Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2023 11:00

“Qeyrət təcəssümü” kitabının üçüncü təqdimatı Naxçıvanda keçirildi

"Vətən fədailəri" layihəsinin rəhbəri, şairə-publisist Manya Səxavətqızının şəhid Toğrul Məmmədova həsr etdiyi "Qeyrət təcəssümü" adlı kitabın üçüncü təqdimatı böyük zəfərin başlanğıcı olan Aprel döyüşlərinin yeddinci ildönümü ərəfəsində Naxçıvan şəhərində keçirilib. Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabitləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Türkiyənin Naxçıvandakı baş konsulu, şəhid ailələri, müharibə veteranları, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aprel döyüşləri, eləcə də tarixi zəfərlə bağlı etdiyi çıxışı tədbir iştirakçılarına təqdim edilib.
Kitabın müəllifi Manya Səxavətqızı çıxış edərək bildirib ki, "Vətən fədailəri" layihəsi çərçivəsində dərc olunan kitablardan biri Naxçıvan şəhidlərinə həsr olunub. 4-cü nəşr olan "Qeyrət təcəssümü" kitabında şəhid kapitan Toğrul Məmmədovun döyüş yolundan bəhs olunub. Bildirilib ki, Məmmədov Toğrul Səyyad oğlu 1988-ci il iyulun 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseyin məzunu olan Toğrul Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) mühəndis-istehkam ixtisası üzrə təhsilini başa vurub. "N" hərbi hissəsində xidmətə başlayıb. Hər zaman ön cəbhədə düşmənlə üz-üzə xidmət edən Toğrul Məmmədov Azərbaycan Ordusunun peşəkar zabitlərindən biri olub və çoxsaylı döyüş əməliyyatlarında, o cümlədən 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. Yaralansa da, döyüşlərdə sona qədər mübarizə aparıb. Həmin döyüşlərdə komandiri Raquf Orucov və dostu Nəcməddin Savalanov şəhid olublar. 2016-cı il iyulun 14-də isə Toğrul Məmmədov düşmənin atəşkəsi pozması nəticəsində şəhid olub. Şəhadətindən sonra müdafiə nazirinin müvafiq əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.
Tədbirdə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları - Anar İbrahimov və Etimad Məmmədov, Ağdam rayon İcra Hakimiyyətinin müavini Xəqani Nəzərov çıxış ediblər.
Çıxış edənlər böyük zəfərimizin başlanğıcı olan Aprel döyüşlərindən, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən bəhs ediblər. Qeyd olunub ki, Ali Baş Komandanın qətiyyətli mövqeyi, eləcə də xalq-ordu birliyi əzəli torpaqlarımıza qayıdışımıza yol açdı. Bu gün torpaqlarımız etibarlı şəkildə qorunur, azad olunmuş ərazilərdə tikinti-quruculuq işləri davam edir. 30 illik həsrətə son verən, hər qarış torpaq uğrunda qan tökən şəhidlərimiz unudulmur, onların şərəfli döyüş yolu barədə kitablar nəşr olunur. Manya Səxavətqızının "Qeyrət təcəssümü" adlı kitabı da bu qəbildəndir.
Tədbirdə çıxış edən şəhid anaları, o cümlədən Toğrul Məmmədovun silahdaşı, baş gizir Səyyaf Əhmədov, şəhid kapitan Nəcməddin Savalanovun anası Ramilə Savalanova Vətən fədailərinin igidliklərinin təbliği istiqamətində görülən işlərin, keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, "Qeyrət təcəssümü" kitabı da bu baxımdan qiymətlidir.
Tədbirdə müəllimləri, dostları, döyüş yoldaşları şəhid Toğrul Məmmədovla bağlı xatirələrini bölüşüblər.
Müəllifin "Qisasın alındı" şeirinə bəstələnən mahnı təqdim olunub. Şəhidin bacısı Şəbnəm Məmmədovanın dərs dediyi şagirdlər - Şıxmahmud məktəblilərinin ifasında təqdim olunan bədii kompozisiya alqışlarla qarşılanıb. "Qeyrət təcəssümü" kitabı tədbir iştirakçılarına hədiyyə olunub.

Ruhiyyə RƏSULOVA Naxçıvan televiziyasının baş redaktoru