Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2023 16:00

Azərbaycanın müstəqilliyini əbədi, dönməz edən dahi şəxsiyyət

Azərbaycan xalqının mübarizə tarixində Heydər Əliyevin adı Böyük Xilaskar, Əbədiyaşar Komandan, Dahi Şəxsiyyət, Ümummilli Lider, Ulu Öndər kimi əbədiləşdi.
O, müstəqilliyimizi əbədi, dönməz edən tarixi şəxsiyyət kimi tarixləşdi.
Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli Ulu Öndərin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edib və etməkdədir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev  respublikamıza rəhbərliyinin bütün dövrlərində  öz xalqına xidmət, sonsuz məhəbbət amalı ilə yaşayıb yaratmışdır. Bu gün müstəqil, demokratik respublikamızın müasir bir dövlət kimi mövcud olmasında, dünya birliyində özünəlayiq yer tutmasında Dahi Rəhbərin müstəsna xidmətləri vardır. Müstəqilliyini yenicə bərpa edən Azərbaycan dövlətinin güclənməsinə əvəzsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyev xalqımıza siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı bəxş etdi. Böyük düha sahibi Ümummilli Lider deyirdi: "Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda verməyə hazıram".  
Bu gün əminliklə demək olar ki, respublikamızın böyük çətinliklər bahasına əldə etdiyi suverenliyinin, iqtisadi müstəqilliyinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən məhz ötən əsrin 70-80-ci illərində qoyulmuş möhkəm təmələ, güclü intellektual potensiala söykənir. Bu möhkəm təməl müstəqillik illərində Azərbaycan dövlətinin sürətli inkişafına təkan verdi.
Ulu Öndərin ölkəmizə rəhbərliyinin ikinci dövrü, 1993-cü ildə Naxçıvandan Bakıya gəlməsi ziddiyyətli, qarışıq bir vaxta təsadüf etmişdi. Belə ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə xilaskar missiyası ilə qayıdan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev o dövrdə ölkəmizdə baş alıb gedən özbaşınalığın, hakimiyyətsizliyin, qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin, vətəndaş müharibəsinin, xaosun və digər xoşagəlməz hadisələrin qarşısının alınması üçün öz canına və həyatına olan böyük təhlükələrə baxmayaraq, ölkəmizdə hökm sürən anarxiyanın, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Orduda vahid komandanlıq yaradıldı. Bununla da respublikamızda sabitlik bərqərar olundu, ölkədə demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna başlanıldı.
Azərbaycanda qısa bir zaman kəsiyində hökm sürən iqtisadi tənəzzülün qarşısını alan Ulu Öndər respublikamızın davamlı iqtisadi inkişafı istiqamətlərində islahatlar həyata keçirdi. Öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir müstəqil Azırbaycan dövlətini yaratdı, onun idarəçilik mexanizmini formalaşdırdı. Azərbaycan xalqının Ümummilli Lideri müstəqil Azərbaycanın bir dövlət kimi əbədi olmasını, onun müstəqilliyinin daim qorunmasını özünün ən ali işi, ümdə vəzifəsi bilirdi. Ulu Öndər bu barədə danışarkən qeyd edirdi: "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcək".
Dahi şəxsiyyət, unudulmaz sərkərdə ömür boyu xalqa arxalanmışdı. Xalqı özünə arxa-dayaq bilirdi. "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız  müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".  Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Ulu Öndərin göstərdiyi qətiyyət, dəmir iradə bu sözlərdəki gerçəyi dəfələrlə təsdiqləyib. Müasir Azərbaycanın yaradıcısı və fədakar oğlu öz həyatının mənasını doğma xalqına xidmətdə görürdü, bu məqsədlə də yorulmadan çalışırdı. Ulu Öndərin mənalı ömür yolu Vətənə sədaqət nümunəsidir.
Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin işlərini,  dəyərli irsini örnək kimi qəbul edirdilər. Çünki bu siyasətçilər hələ Sovet İttifaqı dövründə onun nəhəng işlərin həyata keçirilməsinə qadir olduğunun şahidi idilər. Heydər Əliyev dühası hər zaman başımızın üstündə parlayan günəşdir, onun ideyaları, tövsiyələri və müqəddəs irsi fəaliyyətimizi istiqamətləndirən  təkrarolunmaz güc mənbəyidir.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və siyasi kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla  davam etdirilir. Ümummilli Liderin başladığı, lakin sona çatdıra bilmədiyi işlər dövlət başçısı tərəfindən ardıcıllıqla həyata keçirilir. Azərbaycanın müstəqilliyini əbədi, dönməz edən dahi şəxsiyyətin  ideyaları həmişə  yaşayacaqdır.

"Azərbaycan Ordusu"