Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2023 17:29

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 1941-1945-ci illərdə alman faşizminə qarşı aparılan mübarizədə Azərbaycan xalqının rolu
Suallar:
1. Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması.
2. Azərbaycan II Dünya müharibəsi illərində.
3. Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları.
Almaniyanın SSRİ üzərinə qəflətən hücumu və müharibənin başlanması
İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü olmuşdur. Dünya ağalığı iddiasında olan alman faşizmi öz niyyətlərinə çatmaq məqsədilə 1939-cu il sentyabrın 1-də Polşaya hücum etməklə İkinci Dünya müharibəsinə başladı. 1941-ci ilin yayına qədər artıq alman faşistləri, demək olar ki, bütün Avropanı, Polşanı, Avstriyanı, Çexoslovakiyanı, Yuqoslaviyanı, Yunanıstanı, bütövlükdə Avropanın bir neçə ölkəsini və Fransanın xeyli hissəsini zəbt etmişdilər. Onlar Avropanın təqribən 290 milyon nəfər əhali yaşayan 2 milyon kvadratkilometr ərazisini ələ keçirmişdilər. Almaniya 1940-cı ilin ikinci yarısında SSRİ-yə "Barbarossa" adlı hücum  planı hazırlamış və məqsədi 1941-ci ilin payızına qədər SSRİ-ni diz çökdürmək olmuşdur.
Faşist Almaniyası 23 avqust 1939-cu ildə imzalanmış, on il müddətinə hücum etməmək, dostluq və əməkdaşlıq haqqında müqavilələrini pozaraq, 1941-ci il iyunun 22-də bütün sərhəd boyu SSRİ üzərinə hücuma keçdi. Bu, Rusiyanın sovet dövrü tarixinə Böyük Vətən müharibəsi kimi daxil olmuşdur. Düşmənin yaxşı silahlandırılmış və hərtərəfli təlim keçmiş 5,5 milyonluq canlı qüvvəsi, yüksək hərbi texnikaya malik 190 diviziyası Barens dənizindən cənuba doğru uzanan 5 min kilometrlik ərazidə: şimal, mərkəz və cənub istiqamətlərində geniş əməliyyata başladı. Müharibənin ilk dövründə alman faşistləri Moskvaya qədər irəliləyərək sovet ordusunun 1,5 milyon canlı qüvvəsini əsir aldı. Eyni zamanda, faşist Almaniyası İtaliya, Rumıniya, Macarıstan və Finlandiya da daxil olmaqla, işğal etdiyi bütün ölkələrin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirdi. Faşist Almaniyası hərbi cəhətdən SSRİ-dən 1,5-2 dəfə güclü idi. SSRİ isə müharibəyə tam hazır deyildi. Ölkədə arxayınlıq hökm sürürdü, üstəlik, müharibə ərəfəsində keçirilən kütləvi-siyasi repressiyalar orduya böyük zərbə vurmuşdu. Sovet ordusunun komanda heyətindən 43 min nəfər repressiyaya məruz qalmışdı. Ordunun ali rütbəli heyətindən 1800 adam həbs olunmuşdu. 5 marşaldan 3-ü, 15 ordu komandirindən 13-ü, 57 korpus komandanından 50-si, 186 diviziya komandirindən 154-ü, 406 briqada komandirindən 220-si repressiyaya məruz qalmışdı. Məhz bunlara və digər səbəblərə görə faşistlər ilk vaxtlar böyük qələbələr qazandılar.
Müharibənin ilk mərhələsində antihitler koalisiyası formalaşdı. 1941-ci ilin yayında SSRİ, ABŞ və Böyük Britaniya arasında bir sıra müqavilələr imzalandı. Avqustun 2-də ABŞ SSRİ-yə iqtisadi yardım edəcəyi barədə qərarını bildirdi. 1942-ci ilin 23 fevralında ABŞ və Böyük Britaniya arasında təcəvüzkara qarşı mübarizəyə qarşılıqlı yardım prinsipləri barədə saziş imzalandı. Faşizm əleyhinə kapitalizm və sosializm sistemlərinin vahid koalisiyası yaradıldı və 50 dövlət birləşdi.
Müharibənin gedişində əsaslı dönüşün yaranmasında Şərq cəbhəsində sovet qoşunlarının Stalinqrad (1942-1943) və Oryol-Kursk ətrafında alman ordularına qarşı keçirdikləri hərbi əməliyyatların müstəsna rolu olmuşdu. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt olunmuş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. 1944-cü il iyulun 6-da Fransanın şimalına (Normandiya) qoşun çıxarılması ilə ikinci cəbhə açıldı. 1945-ci il aprelin 16-da Berlin uğrunda döyüşlər başlandı. Aprelin 25-də Elbada müttəfiq qoşunları görüşdü. Berlinin mühasirəsi başa çatdı. Mayın 2-də Berlin alındı. Mayın 8-də Almaniya danışıqsız təslim aktını imzaladı.
Azərbaycan II Dünya müharibəsi illərində
Zəngin sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci dünya müharibəsində də iri dövlətlərin marağında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.
