların xidmətinin davamıdır...", - əsgər Mircavid Əsgərov belə deyir.
Leytenant Samir Musayev əsgərin bəyənilən fikrini bəyənilən fikirlə tamamlayır:
- Azərbaycan əsgəri döyüş növbətçiliyini həmişə yüksək məsuliyyətlə, gerçək döyüş əzmi ilə aparıb. 2020-ci ilin 27 sentyabrında hücuma keçən düşmənin yaxınlaşdığını, hücuma keçdiyini döyüş növbətçiliyi aparan əsgərlərimiz gördü, düşmənin ilk güllələrini döyüş növbətçiliyi aparan həmin əsgərlərimiz cavablandırdı. Yəni, Azərbaycan əsgərinin döyüş növbətçiliyi müharibə şəraitində də, müharibə olmasa da, düşmən niyyətlilərin gəlişinin sipəri olur. 2020-ci ilin 27 sentyabrında düşmən hücumu genişləndirməyə macal tapmadı. Əsgərlərimiz Vətən müharibəsinə kimi ön xətdə, səngərlərdə döyüş növbətçiliyindən birbaşa döyüşlərə getməyi arzulayırdılar. Onların arzusunu Ali Baş Komandanın əks-hücum əmri gerçəkləşdirdi. İkinci Qarabağ müharibəsi başladı...
Ordumuz Zəfər qazandı...
Dağlara sarı pıçıldayıram: Sıra dağlar, Vətən belə qorunur!..

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"