Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2023 16:00

Ruhumuzun qibləgahıdır Ana Vətən

Yol bizi Qarabağa aparır. Qış fəsli olmasına baxmayaraq, günəşin şəfəqləri sanki canı və qanı ilə torpağı vətənləşdirən oğulların ruhlarıtək yolumuzu işıqlandırırdı. Yol boyu müşahidə etdiyimiz və müharibədən qalan izlər artıq yox olmaq üzrədir. Burada aparılan tikinti-quruculuq işləri firavan həyatın yenidən bərpa olunacağı günün uzaqda olmadığının göstəricisidir. 44 günlük haqq savaşında Qələbənin qazanılmasında qət olunan şanlı yol xəyalımda canlanır. Cəsur döyüşçülərimizin qarış-qarış düşməndən azad etdiyi tarixi Vətən torpağı, şəhadət zirvəsinə ucalan oğullarımızın yazdığı tarixi salnamədən doğan fikir döyüş postuna qədər olan məsafəyə körpü salır.
Gizir Pərviz Həsənov ilə tanış olub söhbətləşirik. "Qəhrəman Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə tarixi torpaqlarımızı azad etdi. Bir zamanlar qəlbimizin nisgilinə çevrilən, uzun illər mənfur düşmən işğalında olan torpaqlarımızda xidmət edirik. Bu gün soyuqda, sazaqda içimizi qızdıran əsas məfhum müqəddəs amala xidmət etmək hissidir. Doğma yurdumuz artıq işğaldan azad olunub və gördüyünüz bu yerlər ruhumuzun qibləgahıdır - Vətəndir. Çünki bu yerlərin hər qarışı uğrunda qəhrəman oğullarımız canlarını sipər ediblər. Bölməmizin şəxsi heyəti bu məsuliyyətli və qürurlu vəzifəni böyük həvəslə icra edir. Hər biri Vətən hüdudlarının müdafiəsində dayanmaqdan və qalib ordunun mundirini daşımaqdan fəxarət hissi duyur. Bölməmizdə olan yüksək əhval-ruhiyyənin əsas səbəbləri də məhz bunlardır. Şəxsi heyətin gündəlik fəaliyyətinin lazımi səviyyədə təşkil etməsi üçün əlverişli sosial-məişət və xidmət şəraiti yaradılıb. Səngərdə xidmət edən əsgərlərin hər biri ayrı-ayrılıqda bir qəhrəmandır. Vətəni layiqincə qorumaq qəhrəmanlığın təcəssümüdür. Vətəni sevmək hər bir layiqli vətəndaş üçün müqəddəs vəzifədir. Bu torpaqlar bizə ata-babalarımızdan əmanətdir", - gizir P.Həsənov dedi.
Əsgər Sakit Məmmədov əslən Cəbrayıl rayonundandır. O əraziləri bu günə qədər görmək Sakitə qismət olmasa da, doğma yurdunun işğaldan azad olunması xəbəri onun həyatında ən əlamətdar hadisələrdən biri olub. "Rayonumuz uzun illər düşmən tərəfindən işğal olunmuşdu. Məhz bu səbəbdən də doğma Cəbrayılımı canlı görməmişəm. Doğmalarımın işğaldan qabaq çəkdirdikləri şəkillərdə o ərazilərin təbiətinin əsrarəngizliyinin, füsunkarlığının şahidi olmuşam. Doğmalarım ata-baba yurdlarından didərgin düşmələrini qəlb nisgilinə çevirmişdilər. Şükürlər olsun ki, bu gün doğma yurdumuz işğaldan azaddır. Müharibə zamanı qalib Azərbaycan Ordusu tarixi ərazilərimizdə qanunsuz məskunlaşan mənfur düşməni torpaqlarımızdan qovub çıxarırdı. Həmin günlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarını səbirsizliklə gözləyirdik", - əsgər fikirlərini bizimlə bölüşdü.
Əsgər Ağamoğlan Ağamoğlanovla tanış oluruq və müsahibim söhbətə başlayır: "Vətənə övladlıq borcumuzu işğaldan azad olunmuş torpaqlarımızda ödəməyimiz bizim məsuliyyətimizi və qürurumuzu daha da artırır. Burada çox şey qazanmışam. Dözümlülük, mərdlik və möhkəm iradi keyfiyyətlərlə daha da bərkimişəm. Məsuliyyətli xidmətimlə verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə çalışıram. Mənə təhkim olunmuş silahı təmiz saxlayıram. Çünki silah döyüş növbətçiliyi zamanı ən yaxın dostumdu.
Əsgər Emin Qarayev qeyd edir ki, 44 günlük haqq savaşının iştirakçısı olmasa da, komandirlərinin onlarla bölüşdüyü müharibə təəssüratları və təcrübələr əsasında o savaşlar anbaan gözlərinin önündə canlanır. "44 günlük haqq savaşımızda cəsur oğullarımız qəhrəmanlıq salnaməsi yazdılar. 30 ilə yaxın işğalda olan tarixi torpaqlarımız düşməndən təmizləndi. Komandirlərimiz bizimlə söhbət əsnasında döyüşlərlə bağlı fikirlərini bölüşür, şəhidlərimizin, igid oğullarımızın göstərdiyi rəşadətdən danışırlar. Onların keçdiyi xidmət yolu bizim üçün nümunədir".
Əsgərlər Murad Mahmudov, Ülvi Kərimov və Kair Manafovla da həmsöhbət oluram. Vətən eşqinin onların bütün ruhunu bürüməsi hər kəlmədən bəlli olur. Bir daha əmin oluruq ki, Azərbaycan əsgəri ruhu ilə Vətənə bağlıdır. Hər dəfə əsgərlərimizlə kəlmələşdikdə qalib ordunun əsgəri adını daşımanın verdiyi qürur, Vətən sevgisi, müqəddəs amala xidmət etmənin insana bəxş etdiyi fəxarət hissinin vacibliyini onların gözlərindən və sözlərindən hiss etmişik. Azərbaycan əsgəri dilinə gətirdiyi fikri nümunəvi xidməti ilə təsdiq edir. Qüdrətli ordunun əsgəri olmaq elə budur. Gücümüzə güc qatan amil də budur. Vətən müdafiəçiləri fərd olaraq dəyişsə də, amal birdir - Vətəni qorumaq, onu sevmək, uğrunda canını belə fəda etmək. Azərbaycan əsgəri olmaq şərəfli bir vəzifədir. Çünki Vətən əsgərin ruhunun qidası, əsgər Vətənin bütövlüyünün təminatçısıdır.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"