Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Aprel 2023 17:04

“Qazanan dostluğumuzdur”

Müasir Azərbaycan Ordusunda yaradılan yüksək şərait, təlimlər, məşğələlər, günün nizam qaydasına uyğun olaraq həyata keçirilən digər bütün fəaliyyətlər bir məqsədə xidmət edir - yüksək döyüş hazırlığı ilə yanaşı, gənclərin hərtərəfli inkişafına, mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə. Bu məqsədə nail olmaq üçün ordumuzun bütün bölmələrində ürəkaçan şərait yaradıldığının hər addımda şahidi oluruq. Artıq İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə dislokasiya olunan bölmələrin də xidmət şəraiti yüksək səviyyəyə çatdırılıb. Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində 30 ilə yaxındır viran qalan ərazilərdə sürətlə yenidənqurma işləri aparılır. Bölmələrimiz üçün hər cür infrastrukturla təmin olunmuş hərbi hissələr tikilib. Belə şərait isə ordu sıralarında xidmət edən gənclərin döyüş ruhunun yüksək olmasına zəmin yaradır.
Təlim və məşğələlərdə döyüş hazırlığını artıran Vətən müdafiəçilərinin bütün qayğıları diqqətdə saxlanılır. Keçirilən məşğələlərlə yanaşı, istirahətləri, asudə vaxtları da yüksək səviyyədə təşkil olunur. Bu da onların mənəvi-psixoloji hazırlığının yüksək olmasına şərait yaradır.
İşğaldan azad olunan ərazilərdə yerləşən "N" hərbi hissəsində  kapitan Kənan Mahmudov da  bu mövzunun əhəmiyyətindən danışdı. Qeyd etdi ki, ordu sıralarında xidmət edən gənclərin asudə vaxtlarının düzgün təşkili də komandirlər qarşısında duran mühüm vəzifələrdən biridir. "İstirahətin mənalı keçirilməsi əsgərin mənəvi-psixoloji durumuna müsbət təsir edən əsas amillərdəndir. Şəxsi heyətin bütün fəaliyyəti kimi, asudə vaxtın təşkili də komandirlərin nəzarəti altında yerinə yetirilir. Əsgər yataqxanasında olan müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları, ideoloji otaqlar asudə vaxtın səmərəli təşkilinə şərait yaradır. Əsgərlərimiz asudə vaxtlarında qəzet və jurnallar oxuyur, hərbi biliklərini artırır, dama, şahmat kimi stolüstü idman oyunları oynayırlar. Bu da onların hərtərəfli inkişafına, dünyagörüşlərinin artırılmasına, zehni inkişaflarına müsbət təsir edir".
Əsgər yataqxanasında zabitin dediklərinin canlı şahidi olduq. Sinif otağında asudə vaxtın səmərəli təşkili üçün əyani vasitələrin hamısı vardı. Həmçinin burada dama və şahmat oynayan əsgərləri də gördük. Maraqlı və gərgin mübarizə gedirdi. Şəxsi heyət arasında mehriban və səmimi münasibət olduğu açıq-aşkar görünürdü.
Əsgərlər Əli Nuri və Səid Cəbrayılov ən sevdikləri məşğuliyyətin şahmat oynamaq olduğunu bildirdilər. Əli əslən Lənkəran rayonundandır. Azərbaycan Kooperasiya Universitetinin məzunudu. Səid isə Ağdaşdandı. Onlar hərbi xidmətə eyni ayda çağırılıblar. Gənc əsgər hazırlığından sonra bu bölməyə təyin olunublar, çiyin-çiyinə xidmət edirlər. Həm silahdaş, həm də möhkəm dost olduqlarını dedilər. "Hər gənc kimi, biz də əsgər olmaqdan qürur duyuruq. Üzərimizə düşən müqəddəs vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə can atırıq. Keçirilən məşğələlərdə fəal iştirak edir, bacarıqlı əsgərlər kimi formalaşırıq. Hərbi xidmətdə döyüş hazırlığı ilə bərabər bir çox üstün keyfiyyətlər də qazanırıq. Asudə vaxtlarda şahmat oynamaq hər ikimizin sevdiyi məşğuliyyətdi. Hərdən birimiz qalib gəlirik. Təbii ki, bu bir oyundur, qazanan isə dostluğumuz olur", - Əli və Səid dedilər.
Digər masada isə İlkin və Amin dama oynayırdılar. Artıq hərəsi bir neçə daşını itirmişdi. Demək olar qalan daşların sayı bərabər idi. Elə oyunun da bərabərə qurtaracağını düşünürdüm. Birdən Amin taktiki gediş edərək, 2 daşını qurban verib, İlkinin 4 daşını qazandı. Beləliklə, oyunun sonunda Amin qalib gəldi. Amin Abdıyev Gəncə şəhərində anadan olub. Dama oynamağı oxuduğu məktəbdə öyrənib və dəfələrlə şagirdlər arasında keçirilən yarışlarda iştirak edib. İlkin Tağıyev isə hərbi xidmətə Neftçala rayonundan çağırılıb. Onlar xidmətlərindən, komandirlərindən, qazandıqları keyfiyyətlərdən danışdılar. "Burada mərd, qorxmaz, cəsur əsgərlər kimi formalaşmışıq. Təcrübəli zabitlərimizdən hərbi bilik və vərdişləri öyrənmişik. Silahımızın xüsusiyyətlərini, ondan bacarıqla istifadə etməyi və digər vəzifə borclarımızı yaxşı mənimsəmişik. Sosial-məişət şəraitimiz və təminatlarımız da qaydasındadır. Bütün fəaliyyətlərimiz belə səmərəli təşkil olunur. Hərbi xidmətdə döyüş vərdişləri qazanmaqla yanaşı, cəmiyyətə yararlı vətəndaşlar kimi də formalaşırıq. Hər birimiz yüksək döyüş ruhunda xidmət edirik və istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə hər an hazırıq".

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"