Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2023 16:00

Tələbkar çavuş

Hər insanın həyatında arzu etdiyi bir peşə olur. Bütün varlığı ilə həmin peşəyə yiyələnmək üçün yollar arayır. Təəssüf ki, bəzi hallarda, müxtəlif səbəblərdən insan istəyinə də çata bilmir. Bizim ömür yolu haqqında söhbət açacağımız çavuş Musaməddin Ağamalıyev hələ kiçik yaşlarından arzu etdiyi peşəyə sonsuz sevgi bəsləyən gənclərdəndir. Onun doğulub boya-başa çatdığı Tovuz rayonunun Bayramlı kəndinin sakinləri də ermənilərin başladığı torpaq iddiasının ağrı-acısını çəkirlər. Musaməddin özünü dərk edən vaxtlardan doğma rayonun ərazisinin müntəzəm olaraq erməni hücumlarına məruz qaldığının şahidi olub. El-obanı qorumaq üçün böyüyəndə hərbçi olmaq qərarına gəlib.
Bu günlərdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Musaməddin Ağəli oğlu Ağamalıyevin 30 yaşı tamam oldu. O, həyatından da, seçdiyi peşədən də razıdır. Ağ örpəyə bürünmüş uca dağların qoynunda xidmət etməyin özü də igidlik, qəhrəmanlıq, vətənpərvərlik nümunəsidir. Müddətli həqiqi hərbi xidmətini də cəbhə bölgəsində başa vurmuş Musaməddin bütün çətinliklərə baxmayaraq, yenidən ordu sıralarına qayıtmaq qərarına gəlib.
Çavuş Musaməddin Ağamalıyev Vətənimizin mürəkkəb iqliminə malik dağlıq ərazidə xidmət etməklə üzərinə düşən vəzifə borcunu ləyaqətlə yerinə yetirməyə çalışır. Qışın oğlan çağında qarlı, şaxtalı havada düşmənlə üz-üzə əli silahlı Vətənin keşiyində dayanmağın özü də insandan böyük fədakarlıq tələb edir. Vətənini ermənilərin hücumlarından müdafiə etmək naminə istənilən çətinliklərə sinə gərməyə hazırdır. Musaməddin deyir ki, hələ hərbi xidmətə gəlməmişdən əvvəl onu hansı məsuliyyətli vəzifələrin gözlədiyini yaxşı bilirdi. El-obasını yağılardan qorumaq üçün qarşıda çətinliklərin olmasına baxmayaraq, onun məqsədi, amalı yalnız hərbçi olmaq olub. Artıq 7 ilə yaxındır müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini şərəflə davam etdirir. Bu illər ərzində həm komandirlərin, həm də tabeliyində olan əsgərlərin dərin hörmətini qazanıb. Nümunəvi xidmətinə görə komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılıb. Musaməddin təlim-məşğələləri zamanı tabeliyində olan əsgərlərə hücum və müdafiənin incəliklərini öyrədir. Döyüş növbətçiliyi zamanı sayıqlığı yüksək səviyyədə təmin etmək məqsədilə əsgərlərdən nizamnamələrin tələblərinə əməl etməyi tapşırır.
Əsl komandir də belə olmalıdır. O, əvvəlcə tabeliyində olanları öyrədir, daha sonra isə onlardan yiyələndikləri bilik və bacarıqların tətbiqini tələb edir. Çavuş M.Ağamalıyev bax, belə tələbkar kiçik komandirlərdəndir.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"