Sovet Azərbaycanı isə SSRİ-nin tərkibində olduğuna görə hələ 1939-cu ilin payızında müharibəyə cəlb olunmuş, 1941-ci ilin iyunundan isə alman faşizminə qarşı müharibədə iştirak etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: "İkinci Dünya müharibəsi, əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə motorların, tankların, qırıcı və bombardmancı təyyarələrin, digər döyüş maşınlarının müharibəsi olmuşdur. Neft və neft məhsulları olmadan hərbçilər bu texnikanı hərəkətə gətirib düşmən üzərində qələbəni təmin edə bilməzdilər. Müharibə illərində Azərbaycan neftçiləri bütün çətinliklərə baxmayaraq, silahlı qüvvələri kifayət qədər yanacaqla təmin edə bilmişdilər".
Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdı. Müharibə illərində bütün Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni verirdi. 1941-1945-ci illərdə Bakı ölkəyə (SSRİ) 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmiş, "Katyuşa" raketi, "Şpaqin pulemyotu" istehsal edir, burada "Şpaqin YAK-3" qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və hissələri hazırlanırdı.
Müharibə illərində Azərbaycanın elm xadimləri də müxtəlif problemlərin uğurlu həlli yolunda səylə çalışırdılar. Məşhur kimyaçı alimlərimizin, o cümlədən Yusif Məmmədəliyevin və başqalarının birgə səyi və əməkdaşlığı nəticəsində ən yüksək oktanlı benzin və sürtgü yağları növləri alınmışdır. Kimyaçı alimlər müharibə illərində 38 növ sürtgü yağı, 9 adda təyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişlər. SSRİ-nin ən məşhur kimyaçı alimləri içərisində layiqli yer tutan Yusif Məmmədəliyevin qələbədə xüsusi rolu təqdirəlayiqdir. O, ən yüksək oktanlı təyyarə benzini, donmayan motor və sürtgü yağları, "Katyuşa" silahı üçün xüsusi mərmilər və başqa qiymətli komponentlər ixtira etmişdi. Keçmiş SSRİ-nin sabiq müdafiə naziri, Sovet İttifaqı marşalı, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı K.Y.Jukov öz memuarında yazmışdı: "Bakı cəbhəni lazım olduğu qədər yanacaqla fasiləsiz olaraq təmin edirdi". Rus şairi S.Mixalkov isə bu münasibətlə yazırdı: "Bakı nefti olmasaydı, heç bir tank, heç bir təyyarə yerindən tərpənməzdi, ölkədə istehsal olunan külli miqdarda hərbi texnika dəmir yığnağı olardı və qələbə qazanılmazdı".
Müharibə dövründə respublikamızın sənaye müəssisələri qələbə naminə cəbhəni lazımi məhsullarla aramsız olaraq təmin edirdilər. Azərbaycanın yüngül sənayesi cəbhənin ehtiyacları üçün təxminən 30, yeyinti sənayesi 50, yerli sənayesi isə 200 növə qədər məhsul istehsal edirdi. Ümumilikdə, cəbhəyə respublikamızda 125 vaqon isti paltar yollanılmışdı. Eyni zamanda, ordu üçün respublikamızdan dava-dərman, tibb preparatları və lazımi başqa dərmanlar da göndərilmişdi. Azərbaycan vətəndaşları 1941-1943-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər.
Bir sözlə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Azərbaycan xalqı daha çox itkilərə və hədsiz məhrumiyyətlərə məruz qalmış, düşmən üzərində qələbə qazanılması üçün özünün var qüvvəsini əsirgəməmişdir. Azərbaycan xalqının misilsiz xidmətləri, qələbə naminə göstərdiyi fədakarlıq ermənipərəst İttifaq rəhbərliyi tərəfindən qiymətləndirilməmiş, hətta Azərbaycana qarşı ayrı-seçkilik, ikili standart tətbiq olunmuşdu. Bakı müharibə illərində cəbhəyə həm yanacaq verirdi, həm də hərbi texnika istehsal edirdi. Lakin bunun müqabilində Bakıya "qəhrəman şəhər" statusu verilmədi, keçmiş SSRİ-də Moskva, Leninqrad və Kiyevdən sonra iri şəhər olan Bakıya II və III dərəcəli status verildi, Tiflis və Yerevan isə I dərəcəli şəhər kimi ən yüksək dərəcədə təmin edildi.
Azərbaycanlıların alman faşistlərinə qarşı döyüşlərdə qəhrəmanlıqları
Ümumi əhalisi 3,4 milyon olan Azərbaycan "Böyük Vətən müharibəsi" kimi tarixə düşmüş 1941-1945-ci illər müharibəsinə 640 minə yaxın oğlan və qız göndərmişdi. Böyük Vətən müharibəsi illərində Azərbaycanda yaradılan beş milli diviziya - 77-ci, 223-cü, 271-ci, 402-ci və 416-cı diviziyalar şərəfli döyüş yolu keçərək Azərbaycan xalqının və Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə daxil oldu. Müxtəlif cəbhələrdə göstərdikləri rəşadətə görə 416-cı diviziya "Taqanroq diviziyası" (Taqanroqu azad etdiyinə görə), döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya "Temryuk diviziyası" (Taman yarımadasını azad etdiyinə görə), 77-ci diviziya isə "Simferopol diviziyası" (Simferopolu azad etdiyinə görə) adını qazanmışdılar. 416-cı diviziya Qafqazdan Berlinə qədər döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları haqqında Ulu Öndər Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir".
