Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Mart 2023 15:23

Yüksək döyüş hazırlığı sabahın qələbəsidir

Hərbi hissənin şəxsi heyəti İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq və hünər göstərib. Ürəyi Vətən eşqi ilə döyünən zabit və əsgərlər düşmən üzərində qələbənin qazanılması naminə cəsarətlə vuruşublar. İçdikləri Hərbi anda sadiq qalaraq üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəliblər. Xalqımıza qələbə sevinci yaşadanların sırasında olublar.
Mayor Yalçın Ağayev söhbət zamanı dedi ki, Vətən müharibəsində qazandıqları qələbə ilə arxayınlaşmayan artilleriyaçılar yenə də təlim keçir, döyüş hazırlıqlarını artırırlar. Onu da deyim ki, zabit və əsgərlərimizin təkcə döyüş hazırlığı deyil, mənəvi-psixoloji hazırlığı da yüksək səviyyədədir. Çünki şəxsi heyət həm dərs və məşğələlərdə, həm də təlimlərdə fəal iştirak edir.
Zabit və əsgərlərin təlimini izlədik. Şəxsi heyət məşğələnin mövzusuna uyğun verilən tarşırıqları cəld hərəkətlərlə yerinə yetirirdi.  
Çox keçmədi ki, məşğələdə fasilə elan olundu. Yaranmış vaxtdan istifadə edib zabit və əsgərlərlə söhbətləşdik. Öyrəndik ki, onlar İkinci Qarabağ müharibəsinin od-alovundan keçiblər. Döyüşlər zamanı üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəliblər.
Mayor Ayaz Baxışov İkinci Qarabağ müharibəsinin şərəf dolu günlərindən söz açaraq dedi ki, Vətən müharibəsi başlayan kimi bölmələrimizi Ağdam rayonuna apardılar. “Bu istiqamətdə döyüşlərimiz uzun çəkmədi. Üç gün davam edən döyüşdən sonra bizi Füzuli rayonuna göndərdilər. Artilleriyaçılarımız təyin olunmuş ərazilərə çatan kimi döyüşlərə atıldıq. Qısa müddət ərzində verilmiş koordinatlar üzrə erməni qəsbkarlarının mövqelərinə zərbələr endirməyə başladıq. Zabit və əsgərlərimiz böyük cəsarətlə vuruşurdular. Dəqiq hesablanmış artilleriya zərbələri düşmənin dayaq məntəqələrini, zirehli texnikalarını bir-birinin ardınca məhv edirdi. Bu zərbələrdən yağıların neçə-neçə zirehli texnikasının, artilleriya qurğularının, müşahidə məntəqələrinin külü göyə sovrulurdu. İştirakçısı olduğumuz bu döyüşlərdə erməni işğalçıları Azərbaycan zabitinin, Azərbaycan əsgərinin gücünü, qüdrətini gördülər. Ağdamdan başlayan döyüş yolumuz Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan keçdi.
Bu gün şəxsi heyət özüyeriyən artilleriya qurğusunun sirlərini daha dərindən mənimsəməyə çalışır. Məşğələnin mövzusu "Örtülü atəş mövqeyinin tutulması və tərk edilməsi"dir. Məşğələnin mövzusuna uyğun olaraq heyət nəfərləri tələb olunan tapşırıqları icra edirdilər”.
Söhbətimizi döyüş hazırlığını artıran heyət nəfərləri ilə davam etdirdik. Heyət komandiri gizir Şahin Poladzadə də İkinci Qarabağ müharibəsində iştirak edib. Şərəfli döyüş yolu keçib. Əməliyyatlarda göstərdiyi şücaəti medallarla qiymətləndirilib. Şahin yenə də xidmətini böyük həvəslə davam etdirir. Əks-hücum əməliyyatında qazanılan təcrübəni həvəslə gənc əsgərlərə öyrədir.
Gizir Ş.Poladzadə iştirak etdiyi dərs və məşğələlərdən ətraflı söz açaraq dedi:
- Məşğələ keçmək üçün hərtərəfli şərait yaradılıb. Biz bu şəraitdən səmərəli istifadə edərək, döyüş vərdişlərini əsgərlərə aşılayırıq. Hərbi biliklərə yaxşı yiyələnmək döyüşlərdə uğur qazanmağı, düşməni məğlub etməyi daha da asanlaşdırır. Buna görə də bütün sınaqlardan üzüağ çıxırıq. Zəngin bilik, mükəmməl mənimsənilmiş döyüş vərdişləri hər addımda bizə uğur gətirir, qələbə sevinci yaşadır.
- Həm təlimlər, həm də döyüşlər zamanı tuşlayıcının üzərinə böyük məsuliyyət düşür, - deyə əsgər Elçin Namazəliyev söhbətimizə qoşuldu. - Ona görə də təlimlərdə fəal iştirak edirəm. Xidmətimin arxada qaldığı müddət ərzində özüyeriyən artilleriya qurğusunun taktiki-texniki xüsusiyyətlərini hərtərəfli öyrəndiyimə görə komandirlərimə minnətdaram. Hərbi bilik və vərdişləri dərindən mənimsədiyimə görə təlimlərdə çətinlik çəkmirəm. Tuşlayıcı kimi mənə bəslənən ümidləri həmişə doğruldaraq yaxşı nəticələr göstərirəm.
Mayor Ayaz Baxışov yenidən bizimlə söhbətə qoşularaq dedi ki, özüyeriyən artilleriya qurğusunun heyət nəfərləri Türkiyə və Azərbaycan hərbçilərinin birgə iştirakı ilə keçirilən "Qardaş yumruğu" təlimində də fəal  iştirak ediblər. Zabit və əsgərlərimiz bu təlimdə də bacarıqlı olduqlarını bir daha göstərərək hədəfləri dəqiq vurublar. Yüksək peşəkarlıq nümayiş etdiriblər.
Fasilə bitən kimi artilleriyaçılar məşğələlərini yenidən davam etdirdilər. Onlar yenə də müvafiq tapşırıqlar icra edir, gələcək xidmətlərində daha böyük uğurlar qazanmaq üçün döyüş hazırlıqlarını artırırdılar.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"