Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2023 13:33

“Hazırlıqlı əsgər döyüş meydanında əzmkar olur”

Ordumuzun şəxsi heyətinin döyüş qabiliyyətinin artırılmasında fiziki hazırlığın rolu əvəzsizdir. Çünki fiziki cəhətdən hazırlıqlı əsgər döyüş meydanında daha əzmkar, daha iradəli olur. Ona görə də hərbi hissə və birləşmələrdə gənc əsgərlərin fiziki hazırlığına xüsusi önəm verilir. Hərbi hissələrdə şəxsi heyətin fiziki hazırlığının artırılması məqsədilə hərtərəfli şərait yaradılıb. Günün tələblərinə cavab verən idman şəhərcikləri salınıb. Geniş futbol meydançası, müasir idman qurğuları və avadanlıqları hərbçilərimizin istifadəsinə verilib.
"N" hərbi hissəsinin idman şəhərciyi də şəxsi heyətin fiziki hazırlığı üçün lazımi idman qurğuları ilə təmin olunub. Hərbi hissədə olarkən gənc əsgərlərin digər hazırlıqları ilə yanaşı, fiziki hazırlığı ilə də maraqlandıq. Öyrəndik ki, gənc əsgərlərin fiziki hazırlıq saatı yenicə başlayıb. İdman qurğularında hazırlığını artıran şəxsi heyət diqqətimizi çəkdi. Gənc əsgərlər verilən tapşırıqları məharətlə yerinə yetirir, cəld, çevik hərəkətlərlə idman vərdişlərini artırırdılar.
Gənc əsgərlərin fiziki hazırlıqlarını artırmasında yaxından iştirak edən gizir Zaur Güləhmədov hərbi xidmətdə idmanın önəmliliyini vurğuladı. Bildirdi ki, fiziki hazırlığı məqbul olmayan, zəruri vərdişləri mənimsəməyən əsgər təlim meydanında, eləcə də döyüş tapşırıqlarını yerinə yetirən zaman bəzi çətinliklərlə qarşılaşır. Ümumiyyətlə, fiziki cəhətdən möhkəm olan əsgər yüksək döyüş hazırlığına malikdir. Komandanlıq gənc əsgərlərin idman vərdişlərinin artırılmasına  böyük diqqət ayırır. Onlar məşğələ prosesində tələb olunan normativləri yerinə yetirir, turnikdə dartınaraq əzələlərini möhkəmləndirir, paralel qollarda güclərini sınayırlar. Onu da qeyd edim ki, hazırlıqlı əsgərlərimiz idman vərdişlərini mükəmməl mənimsəyirlər. Respublikamızın peşəkar idman arenalarında yüksək nailiyyətlər qazanırlar. Əsgərlərimizin bir çoxu ölkəmizdə keçirilən müxtəlif növ idman yarışlarının qalibi olub, diplomlara layiq görülüblər. Bu baxımdan, "Sağlam bədəndə sağlam ruh olar" və "İdman sağlamlığın rəhnidir" kimi devizlər də təsadüfi səslənməyib.
Əsgər Nicat Quliyev idmanın qaydasız döyüş növü ilə məşğul olduğunu deyərək bildirdi ki, Azərbaycan əsgəri mənəvi cəhətdən olduğu kimi, fiziki baxımdan da sağlamdır. "Respublikamızda keçirilən yarışlarda paytaxt birinciliyini qazanmışam. Bir neçə yarışın qalibi olmuşam. Hərbi xidmət dövründə də idman sahəsində əldə etdiyim bacarıqlarımı daha da artırmağa çalışıram. Hərbi hissəmizdə fiziki hazırlıq dərsləri üçün gözəl şərait yaradılıb. Burada fiziki hazırlığımızı artırmaqla gələcəkdə keçiriləcək yarışlarda uğurlu nəticələr qazanmağımıza möhkəm zəmin hazırlayırıq".
Gənc əsgərlərdən Nihat Yusifov futbol üzrə, Əkbər Fərəcov, Fikrət Cəfərov və Arif Vəliyev cüdo üzrə keçirilən rayonlararası yarışların qalibi və mükafatçısı olublar.
Əsgər Əli Xancanov isə kinqboksinq üzrə respublika birincliyinə layiq görülüb. "Əsgər yoldaşlarım arasında peşəkar idmançılar çoxdur. Onlar həm təlim-məşq toplanışında, həm də hazırlıq dərslərində fəallıq göstərirlər", - deyə Ə.Xancanov bildirdi.
Qeyd etmək yerinə düşər ki, son vaxtlar ölkəmizdə idmana göstərilən diqqət və qayğı öz bəhrəsini verməkdədir. Bu gün qətiyyətlə deyə bilərik ki, gənc əsgərlərin idman hazırlığı yüksək səviyyədədir. Fiziki hazırlığı və döyüş ruhu yüksək olan zabit və əsgərlərin qələbə əzmi də həmişə güclü olur.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"