1941-ci il iyulun 17-də Leninqrad səmasını qoruyan Hüseynbala Əliyev döyüş tapşırığını uğurla yerinə yetirib geri qayıdarkən 3 düşmən təyyarəsi ilə üz-üzə gəlir. Qeyri-bərabər döyüşdə sərrast atəşlə düşmən təyyarələrinin üçünü də məhv edən cəsur döyüşçü 17 güllə yarası almasına baxmayaraq öz qırıcısını yerə endirə bilmişdi. 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə İsrafil Məmmədov misilsiz igidlik göstərmiş, 10 saat düşmənlə qeyri-bərabər qanlı döyüşdə təkbaşına yüzlərlə alman faşistini öldürmüşdür. Döyüşlərdə yüksək iradə və qəhrəmanlıq göstərən İsrafil Məmmədov ilk azərbaycanlı olaraq  Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qafur Məmmədov, İdris Süleymanov da Şimali Qafqaz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişlər. 1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı böyük igidlik göstərmişdi. Həzi Aslanovun tank alayı düşmənin 45 tankını, 26 topunu, 50 avtomobilini və eyni zamanda, 2 min nəfərədək zabit və əsgərini məhv etmiş, 13 tankını və 175 avtomaşınını ələ keçirmiş, 700 nəfərini əsir götürmüşdü. H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O, ikinci dəfə bu adı Brezina çayını keçərək Presini şəhərini və 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. 1945-ci ilin yanvarında Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdiyi igidliyə görə görkəmli tarixçi alim, akademik Ziya Bünyadov da daxil olmaqla, 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Azərbaycandan cəbhəyə səfərbər olunan 640 min adamdan yarıdan çoxu həlak olmuş və itkin düşmüş, 123 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox azərbaycanlı əsgər və zabit müharibədə göstərdikləri igidliklərə görə müxtəlif orden və medallarla təltif olunub. Təkcə SSRİ-nin deyil, eyni zamanda, digər ölkələrin də faşizm işğalından azad edilməsində xüsusi qəhrəmanlıq göstərmiş əfsanəvi qəhrəman "Mixaylo" ləqəbli Mehdi Hüseynzadə kimi Azərbaycan övladları həm İtaliya, həm Yuqoslaviya, həm də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
1418 gün davam edən Böyük Vətən müharibəsi sovet xalqının sıx birliyinin və vətənə məhəbbətinin nümayişinə çevrilmişdi. Böyük qələbə, milliyyətindən asılı olmayaraq, xalqların kütləvi qəhrəmanlığının məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra müharibə veteranlarının xidmətləri çox yüksək qiymətləndirilmiş, veteranlara dövlət qayğısı göstərmək haqda 1994-cü ildə fərman imzalamışdır. Ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də yüksək səviyyədə davam etdirilir. Bunu cənab İlham Əliyevin 1941-1945-ci illər müharibəsi veteranlarına, əlillərinə, həlak olmuş və sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə dövlət qayğısının artırılması haqqında verilmiş fərmanı, Qələbə günü münasibətilə hər il müharibə veteranlarının təbrik edilməsi və onlara verilən birdəfəlik yardımlar haqqında sərəncamları və yubiley medalları ilə təltif edilməsi buna əyani sübutdur.
 XX əsrdə bəşəriyyət alman faşizmi ilə, Azərbaycan xalqı isə dörd dəfə (1905-1911, 1918-1924, 1948-1954, 1988-1994) erməni faşizminin vəhşilikləri ilə üzləşmişdir. Erməni daşnaklarının törətdikləri vəhşiliklər öz miqyasına və qəddarlığına görə heç də Böyük Vətən müharibəsində faşistlərin törətdikləri vəhşiliklərdən geri qalmamışdır. Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə zamanı torpaqlarımızın bir qismi işğal olunmuşdur. Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə 44 günlük müharibədə başa çatmışdır. 2020-ci ilin sentyabrın sonuna kimi təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində Azərbaycan Ordusunun əks-hücum əməliyyatları heç vaxt erməni işğalı ilə barışmayacağını, daim döyüşə hazır olduğunu göstərdi. Babalarımızın Böyük Vətən müharibəsində, atalarımızın və qardaşlarımızın Qarabağ savaşında göstərdikləri qəhrəmanlıqları özlərinə örnək götürən qəhrəman Azərbaycan xalqının övladları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi ədaləti bərpa edərək 30 ilə yaxın davam edən əzəli və əbədi torpaqlarımızı erməni işğalından azad etdi. Azərbaycanın parlaq qələbəsi dövlətimizin regionda söz sahibi olduğunu tam açıqlığı ilə nümayiş etdirdi.
İdeoloji iş və Mənəvi-Psixoloji Təminat İdarəsi