Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Mart 2023 17:13

“Hərbi xidmət mənəvi borcdur”

İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə, səngərlərdə əsgərlərlə söhbətləşəndə əsgərlərdən birinin "Vətən haradan başlanır?" sualına müxtəlif cavablar səslənmişdi. Zabitlərdən biri "Vətən əsgər ürəyindən başlayır" demişdi. Əsgərlər həmin gün döyüş növbətçiliyinə bu cavabın mahiyyətli ovqatıyla getmişdilər. Aylar sonra İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad etməklə səngərləri sərhədlərimizə köçürmüşdülər. Bu, gənclərin Vətən sevgisini formalaşdırmışdı, çağırışçılar hərbi xidmətə bu ovqatla gedirdi...
Azər Həsənov Gəncə Aqrar Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdi. 2020-ci ilin iyununda onu da hərbi xidmətə çağırdılar. İkinci kursda oxuyanda hərbi xidmətdən qayıtmış qonşularının qürurla dediyi kəlmələri xatırladı: "Hərbi xidmətə gedəndə nə qədər sevinirsənsə, tərxis olunanda o qədər kövrəlirsən. Hərbi xidmət məktəbdir, hərbi vərdişlər, hərbi məsuliyyət öyrədən, əsgəri dostluq aşılayan qüdrətli məktəb...". Qüdrətli məktəb adlandırılan hərbi xidmətə gedəcəkdi...
Hərbi xidmətdəydi. O da komandirlərinin, zabitlərin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetirir, Hərbi Nizamnamələrin tələblərinə uyğun xidmət edirdi, hərbi hissədə nümunəvi əsgər kimi tanınırdı...
İkinci Qarabağ müharibəsində zabitlər də, əsgərlər də döyüşlərə getmək, döyüşmək istəsələr də, Azərin xidmət etdiyi hərbi hissə döyüşlərə cəlb edilmədi.
İkinci Qarabağ müharibəsi ordumuzun tarixi qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Bu böyük qələbə döyüşlərdə iştirak etməyən əsgərləri də qürurlandırmışdı. Döyüşdə iştirak etməyənlər döyüşdə iştirak edənlərə həsəd aparırdılar. Bu həsəd neçə əsgərin peşə seçimini müəyyənləşdirirdi. Azər Həsənov da həqiqi hərbi xidmətdən sonra ehtiyat zabit hazırlığı kursuna daxil oldu...
Leytenant Azər Həsənov hərbi xidmətini zabit kimi davam etdirir. Bir vaxtlar özündən tələb edilənləri əsgərlərindən tələb edir, özünə nələri aşılamışdılarsa, əsgərlərinə də onları aşılayır, özü necə xidmət etmişdisə, əsgərlərinə də elə xidmət etməyi tövsiyə edir. Bu da hərbi xidmətə, deməli, dövlətə, dövlətçiliyə sədaqətdir...
Leytenant Azər Həsənov dedi ki, hərbi xidmət təkcə vətəndaşlıq borcu deyil, həm də mənəvi borcdur. Mənəvi borcun ödənilmə müddəti olmur, bu borc son nəfəsəcən borc hesab edilir. Yəni, Vətən müqəddəsiliyi bu borcu da müqəddəsləşdirir. Hərbi xidmət ona görə də müqəddəsdir. Əsgərlərlə bu haqda həmişə söhbətlərimiz olur. Bu söhbətlər onların mənəvi-psixoloji hazırlığında gərəklidir...
- Əsgərlərin mənəvi-psixoloji hazırlığında Vətən müharibəsi iştirakçılarının xatirələri də əhəmiyyətlidir. Onlar hər xatirəni döyüş tarixi kimi dinləyirlər. Müharibə tarixi dövlətçilik tarixidir. Əsgərlərimiz dövlətçilik tariximizi maraqla öyrənir, öyrəndikləri düşüncələrini Vətənin müqəddəsliyinin daha əhatəli dərkinə yönəldir, - leytenant Azər Həsənov əsgərlərin mənəvi zənginliyini Vətən sevgisinin müəyyənləşdirdiyini də dedi...
"Həmişə İkinci Qarabağ müharibəsində iştirak edə bilmədiyimə görə təəssüflənirdim. Həqiqi hərbi xidmətdən sonra zabit hazırlığı kursu təəssüfümü bir qədər yumşaltdı. Taleyimdən razıyam ki, zabitəm, xidmətimi zabit kimi davam etdirirəm. Qürurla deyirəm ki, mən Azərbaycan Ordusunun zabitiyəm!..", - gənc zabitin qürurunu sezmək çətin deyil...
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"