Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2023 13:33

“Şəhidlərimizin qəhrəmanlıq yolunu Böyük Qələbə ilə tamamladıq”

Ötən əsrin 90-cı illərinin sonlarında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda apardığımız mübarizə salnaməsində 2016-cı ilin Aprel döyüşlərinin xüsusi yeri var. Bu döyüşlərdə qazanılmış qalibiyyət  2020-ci ilin Vətən müharibəsində tarixi Zəfərimizin başlanğıcı oldu. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqımızın birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz istənilən an işğalda qalmış torpaqlarını azad etməyə qadirdir. İkinci Qarabağ Müharibəsində olduğu kimi, 7 il öncə baş verən döyüşlər də məhz Ermənistan hərbi birləşmələrinin təxribatı nəticəsində baş vermişdi. 2016-cı il aprelin ilk günü Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun hissələri sürətli əks-həmlə əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Dörd gün davam edən hərbi əməliyyatlar tarixə Aprel döyüşləri kimi düşdü. Bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Ordumuz əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. İgidlərimizin qanı bahasına Lələtəpə kimi əhəmiyyətli yüksəklik işğaldan azad olundu. Bu yüksəkliyin azad edilməsi ilə 1994-cü ildə düşməndən təmizlənən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildi. 2 min hektardan artıq ərazi azad olundu. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu. Aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs razılaşması imzalandı. Aprel döyüşlərindəki qələbə İkinci Qarabağ müharibəsindəki tarixi zəfərimizin başlanğıcı kimi tarixləşdi. Həmin döyüşlərdə Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndi sakinlərinin doğma yurda qayıdışı gerçəkləşdi. Bu, Qarabağa Böyük qayıdışın ilk müjdəsi idi. Aprel döyüşləri Ermənistanın "məğlubedilməz ordu" mifini heçə endirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərinin iştirakçısı olmuş hərbçilərlə görüşündə demişdir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir". Bu döyüşlərdə Azərbaycanın zabit, gizir və əsgərləri əsl cəsarət və igidlik nümunələri göstərdilər. Zabit və əsgərlərimizin hər biri cəbhədə, sözün həqiqi mənasında, mətanət, dözümlülük, qələbə əzmi nümayiş etdirdilər.
Həmin tarixi günlərin 7-ci il dönümü münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyində Aprel döyüşlərinin iştirakçıları olan hərbi qulluqçuların iştirakı ilə media-tur keçirildi. Tədbirdə həm Aprel döyüşlərinin, həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı olan, qəhrəmanlıqları ilə tarix yazan oğullarımız  düşüncələrini bölüşdülər.

Polkovnik-leytenant Nahid Muradov:

- 2016-cı ilin aprelin ilk günlərində cəbhə xəttində vəziyyətin kəskinləşməsi nəticəsində atəşkəs pozuldu. Ermənistan silahlı birləşmələrinin mart ayının sonlarında ordumuzun mövqelərinə, kənd və qəsəbələrimizə artilleriya silahlarından ağır zərbələr endirməsi cavabsız qala bilməzdi. Yaşayış məntəqələrimizi atəş altında saxlayan yüksəkliklərdə yerləşən düşmən mövqelərini birdəfəlik susdurmaq üçün əks-hücuma keçdik. Tərtər, Goranboy və Füzuli rayonları istiqamətində düşmənin atəşkəs dövründə işğal etdiyi ərazilərimizdə durmadan möhkəmləndirdiyi və keçilməz hesab etdiyi  ön xətt mövqelərini  qısa vaxtda yarmağı bacardıq və erməni hərbi birləşmələrini qovmağa başladıq. Çevik hərəkətlə irəliləyərək önəmli yüksəklikləri və 2 min hektardan artıq ərazini düşmən işğalından azad etdik. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Aprel döyüşləri və İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbələrimiz, Azərbaycan dövlətinin güclü iqtisadiyatının, qüdrətli ordusunun, yüksək döyüş əzminə malik igid əsgərlərinin olduğunun göstəricisi oldu. Həm də bütün dünyaya göstərdik ki, təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu sahəsində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirtdiyi uğurlu islahatların nəticəsində ordumuz regionun ən güclüsüdür. Ordu quruculuğu istiqamətində aparılan islahatlara şəxsən nəzarət edən cənab Prezidentin Ali Baş Komandının diqqət və qayğısı sayəsində ordumuzun təminat və təchizatı xeyli zənginləşdirilib. Bir çox xarici ölkələrdən, xüsusilə də qardaş Türkiyədən yeni texnikalar, yüksək dəqiqliyə malik silah-sursat, ən müasir tələblərə cavab verən hərbi avadanlıqlar alınaraq Azərbaycan Ordusunun arsenalına daxil edilib. Bunlar da ordumuzun qüdrətini, hərbçilərimizin döyüş hazırlığının səviyyəsini daha da yüksəldir. Ali Baş Komandanın tapşırığı ilə aparılan uğurlu islahatların nəticəsidir ki, bü gün dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.

Kapitan Asim Tapdıqov:

- Azərbaycan Ordusunun sıralarında xidmət etməkdən, seçdiyim müqəddəs peşədən həmişə qürur duymuşam. Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində iştirakımdan sonra qürurum daha da artdı. Çünki hər iki döyüşlərdə ordumuzun yazdığı qəhrəmanlıq salnaməsində mənim də payım var. Bir vətəndaş, bir zabit üçün bundan sevincli, fərəhli hiss ola bilməz. Aprel döyüşlərinin 7-ci ildönümüdü. Qədirbilən xalqımız, cəmiyyətimiz həmin günləri unutmur, unutdurmur. Dövlətimizin biz döyüşçülərə, Vətən müdafiəçilərinə göstərdiyi yüksək diqqət və qayğı, xalqımızın sonsuz ehtiramı və güvəni bizi daha da ruhlandırır. Bunlar hər bir hərbçinin mənəvi-psixoloji hazırlığına müsbət təsir edən mühüm amillərdir. Həmin döyüşlərdə inamlı qələbəmizlə ordumuzun gücünü və şəxsi heyətin yüksək döyüş hazırlığına malik olduğunu sübut etdik. Təlim mərkəzlərində keçirilən taktiki təlimlərdə, nəzəri və praktiki məşğələlərdə qazandığımız təcrübələr öz bəhrəsini verdi. Onu da qeyd edim ki, artilleriya-raket zərbələrindən bacarıqla istifadə edən bölmələrimizin yeni texnologiyaların tətbiqi ilə koordinatları əvvəlcədən müəyyən edilmiş düşmən mövqelərinə endirilən atəş zərbələrinin dəqiqliyi və bu üzdən düşmən itkilərinin qat-qat artıq olması, nəinki döyüşlərdə iştirak edən Ermənistan ordusunun şəxsi heyətinin, hətta Ermənistan əhalisinin vahiməyə düşməsinə səbəb oldu. Yəni Azərbaycan hərbçilərinin peşəkarlığı öz sözünü dedi. Həmçinin şəxsi heyətin vətənpərvərliyi, milli-mənəvi dəyərlərimizə bağlılığı, sonsuz Vətən sevgisi qələbələrimizi təmin edən əsas amillərdən oldu. Döyüş meydanında hər kəs yüksək əhval-ruhiyyədə vuruşurdu. Ordumuzun yalnız kiçik bir qismi Aprel döyüşlərinə cəlb edildi. Döyüşlərə cəlb edilən bölmələrimizin şəxsi heyəti döyüş tapşırığını uğurla yerinə yetirmək üçün canını, qanını, gücünü və qüvvəsini əsirgəmədi. Həmçinin dünya azərbaycanlılarının həmrəyliyi, dövlət-xalq-ordu birliyi də Aprel döyüşlərində qazandığımız qələbənin əsas amillərindən oldu. Azərbaycan Ordusu Ermənistan ordusunu döyüş meydanında darmadağın etdi. Beləliklə, Ermənistan tərəfinin illər boyu irəli sürülən məğlubedilməzlik mifi tamamilə alt-üst oldu. İstər Aprel döyüşlərində, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan nəinki döyüş meydanında, eləcə də siyasi-diplomatik müstəvidə də uğur qazandı. Bu da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əzmkarlığının, qətiyyətinin, siyasi iradəsinin təntənəsi idi.

Kapitan Adil Bəşirov:

- Azərbaycan Ordusunun yüksək peşəkarlığa malik kadrlarla kompleksləşdirilməsi, peşəkar kadr heyətinin formalaşdırılması, inkişaf etdirilməsi və onların səmərəli istifadə olunması Aprel döyüşlərində, eləcə də Vətən müharibəsində qazandığımız tarixi zəfərlərdə qələbəmizi təmin edən əsas  amillərdən oldu. Həmçinin döyüşlər göstərdi ki, şəxsi heyətin müqavilə əsasında xidmət edən hərbi qulluqçularla komplektləşdirilməsi də ordumuzun döyüş hazırlığının artırılması istiqamətində atılan uğurlu addımlardandır. Belə ki, döyüşlər başlandığı ilk gündən təchizatın fasiləsiz olaraq təmin olunması, ehtiyatların vaxtında çatdırılması, qoşun xidmətinin düzgün qurulması, fasiləsiz rabitə, kəşfiyyat və radioelektron mübarizənin düzgün icrası, tibbi xidmətin yüksək səviyyəsi, yerli icra orqanları və ictimaiyyətlə əlaqələrin effektiv təşkil edilməsi qələbələrimizi şərtləndirən səbəblər idi. Təbii ki, komandir heyətinin də peşəkarlığını və döyüşü düzgün idarəetməsini, ağıllı taktiki gedişlərini də xüsusi vurğulamalıyıq. Bir sözlə, rütbəsindən və vəzifəsindən asılı olmayaraq, hamı xalqımızın inamını, Ali Baş Komandanın etimadını doğruldaraq döyüş tapşırıqlarının öhdəsindən uğurla, əzmkarlıqla gələrək qələbəni təmin etdi. Döyüşçülərlə çiyin-çiyinə öz vəzifələrini yerinə yetirən, yüzlərlə, minlərlə hərbçinin sağ qalmasında əməyi olan həkimlərimizin də əziyyətini vurğulamaq istəyirəm. Aprel döyüşləri başlayan kimi hospitallarımızın hərbi həkimləri və tibb heyəti də öz vəzifə borcunu layiqincə yerinə yetirdi. Onlar ilk saatlardan döyüşlər gedən ərazilərə yaxın  bölgələrdə təyinatı üzrə fəaliyyət göstərən Mobil Səhra Cərrahiyyə Hospitallarında yaralıların müalicəsini, eləcə də döyüşlərin qızğın getdiyi ərazilərdə yaralananların çıxarılması, ilkin tibbi yardımın göstərilməsi işlərini yüksək peşəkarlıqla yerinə yetirdilər. Məhz itkilərimizin az olmasının da əsas səbəblərindən biri tibbi personalımızın səmərəli fəaliyyətinin nəticəsidir. Artıq 7 ildir ki, Aprel döyüşləri Azərbaycanda xalq-dövlət-ordu birliyinin real nümayişi, şanlı tariximiz, böyük qələbəmiz, hərbçilərimizə fəxr, başucalığı gətirən tarixi an, gələcək qələbələrimizin başlanğıcı kimi qeyd edilir. Xalqımız bu şanlı tarixi heç vaxt unutmayacaq, unutdurmayacaq. Aprel döyüşlərində qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsini yüksək ehtiramla yad edirik. Artıq torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün həmvətənlərimizin ruhları şaddır, çünki biz onların qəhrəmanlıq yolunu İkinci Qarabağ müharibəsində qazandığımız Böyük Qələbə ilə tamamladıq, ərazi bütövlüyümüzü təmin etdik.

Leytenant Famil Hüseynov:

- Aprel döyüşləri zamanı gizir hərbi rütbəsində xidmət edirdim. Həmin gün adi günlərdə olduğu kimi xidməti fəaliyyətlərimizi yerinə yetirirdik. Gecəyarı qəflətən atəş səsləri eşidildi. Düşmən qüvvələri hücuma keçmişdi. Düzdür, bir neçə gün idi ki, ermənilər atəşkəsi tez-tez pozur, yaşayış yerlərimizi atəşə tuturdular. Lakin bu dəfə irimiqiyaslı təxribata əl atıb, mövqelərimizə hücum etmişdilər. Bölməyə "Həyəcan!" çağırışı verildi. Az vaxtda tanklarımızı, döyüş maşınlarımızı işə saldıq. Heyət nəfərləri cəld hərəkətlərlə silahlarını götürüb döyüş maşınındakı yerlərini tutdular. Əks-hücuma keçdik. Ağır döyüşlər başlandı. Təxribatın qarşısını layiqincə aldıq. Bizim əsas məqsədimiz Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə yaşayan və qarşı tərəfin atəşinə məruz qalan dinc Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün erməni hərbi birləşmələrinin atəş nöqtələrini zərərsizləşdirmək idi. Məqsədimizə tam nail olduq. Düşmənə ağır zərbələr endirərək, onları geri çəkilməyə məcbur etdik. Aprel döyüşlərində uğursuzluğa düçar etdiyimiz Ermənistan silahlı qüvvələrinin bölmələri böyük itkilərə məruz qaldı. Düşmənin 320-dən artıq canlı qüvvəsi məhv edildi,  30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Suqovuşan yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissəsi darmadağın olundu. Strateji yüksəklikləri nəzarətə götürərək minlərlə hektar ərazimizi azad edildi. Biz Aprel döyüşlərində və onun davamı olaraq İkinci Qarabağ müharibəsində qazandığımız şanlı qələbəmizlə Ali Baş Komandanımız İlham Əliyev cənablarının dəfələrlə bəyan etdiyi "Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcək və Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz" sözlərini əyani şəkildə göstərdik və əzəli torpaqlarımızı işğaldan azad etdik.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"