Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2023 16:00

Dağlar kimi vüqarlı əsgərlər...

Dağlar qoynunda yerləşən hərbi hissədəyik. Əvvəlki günlərə nisbətən hava xeyli dəyişib. Beş-altı gün əvvəl səmanın ənginliklərindən boylanan Günəş gözə dəymir. Göyün üzünü ağlı-qaralı buludlar örtüb. Başı göylərə söykənən dağlarda davam edən soyuq hava şəraiti hərbçilərin gündəlik xidməti fəaliyyətlərinə əngəl törətmir. Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirən zabit və əsgərlər bu soyuq qış günündə də təlim keçir, döyüş hazırlıqlarını artırırlar.
Dağlar qoynunda döyüş hazırlığını artıran hərbi qulluqçularla görüşmək üçün uca zirvələrin arxasındakı təlim mərkəzinə yollanırıq. Yollar çətin olsa da, sürücü avtomobili məharətlə idarə edir, dik və dolanbac yollardan bacarıqla keçir.
Yol yoldaşımız zabit Pərviz Pirməmmədovu Aprel döyüşlərindən tanıyıram. Ordumuz üçün uğurla başa çatan həmin döyüşlərin iştirakçısı olan zabit 2016-cı ilin aprelində yarımçıq qalmış döyüşlərini İkinci Qarabağ müharibəsində böyük uğurlarla davam etdirib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində böyük hünər və qəhrəmanlıqlar göstərib.
Söhbətimiz zamanı zabit P.Pirməmmədov deyir ki, İkinci Qarabağ müharibəsində başlayan döyüşlərimiz qığılcımını Aprel döyüşlərindən götürmüşdü. Ordumuz bu döyüşlərdə də, İkinci Qarabağ müharibəsində də erməni qəsbkarlarına sarsıdıcı zərbələr vurdu. Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdı. Böyük Qələbədən sonra hərbi qulluqçularla təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq, xidmətlərini uğurla davam etdirir, təlim-məşqlər keçirlər.
Vətənpərvərlik mövzusuna köklənmiş söhbətimizi davam etdirə-etdirə hərbi qulluqçularla məşğələ keçdikləri təlim mərkəzinə gəlib çatırıq.
Atış çalışması yerinə yetirən şəxsi heyətə yaxınlaşırıq. İlk həmsöhbətimiz kapitan Taleh Alcəfərov olur. Zabit deyir ki, əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Hava şəraitindən asılı olmayaraq, həmişə təlim keçir, əsgərlərimizə müasir döyüş vərdişlərini aşılayırıq. Heç kimə sirr deyil ki, əsgərin hazırlığı nə qədər yüksək olarsa, düşməni məqamındaca məhv edə bilər. Gördüyünüz kimi, əsgərlərimiz atış çalışmalarını uğurla yerinə yetirirlər. Onlar bu çalışmalarda nişanalma bacarıqlarını təkmilləşdirirlər. Xidmətə məsuliyyət və sevgi ilə yanaşdıqlarına görə əsgərlərimiz zəruri vərdişləri az müddət ərzində mənimsəyirlər. Onların təlimlərdə qazandıqları uğurlar bizi çox sevindirir. Gərgin keçən dərs və məşğələlər arxada qaldıqca əsgərlərin təcrübəsi daha da artır. Qısa müddət ərzində onlar bacarıqlı və peşəkar əsgərlər olurlar.
