Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Mart 2023 20:30

“Hər əsgəri övladımız bilirik”

Dislokasiya olunduğu ərazidən asılı olmayaraq Azərbaycan əsgərinin rahatlığını təmin etmək üçün hərbi hissələrdə lazımi şərait yaradılıb. Vətən müharibəsindən sonra da işğaldan azad edilən torpaqlarımızda xidmət edən əsgər və zabitlərimizin çətinlik çəkmədən, rahat xidmət etmələrini təmin etmək məqsədilə bu istiqamətdə görülən işlər davam etdirilir. Aparılan təmir, bərpa və yenidənqurma işləri nəticəsində yaradılan bütün hərbi hissələr müasir tələblərə tam cavab verir.
Hərbi qulluqçularımız növbənöv, dadlı yeməklərin bişirildiyi yeməkxanası, geniş və rahat yataqxanası, isti hamamı olan hərbi hissələrdə xidmət edirlər. Mövcud şəraitin yaxşı olması isə əsgərin uğurlu xidmət etməsi  və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün mühüm amillərdəndir.
"N" hərbi hissəsində Vətən keşiyində dayanan igid oğullarımız üçün yaradılan məişət şəraiti ilə tanış olduq. Hərbi hissənin zabiti Müşfiq Rəhimli bizi müasir avadanlıqlarla təchiz olunan, tam avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən camaşırxana ilə tanış etdi. Zabit bildirdi ki, məişət şəraitinin yaxşı olması əsgərlərin döyüş əzminə təsir edən amillərdən biridir. Yüksək məişət şəraitinin mövcud olduğu yerdə xidmət edən əsgərlərimizi yalnız bir məsələ düşündürür - hərbin sirlərinə dərindən yiyələnmək, döyüş vərdişlərini möhkəmləndirmək, qarşıya qoyulmuş mühüm tapşırıqları yerinə yetirmək!
Geniş, səliqəli, bir neçə hissədən ibarət olan camaşırxana təmizliyi ilə diqqətimizi çəkdi. Camaşırxana rəisi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mərdan Bəkirov bizi qarşılayaraq işin gedişatı barədə geniş məlumat verdi. Bildirdi ki, burada çirkli camaşırların qəbulu, yuyulması, ütülənməsi, təmiz camaşırların saxlanc otaqlarında çeşidlənib saxlanılması və hərbçilərimizə geri qaytarılması prosesləri həyata keçirilir. Xüsusi geyim formasında olan qadın operatorlar əl əməyindən demək olar ki, istifadə etmədən avtomatlaşdırılmış xüsusi avadanlıqlar  vasitəsilə öz xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.
Görülən işlər barədə daha geniş məlumat almaq üçün operatorlarla söhbətləşdik. Seydarə Nəcəfova bildirdi ki, camaşırxana yeni avadanlıqlarla təchiz edilib və tam olaraq müasir standartlara cavab verir. "Burada şəxsi heyətin geyimləri və çirkli yataq dəstləri təyin olunmuş günlərdə bölmələrdən təhvil alınaraq əvvəlcə rənginə, növünə və kirlilik dərəcəsinə görə çeşidlənir. Sonra çeşidlənən eyni rəngli və növlü çirkli camaşırlar maşınlara yüklənib xüsusi antibakterial təmizlik vasitələri ilə tam gigiyenik qaydada yuyulur. Yuyulma təyin olunmuş istilik dərəcəsində müasir aparatlarla həyata keçirilir. Yuyulan camaşırlar daha sonra xüsusi avadanlıqlarla qurudularaq ütülənməsi üçün ütü maşınının operatoruna təhvil verilir. O da öz növbəsində camaşırları yüksək səviyyədə ütüləyərək müvafiq saxlanca göndərir. Gördüyünüz kimi, yeni avadanlıqların köməkliyi ilə əsgərlərimiz təmiz geyimlərlə, yataq dəstləri ilə təmin olunurlar. Bu prosesdə rolumuzun olması bizləri sevindirir. Onların hər biri övladlarımızdır".
Yuyucu maşınların operatoru Şəfəq Salahova dedi ki, müasir avadanlıqlarla təchiz olunan camaşırxanamız gün ərzində yüzlərlə əsgərin geyim formasını yuyub-qurudub, təhvil verməyimizə imkan yaradır. "Hər bir əsgəri öz övladım bilmişəm. Onların təmiz geyimlər geyindiyini görmək məni sevindirir. Vətən müharibəsi zamanı oğlum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kamil Salahov torpaqlarımızın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Döyüş meydanında onun qisasını alan, bizə torpaqlarımızın azadlığını bəxş edən igid oğullarımızın davamçılarının qulluğunda durmaqdan qürur duyuram".
Operatorlar Elnurə Dadaşova, Nüşabə Məmmədova, Südabə Hacıyeva, Könül Əhmədova, İlhamə Ağayeva, Zülfiyyə İbrahimova və Afaq Qasımova da gördükləri işdən zövq aldıqlarını, hərbi hissənin gündəlik fəaliyyətinin bir parçası olduqlarına sevindiklərini qeyd etdilər. Maraqlı və məlumatlandırıcı söhbətdən sonra onlara işlərində uğurlar arzulayıb, yolumuza davam etdik. Əsgər camaşırxanasında çalışan xanımların işlərinə məsuliyyətlə yanaşmaları, şəxsi heyətə göstərilən diqqət və qayğı ilə yaxından tanış olaraq, bir daha əmin olduq ki, əsgərlərimizin sosial-məişət şəraiti olduqca yüksək səviyyədədir. Bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığını və döyüş ruhunu artırmağa köməklik edən başlıca amillərdəndir.    
 
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"