Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2023 17:16

Hərbi xidmət, Novruz tonqalı, niyyət işığı

Ümummilli Lider Heydər Əliyev: “Novruz bayramı tarixi irsə bağlılığımızı parlaq nümayiş etdirir”

Min illərlə yaşadılan adətlər, ənənələr xalqın mədəniyyətinin tərkib hissələrindəndir. Bunlar yeniyetmələrin, gənclərin dünyagörüşünün formalaşmasında, vətənsevərliyin tarixi ənənələrlə bağlılığında, bu ənənələr əsasında daha da genişlənməsində əhəmiyyətlidir. Novruz bayramını  şərtləndirən adətlərin yaşadılması da bunun təzahürüdür.
Yaz həm ruhən təzələnmə fəsli, həm də Novruz bayramının verdiyi könül xoşluğudu. Novruz bayramını hərbi qulluqçularımız da coşqu ilə qarşılayırlar. Novruz - niyyətlər bayramıdı, istəklər, murazlar bayramıdı. Novruzda qalanan bayram tonqalları göy üzünə niyyət misraları yazır elə bil. Bu misraları ruhun ululuğa müraciəti də adlandırmaq olar...
Bu ilin Novruz bayramı hərbi qulluqçuların xalq adına, dövlət adına, dövlətçilik adına gözəl niyyətlərinin bayramıdı. Onlar hərbi qulluqçularımızı və xalqımızı əziz bayram münasibətilə təbrik edirlər. Hər təbrik bir ürəyin niyyət işığıdı...
"Azərbaycan Ordusu"

Kapitan Tural Piriyev:
- Hər zaman zabit olmaq, ordu sıralarında xidmət etmək böyük xəyallarımdan olub. Anlayırdım ki, bu xəyalı gerçəkləşdirmək üçün çox çalışmalıyam. Zabit olmaq istəyi ilə çalışdım da. Təhsilimi uğurla başa vurduqdan sonra ordu sıralarında xidməti vəzifəmi yerinə yetirirəm. Gənc əsgərlərlə ünsiyyət qurmaq, silahla davranış qaydalarını öyrətmək xüsusi bacarıq tələb edir. Onlarla apardığımız vətənpərvərlik mövzusundakı söhbətlər nəticəsində Vətən sevgiləri daha da yüksəlir. Xalqımızın hər bayramını hərbi xidmətdə olan əsgərlərimizlə adət-ənənələrimizə uyğun qarşılayırıq.
Novruz bayramı hərbi hissəmizdə də coşqu ilə qarşılanacaq, Novruz bayramını şərtləndirən tonqallar qalanacaq, birlik rəmzi olan tonqalların ətrafında toplanılacaq.
Xalqımızı, qalib ordumuzun zabit və əsgərlərini əziz bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, xoş arzu və niyyətlərinə çatmalarını arzulayıram. Düşünürəm ki, ən böyük bayram niyyətimiz Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə Şuşada qaladığı bayram tonqalı ilə gerçəkləşdi. İndi bayramlarımız Cəbrayılda, Zəngilanda və işğaldan azad edilmiş digər torpaqlarımızda da qeyd edilir. Arzu edirəm ki, qalanan tonqallarımızın odu heç vaxt sönməsin. Novruz bayramınız mübarək, əziz hərbi qulluqçularımız!..

