Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Aprel 2023 17:02

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir

Suallar:
1. Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir.

2. Müasir Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin əsəridir.

 

Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir



Tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşır, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli dövlət xadimləri də bəxş etmişdir.
Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru kimi nadir tarixi simaları sırasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu. Dünya tarixinin başqa dahi şəxsiyyətləri kimi, Ulu Öndər Heydər Əliyev də öz xalqının, doğma Vətəninin müqəddəratının həll olunduğu çox çətin mübarizələrlə, kəskin ziddiyyətlərlə və ağır sınaq məqamları ilə dolu olan bir dövrdə - XX yüzilliyin doğurduğu tarixi şəraitdə yetişmişdir.
1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində dünyaya göz açan Ulu Öndər ilk təhsilini Naxçıvanda alıb. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub. İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib. 1941-1945-ci illərdə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işlədikdən sonra 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. Hər zaman təhsilə böyük önəm verən Ulu Öndər Heydər Əliyev 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə ona general-mayor hərbi rütbəsi verilib. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçilmişdir. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycan Respublikasını Ulu Öndər Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.
Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Ulu Öndər Heydər Əliyev Sovet Azərbaycanını düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və  icrasına başladı. Azərbaycan xalqının tarixində Ulu Öndər Heydər Əliyev dövrü başlandı. Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti ondan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində, XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli-azadlıq hərəkatının yeni mərhələyə - yüksəliş mərhələsinə daxil olması demək idi. Sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan SSR artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi milli və bəşəri dəyərlərə söykənən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində real addımlar atıldı, ölkənin gələcək demokratik inkişaf yolu müəyyənləşdi, insan hüquq və azadlıqlarının bərqərar olması üçün münbit ictimai-siyasi şərait yaradıldı, sahəvi qanunlar işlənib hazırlandı, qanunçuluq möhkəmləndirildi, hüquqi islahatlar həyata keçirildi. Ulu Öndərin formalaşdırdığı azərbaycançılıq fəlsəfəsi milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün zəmin yaratdı. Son yüz ildə çox ciddi məsələ kimi özünü qabarıq göstərən milli dövlətçilik problemi Ulu Öndər Heydər Əliyevin gərgin və ardıcıl fəaliyyəti nəticəsində elmdən, nəzəriyyədən əməli siyasət və praktiki həyat müstəvisinə keçirildi.
Azərbaycan Respublikasında müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ulu Öndərin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycan Respublikasının dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləridir.
Ulu Öndərin vaxtilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik siyasəti milli ordumuzun formalaşması və Azərbaycan Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək onun nəinki Cənubi Qafqazda, dünyada aparıcı hərbi qüvvə olmasına gətirib çıxarmışdır.
Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsində və Azərbaycan xalqının ən böyük sərvəti kimi dəyərləndirilməsində Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə tanıdılması Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib çıxarmışdır.

 

 

Müasir Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin əsəridir



Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. 1991-ci ilin 18 oktyabrında Azərbaycan xalqının Ümummilli Llideri Heydər Əliyevin də əsas təşəbbüskarlarından biri kimi imza atdığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı" ilə ölkəmizin istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiya mühitinin dərinləşməsi göstərmişdir ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyət sükanı arxasına keçmiş, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etmiş, eyni zamanda, insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquqi islahatların müəllifi olmuşdur. Mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Azərbaycan Respublikasının zorla cəlb olunduğu Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycan Respublikasını tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə layihələrin, xüsusilə, uğurlu neft strategiyasının təməlini qoydu. Azərbaycan Respublikasının günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayələr yatırılmağa başlanıldı.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni imicinin formalaşmasına xidmət edirdi.
Ulu Öndər Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz Vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Ulu Öndər Heydər Əliyev fəaliyyətinin nəticəsidir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Respublikasının müasir tarixini əhatə edən, zaman baxımından bir qərinəlik, mahiyyətcə isə əhəmiyyəti əsrlərlə ölçülən mərhələsində həm dünya şöhrətli uzaqgörən siyasi və dövlət xadimi, həm mahir strateq və yenilməz sərkərdə, həm iqtisadi-mədəni intibahın memarı və milli-mənəvi mədəniyyətin böyük hamisi, həm yorulmaz vətənpərvər və polad əqidəli vətəndaş, həm də görkəmli mütəfəkkir və milli ziyalılığın öndəri kimi titanik fəaliyyət göstərmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri olmuş, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermişdir.  Tarixə Azərbaycan xalqının Ümummilli Lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Ulu Öndər Heydər Əliyev qalibiyyət əzmiylə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev atasından qalan nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyində tətbiq edir, tarixin yeni tələblərinə uyğun  olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycan Respublikasının dünyadakı nüfuzlu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inadkar bir inamla qoruyub saxlayır. Xalqın etimadına söykənən siyasi fəaliyyəti ilə ərazi bütövlüyümüzü bərpa etdi və eyni zamanda, ölkəni ən qabaqcıl dövlətlər sırasına yüksəltməkdə davam edir. Məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi, dilindən, dinindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb.  
Tarixdə izi olan böyük şəxsiyyətlər insan ömrünün zaman adlı sədlərini dəf edərək əbədiyaşarlıq hüququ qazanırlar. Məhz onların qurub yaratdıqları, miras qoyduqları irs xalqlarının gələcəyinə işıq salıb, sonrakı tarixini, dünyadakı yerini müəyyənləşdirib. Belə dühalardan biri də şərəfli və mənalı ömür yolunu Azərbaycanın nicatına, milli dövlətçiliyimizin dirçəlməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna qovuşmasına həsr edən Ulu Öndər Heydər Əliyevdir. Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmiş bu dahi insanın adı ölkəmizin simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma Vətəninə və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur. Ona görə də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan hər bir tarix bizim üçün müqəddəsdir. 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ehtiramın təzahürüdür. "Heydər Əliyev İli" Qarabağ üzərində dövlət suverenliyinin bərpası və dövlət sərhədlərimizin bərpası ili kimi də tarixə düşəcəkdir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi