Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2023 13:33

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "dəyirmi masa" keçirildi.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, eləcə də soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən sənədli film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov bildirdi ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları olub. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb.
- Məlumat üçün qeyd etmək istəyirəm ki, 1813-cü və 1828-ci illərdə imzalanan  Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. Bunun nəticəsi olaraq, "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı.
Dəyirmi masada çıxış edən polkovnik Qabil Talıbov əlavə etdi ki, azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, "Daşnaksütyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Həmin dəhşətli  günlərin şahidi olmuş Kulner soyadlı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər".
Polkovnik Mehman Kərimov isə bolşeviklərdən aldıqları döyüş sursatı ilə təpədən dırnağadək silahlanmış erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində dəhşətli qırğınlar törədilməsini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı. Bildirib ki, Naxçıvan ərazisi hərbi anda xəyanət etdiyinə görə türk ordusundan qovulan Andranik Ozanyanın və onun quldur dəstələrinin hücumlarına məruz qaldı. Ermənilər Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar etmiş, əhaliyə divan tutmuş, qadınları, uşaqları, qocaları belə öldürmüş, heç kimə rəhm etməmişdilər. 1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz dəstəsi ilə Culfa bölgəsinin Yaycı kəndi ərazisindən Arazı keçərək Naxçıvana daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik Aza, Düylün, Yaycı və Dizə kəndlərinin əhalisini qılıncdan keçirmişdir. Qısa müddət ərzində bu qaniçən cəllad Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir. Həmin vaxt Andranikin dəstəsi Gilançay və Əlincəçay vadisində çox kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə öldürmüşdü. Andranikin ilk təcavüzü Naxçıvan qəzasının Araz çayı kənarında yerləşən Yaycı və Aşağı Aza kəndlərində olub. Naxçıvanın ən iri yaşayış məskənlərindən biri olan Yaycı kəndinin 2500 nəfərdən artıq əhalisi qətlə yetirilərək Araz çayına atılmışdır. Yaycı hadisələri ilə bağlı Nehrəm kənd sakini Tağı Nağdəliyev 14 iyun 1918-ci ildə Naxçıvan Milli Komitəsinin sədri Mirzə Nəsrulla Əmirovun adına göndərdiyi məktubunda yazırdı: "Məlum edirəm ki, Andranikin dəstəsi İrandan Araz körpüsündən keçərək Yaycı kəndinə girmiş, həmin kənd əhalisini qılıncdan keçirərək kəndi tar-mar etmişdir. Camaldın və Ərəzin kövşəninə erməni qoşunları dolubdur. Lazımi sərəncam verməkdən ötəri xəbər edirəm ki, Nehrəm kəndi qorxu içindədir”.
Polkovnik Elşad Əbilov əlavə edərək vurğuladı ki, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olunmasına baxmayaraq, Bakı şəhəri və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlarından azad edilməsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Qafqaz İslam Ordusunun tərkibində Osmanlı əsgərləri ilə yanaşı, Azərbaycan hərbçiləri də xidmət ediblər. Bu döyüşlərdə yüzlərlə Osmanlı və Azərbaycan əsgəri şəhidlik zirvəsinə ucalıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verilib.
Əlbəttə, xain düşmənin törətdiyi bu vəhşiliklərin cəzası 2020-ci ildə başlanan və şanlı qələbəmizlə başa çatan Vətən müharibəsində verildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa edib, şəhidlərimizin və soyqırım qurbanlarının qisasını düşməndən döyüş meydanında layiqincə aldı.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"