Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2023 11:00

“Xidmətimdən qürur duyuram”

Kiçik leytenant Vidadi Şükürov İkinci Qarabağ müharibəsində iştirak edən və igidlik göstərən hərbçilərimizdəndir. Torpaqlarımızın azadlığı uğrunda üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib. Göstərdiyi igidliyə görə kiçik leytenant Şükürov Vidadi Gülbala oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "İgidliyə görə" və "Ağdamın azad olunmasına görə" medallarına layiq görülüb.
Vidadi Cəlilabad rayonunun Eçara kəndində anadan olub. Orta təhsilini kəndlərindəki şəhid Sərdar Sadiqovun adını daşıyan məktəbdə alıb. 2011-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Vətən qarşısındakı övladlıq borcunu cəbhə bölgəsində yerləşən hərbi hissədə yerinə yetirib. Xidmətini başa vurduqdan sonra həyatını orduya bağlayıb. 2013-cü ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursu keçib. Burada hərbi biliklərə yiyələnib, təcrübəsini artırıb. Kursu uğurla başa vurduqdan sonra "N" hərbi hissəsində xidmətə başlayıb.
Vidadi Aprel döyüşlərində də iştirak edib. Həmin günlərdə Tərtər, Beyləqan və Füzuli istiqamətlərində vuruşub. Döyüşlərdən sonra xidməti vəzifələrini bacarıqla yerinə yetirən Vidadi Şükürov daha da böyük uğurlar qazanmaq üçün keçirilən təlim-məşqlərdə hərbi biliklərini daim artırıb. Tabeliyində olan şəxsi heyəti torpaqlarımızın azadlığı uğrunda başlanacaq döyüşlərə hazırlayıb. V.Şükürov əsgərlərə təkcə hərbi bilikləri öyrətmirdi, onlara Vətən sevgisi də aşılayırdı. Yaxşı bilirdi ki, Vətən sevgisi ilə yüksək döyüş hazırlığı birləşəndə qələbə qazanılır.
27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlanan günü Vidadi Şükürov da hərbçi yoldaşları kimi döyüşlərə yollanıb. Gizir həmin günü belə xatırladı:
- Mövqelərimiz üzərinə hücuma keçmiş düşmən irəliləməyə, yeni ərazilərimizi ələ keçirməyə can atırdı. İşğalçıların qarşısını almaq üçün Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatına başladıq. Hamımız üzərimizə düşən döyüş tapşırıqlarını cəsarətlə yerinə yetirirdik. Döyüşlərin gedişatında bölüyümüzü Xocavənd istiqamətinə göndərdilər. Həmin günlər torpaqlarımızın hər addımı uğrunda qanlı döyüş gedirdi. Düşmən nə qədər müqavimət göstərməyə çalışsa da, işğalçıları məhv edə-edə doğma Qarabağımıza doğru irəliləyirdik. Getdikcə qüvvəsini itirən ermənilər qarşımızda dayana bilmirdilər. Qələbəyə gedən yollar üzümüzə daha da geniş açılmışdı. Noyabrın 10-da düşmən kapitulyasiya aktına imza atdı. Azərbaycan Ordusu Böyük Qələbə qazandı.
İkinci Qarabağ müharibəsində gizir kimi döyüşən V.Şükürov 12 sentyabr 2022-ci ildə qanunsuz erməni silahlılarının təxribatlarının qarşısının alınması məqsədilə keçirilən (antiterror) əməliyyatında kiçik leytenant kimi iştirak edib. Əməliyyat zamanı zabit kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib. İnanırıq ki, kiçik leytenant Vidadi Şükürov bundan sonra da xidmətində ürəkaçan uğurlar qazanacaq.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"