Kapitan T.Alcəfərovun söylədiklərini dinlədikdən sonra atış çalışmasının gedişini izlədik. Zabit Fərman Həsənov atış çalışmasını yerinə yetirəcək əsgərləri təlimatlandıraraq təhlükəsizlik və atışın qaydalarını ətraflı izah edir, bildirir ki, atış çalışması üç mərhələdən ibarətdir. Əsgərlər birinci mərhələdə ayaqüstə, ikinci mərhələdə diziüstə, üçüncü mərhələdə isə uzanıqlı vəziyyətdə hədəfə  atəş açmalıdırlar. Təlimatlandırma başa çatdıqdan sonra əsgərlər atəş açacaqları xəttə yaxınlaşırlar. Az keçmiş kapitan F.Həsənovun atəş əmri eşidilir. Əsgərlər hədəfi nişan alıb, tətiyi çəkirlər. Ətrafa çökmüş sükutu pozan atəş səsləri qarlı dağlarda əks-səda verir. Bütün mərhələlərdə hədəfləri dəqiq vuraraq, uğur qazanan əsgərlərin simasında sevinc və məğrurluq var.
Tapşırığı uğurla yerinə yetirən əsgərlərlə də söhbətləşirik. Əsgər Rəvan Abuzərov ordu sıralarına Ağsu rayonundan çağırılıb. Artıq  xidmətinin xeyli hissəsi arxada qalıb. Rəvan deyir ki, İkinci Qarabağ müharibəsi başlayanda orta məktəbdə oxuyurdu. Ona görə də yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edə bilməyib. O, buna çox təəssüflənir. “Hələ kiçik yaşlarımdan ermənilərə törətdikləri faciələrə görə nifrət bəsləyirdim. Arzulayırdım ki, bu faciələrin intiqamının ermənilərdən alınmasında, torpaqlarımızın işğaldan azad olunmasında mən də iştirak edim. Amma bu mənə qismət olmadı. Şükürlər olsun ki, arzularımı cəsur Azərbaycan əsgəri yerinə yetirdi. Doğma Qarabağımız, başqa rayonlarımız rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olundu. Bir ildən çoxdur ki, ordu sıralarındayam. Mənim üçün çox sevindirici haldır ki, torpaqlarımızın azadlığı uğrunda vuruşmuş zabitlərlə, gizirlərlə bir yerdə xidmət edirəm. Onların bəziləri döyüşlərdə yaralanıblar. Sağalandan sonra yenə də xidmətlərini davam etdirirlər. Dərs və məşğələlər zamanı onlar Vətən müharibəsində qazandıqları döyüş vərdişlərini də bizə öyrədirlər. Biz əsgərlər də ordumuza böyük uğur qazandırmış döyüş təcrübəsini həvəslə öyrənirik".
- Atış çalışmasında ilk dəfə deyil ki, iştirak edirik. İndiyə qədər belə məşğələləri çox keçmişik, - deyə əsgər Asim İbrahimov söhbətimizə qoşulur. - Hava şəraitindən asılı olmayaraq, biz hədəfləri dəqiq vurduq. Çalışma bir daha göstərdi ki, hazırlığımız yüksək səviyyədədir. İndiyə qədər keçirilən dərs və məşğələlərdə xeyli təcrübə qazanmışıq. Hərbi bilik və döyüş vərdişlərini mükəmməl mənimsəmişik. Deməli, istənilən hava şəraitində düşməni məhv etməyə qadirik. Əminlik hissi ilə deyə bilərəm ki, bu cür yüksək hazırlıq xidmətimizin hər anında bizə uğur qazandıracaq.
Daha sonra atış çalışmasında iştirak etmiş əsgərlərdən Sərxan Həsrətov, Orxan Tağıyev və başqaları ilə də həmsöhbət olduq. Onların vətənpərvərlikdən yoğrulmuş fikir və sözlərini xoş duyğularla dinlədik. Eşitdiklərimizdən, gördüklərimizdən ürəyimiz dağa döndü. Atış çalışmasının yerinə yetirilməsində uğur qazandıqlarına görə əsgərlər çox qürurlu və vüqarlı görünürdülər.
Zirvələri göylərə söykənən dağlarda xidmət edən zabit və əsgərlərlə söhbətimiz yavaş-yavaş sona yaxınlaşır. Atış çalışması isə səngimək bilmədən öz axarı ilə davam edir. Getdikcə gurlaşan atəş səsləri qarlı dağlarda əks-səda verib.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"