Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2023 16:00

Ən məsuliyyətli vəzifə

Xalqa və Vətənə sədaqətlə xidmət edən hərbçilərimiz qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirməklə onlara göstərilən etimadı doğruldurlar. Zabit olmaq hərbçidən Vətən sevgisindən savayı, dərin bilik, möhkəm iradə, yüksək intizam da tələb edir. Öz təcrübələrini gənc əsgərlərə öyrədən komandirlərimiz ordumuzun döyüş qabiliyyətinin yüksəlməsi üçün üzərlərinə düşən məsuliyyətli vəzifənin öhdəsindən gəlməyi peşəkarlıqla bacarırlar. Belə ki, ordu sıralarına yeni qəbul olunan əsgərlərimizin hərbi vərdişlərinin artırılması, ixtisas biliklərinə yiyələnməsi birbaşa təcrübəli komandirlərimizin üzərinə düşür.
"N" hərbi hissəsində olarkən rəhbərliyin haqqında yüksək fikirdə olduğu deyilən gənc zabit Müşfiq Rəhimli ilə yaxından tanış olduq. Baş leytenant Müşfiq Rəhimli 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsində təhsil alıb. Daha sonra Bakı Dövlət Universitetinin Milli Təhlükəsizlik və Siyasi Strategiya ixtisası üzrə təhsilini davam etdirib. 2017-ci ildən Azərbaycan Ordusunda xidmətə başlayan zabit M.Rəhimli ilə apardığımız söhbəti qələmə aldım. Baş leytenant dedi ki, Vətənimizin varlığı və xalqımızın rifahına xidmət edən hər bir peşə müqəddəsdir. Lakin hərbçi peşəsi onların fövqündə dayanır. Çünki Vətəni qorumaq ən ali vəzifə, müqəddəs peşədir. Bu fikri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev çıxışlarından birində çox dahiyanə şəkildə demişdir: "Müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi ən şərəfli peşədir". Qısa vaxt ərzində görülən böyük quruculuq işləri sayəsində ordumuzun döyüş və özünümüdafiə qabiliyyəti yüksəldi. Birinci Qarabağ müharibəsi zamanı uğurlu Horadiz əməliyyatı, 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt zəfəri və nəhayət, 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) uzun illər mənfur düşmən tərəfindən işğal altında olan tarixi torpaqlarımızın azad olunması, uğurlu hərb siyasətinin təcəssümü oldu. Çünki Vətəni sevmək yetməz, onu qorumaq da gərəkdir. Azərbaycan əsgəri ərazi bütövlüyümüzü hər zaman etibarlı şəkildə qoruyub, bu gün də layiqincə qoruyur və bundan sonra da qoruyacaq. Çünki Azərbaycan əsgəri xalqının ümid yeri, Azərbaycan xalqı əsgərinin ilham mənbəyidir.
Zabit hərbçi peşəsinə yiyələnməsindən və komandirlə əsgər münasibətinin əsas şərtlərindən danışdı. Dedi ki, Vətən sevgisi ülvi hissdir, doğma yurda, onunla əlaqəli olan bütün varlıqlara bağlılıqdır. “Bakıya gedəndə Şəhidlər xiyabanında əzəmətlə dalğalanan bayrağımıza, daim yanan məşələ baxıram. Vətən sevgisinin sönməyən odu-alovudur o məşəl. Bu günə qədər müstəqilliyimiz uğrunda minlərlə soydaşımız canını qurban verib. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Vətənpərvərlik - Ana Vətənin bütövlüyü, xalqın varlığı üçün ölümün gözünə dik baxmaqdır. Hər bir şəxsin həyatında bir məqsədi olur. Mənim də həyatım boyu ən böyük arzum Vətənimə layiqli vətəndaş olmaqdır. Bu ali məqsədimin astanasındayam. Hərbçi vətənpərvərlik hissini dərindən yaşayan peşə sahibidir. Seçdiyim peşə özündə ağır məsuliyyət, polad iradə, yüksək bilik və hərbi intizamı ehtiva edir. Özümlə yanaşı, əsgərlərin də hərbi mühitə tam uyğunlaşması üçün əlimdən gələni əsirgəmirəm. Zabit tabeliyində olan şəxsi heyət üçün ən yaxşı nümunə olmalıdır. Qayğıkeşlik və tələbkarlıq hər bir komandirin əsgəri ilə münasibətinin təməlidir. Komandir əsgəri üçün yaxşı yoldaş olmalıdır ki, əsgər də komandirinə layiqli silahdaş olsun.  Bütün bunlara nail olmaq üçün də şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, mənəvi-psixoloji hazırlığını da yüksək səviyyədə saxlamaq qarşımızda dayanan ən məsuliyyətli vəzifədir. Əsgərin əsl döyüşçü kimi hazırlanması üçün tələb olunan şərtlər biz zabitlərin gündəlik işidir, xidmətidir".
Xidməti vəzifəsinin öhdəsindən bacarıqla gələn baş leytenant M.Rəhimli ilə söhbətdən çox məmnun qaldıq. Əmin olduq ki, belə bacarıqlı, peşəkar zabitlər hərbi sirləri sabahımızın əsgərlərinə dərindən öyrədəcəklər. Onun komandiri olduğu şəxsi heyətin döyüş hazırlığı daim yüksək səviyyədə olacaq. Deməli, zabit və əsgərlərimiz gələcək xidmətlərində daha da böyük uğurlar qazanacaqlar.
 
Fuad CƏFƏROV "Azərbaycan Ordusu"