Leytenant Samir Musayev:
- Novruz adətləri hər birimizin yaddaşımızda da yaşayır, düşüncələrimizdə də. Hər il Novruzun gəlişini böyük sevinclə gözləyirik. Uşaqlığımızda da belə gözləmişik, yeniyetməliyimizdə də. Bu adətlərin hər biri həm ayrılıqda, həm də vəhdətdə xalqımızın min illik tarixinin ifadəsidir. Təbiətin oyanışını xalqın sabahlarına ad edənlər, sabahlar üçün bu adətləri qoruya-qoruya torpağı da qoruyublar. Hər il Novruz tonqalları el-obanın, xalqın firavan gələcəyi naminə istək kimi çatılıb. Bu tonqalın dövrəsində xoş diləklər səslənib, gərəkli öyüdlər eşidilib. Vətənə, torpağa ad olan diləklər, bu diləklərin gerçəkləşməsinə görə deyilən öyüdlər tonqalın dövrəsində içilən anda dönüb.
Yadıma gəlir ki, Novruz tonqalının üstündən hoppanardıq, böyüklər buna tonqalın müqəddəsliyinə qovuşmaq deyirdilər. İllərlə o müqəddəsliyə biz də can atmışdıq. O müqəddəsliyin mahiyyətini böyüyəndən sonra  öyrənmişik, hərbi xidmətdə bilmişik, daha geniş dərk etmişik.
2020-ci ilin Novruz bayramında tonqallar bir niyyətlə qalanmışdı: torpaqlarımız işğaldan azad edilsin! 2020-ci il sentyabrın 27-də əks-hücum kimi başlayan İkinci Qarabağ müharibəsi ordumuzun tarixi Zəfəri ilə başa çatdı.
2021-ci ilin Novruz bayramının gözəl ovqatını heç birimiz heç zaman unutmayacağıq. Onda Novruz tonqalları gözəl bir niyyətlə qalanmışdı. Azərbaycanın ərazi bütövlüyü tam təmin edilsin!
 Bu il Novruz tonqalları daha bir xoş niyyətlə qalanır: İşğaldan azad olunmuş şəhər və kəndlərimizdə quruculuq işləri uğurla başa çatsın!
Mən xidmət etdiyim bölüyün şəxsi heyəti adından, şəxsən öz adımdan Azərbaycan Ordusunun əsgər və zabitlərini bayram münasibətilə təbrik edir, hər birinə möhkəm cansağlığı, xidməti uğurlar arzulayıram.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Seymur Hüseynquliyev:
- Novruz bayramı xalqımızın ən önəmli bayramlarından biridir. Yazın gəlişi ilə təbiət oyanır: ağaclar tumurcuqlayır, otlar göyərir, çiçəklər ləçəkləyir. Əcdadlarımız yazın gəlişini yeni il kimi qeyd ediblər. Hazırda bir çox Şərq ölkələrində təqvimin dəyişilməsi Novruzla əlaqəlidir.
Rus imperiyasının tərkibində olduğumuz illər ərzində xalqımıza bu bayramı qeyd etmək qadağan edilmişdi. Azərbaycan yazıçısı, şairi, dramaturqu, filoloqu, dövlət və ictimai  xadim Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramı Azərbaycanda kütləvi şəkildə qeyd edilməyə başladı. Lakin xalqımız qədim adət-ənənəsini unutmamış, qadağalara görə məhdud çərçivədə - ailə, el-elat səviyyəsində də olsa qeyd etməklə yaşatmışdı.
Mən müstəqilliyimizdən əvvəl doğulmuşam. Uşaqlığımızda kəndimizdə hər il su, od, yel, torpaq çərşənbələrini qeyd edirdik. Bu çərşənbələrdə tonqal qalayıb üstündən "Ağırlığım, uğurluğum odda yansın", - deyib tullanırdıq. On beş ildir ki, hərbi xidmətdəyəm. Bu illər ərzində hərbi hissədə Novruz bayramını təmtəraqla qarşılamışıq. Bütün çərşənbələrdə tonqal qalamışıq, bayram konsertləri təşkil olunub, rəqslər etmişik. Yataqxanalarda, yeməkxanalarda səmənilər Novruz bayramının gəlişinin ovqatına dönüb.
Bu ovqat hər yanda hiss olunub. Bayram günlərində Novruzun personajları olan Kosa, Keçəl, Bahar qızı hərbi hissəyə gəlirlər. Onlar şəxsi heyətə bayram əhval-ruhiyyəsi bəxş edirlər. Bayram süfrəsi açılır. Masaların üzərinə şirniyyatla zəngin xonçalar düzülür. Ulu babalarımızdan yadigar qalan bu bayramı çox sevirəm.
Novruz bayramı münasibətilə xalqımızı, bütün hərbi qulluqçuları ürəkdən təbrik edir, onlara bol ruzi-bərəkət arzulayıram.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eldar Aslanov:
- Novruz bayramı xalqımızın ən əziz bayramlarından biridir. Bu əziz bayramı bütün dünya azərbaycanlıları böyük coşqu və təntənə ilə qeyd edir. Xalqımız Novruz ənənələrini əsrlərdir ki, qoruyub yaşadır. Birliyin, təzələnmənin rəmzi olan Novruz bayramının gəlişini hər zaman səbirsizliklə gözləyirik. Bu bayram milli-mənəvi dəyərlərimizi özündə təcəssüm etdirir. Hər zaman arzulayırdıq ki, Novruz tonqalları düşmən işğalında olan torpaqlarımızda alovlansın. Arzularımız gerçəkləşib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev mədəniyyət paytaxtımız Şuşada 2021-ci ilin martında Novruz tonqalı alovlandırdı. Hər birimiz həmin günü səbirsizliklə gözləmişdik. Vətən torpaqlarının azadlığı naminə neçə-neçə zabit və əsgərimiz şəhid oldu. Bu günümüzün qürurunu bizə onlar yaşadırlar. Vətən müharibəsində Zəfər qazanan Azərbaycan Ordusu minlərlə soydaşımızı doğma yurd yerlərinə qovuşdurdu. İndi o ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır. İşğaldan azad olunmuş ərazilərimizə dislokasiya olan hərbi hissələrdə xidmət edən şəxsi heyət Novruz bayramını böyük sevinc hissi ilə qarşılayır. Tonqal yandırılır, Kosa, Keçəl hər kəsə Novruz oyunları ilə gülüş bəxş edir. Bu gün hərbi xidmətdə olanlara, qazilərimizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Qalib Azərbaycan Ordusunun əsgəri kimi mən də xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm.

Əsgər Rahib Məmmədov:
- Hər xalqın özünəməxsus adət-ənənələri var. Bizim xalqımızın adət-ənənələri çox qədimdir. Adətləri, ənənələri qədim olan xalqın özü də qədim olur, yəni, çox qədim tarixə malikik. Biz əsgərlər bununla da qürurlanırıq.
Orta məktəbdə oxuyanda tariximizi də öyrənirdik, ədəbiyyatımızı da, folklorumuzu da. Adətlərimizi təkcə oxumaqla öyrənmirdik, onları görürdük, əksəriyyətinin icraçısı olurduq. Uşaqlığımızda Kosanın, Keçəlin oyunlarına biz də böyük maraqla baxmışıq. İllər keçdikcə bunların mənasını həm deyiblər, həm də oxuyub öyrənmişik. Nə oxuyub-öyrənmişiksə hamısı bir vətəndaş olaraq bizi mənəvi cəhətdən zənginləşdirir. Ədəbiyyat müəllimimiz deyirdi ki, oxuduqlarınız da, öyrəndikləriniz adətlərimiz də sizin xarakterinizi möhkəmləndirir. Boya-başa çatdığım Hacallı kəndində qaladığımız tonqalları, o tonqalların dövrəsində yaşadığımız gözəl anları heç zaman unutmaram. Bu il hərbi xidmətimin ilk tonqalını qalayacağıq. Həmin  anları bir qədər həyəcanla gözləyirəm. Həmişə tonqal qalananda ürəyimizdə niyyətlər tutardıq. Əsgər niyyəti bilavasitə torpaqla, dövlətlə, dövlətçiliklə bağlı olur. Bizim niyyətlərimiz də belə niyyətlərdən olacaq. Əminəm ki, Novruz biz əsgərlərin də niyyətlərini gerçəkləşdirəcək. Yeniyetməliyimdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş qonşumuzdan bir kəlam eşitmişdim: Sərhədlərimiz daxilində yad yellər əsməsin! Bu dua bizim də duamızdır...
Novruz adətləri ədəbiyyatımızda da yaşadılır, kinomuzda da, “Dəli Kür”də də Novruz adətləri elə gözəl təsvir edilib ki!
Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına xidməti uğurlar, cansaglığı arzulayıram...