Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Mart 2023 20:30

Azərbaycan əsgəri ilaxır çərşənbədə niyyət tonqalı yandırdı

Bu tonqalın şöləsi həlimləşən gecənin gözlərinin işığına dönüb. Gecənin gözəlliyini qənirsiz niy-yətə ad olan tonqalın özü boyda  işığının əhatəsində təkcə təbiətin fəsli kimi deyil, həm də gözəl yaz ovqatı ilə ruhumuzun fəsli kimi yaşayırıq. Yaz biçimli bu gözəl gecədə həzin-həzin əsən mehi üç il əvvəl ruhumuzun gözaydınlığı olmuş bir payız səhərinə salavat bilirik...
Azərbaycan əsgəri niyyət tonqalı çatıb. Bu tonqal yerə-göyə sığmayan məhəbbət tonqalıdı. Bu məhəbbət Vətənə məhəbbətdi, dövlətə, dövlətçiliyə, xalqa məhəbbətdi. Bu məhəbbət ruhumuzun yaşatdığı məhəbbətdi. Bu məhəbbət xəlqi məhəbbətdi. Ona görə bunca dönməzdi...
Bu tonqal tarixləşən Zəfərə sədaqət tonqalıdı.
İşğalçı Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycanın torpaqlarından - işğal etdiyi ərazilərdən Azərbaycan torpaqlarına hücum etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, İkinci Qarabağ müharibəsi - azərbaycançılığın erməniliyə qarşı ədalətli müharibəsi idi, 28 il ruhumuzun sıxıntısına dönən işğalı sonlandırmalı müharibə idi, Bağanis-Ayrım, Ağdaban, Qaradağlı, Meşəli, Xocalı faciələrinin göy üzündə dolaşan haraylarının müharibəsi idi, dünyanı haqq yoluna qaytarmaq üçün yaşayanların müharibəsi idi...
Ordu hissələrimiz Ermənistanın işğal etdiyi ərazilərdə yaratdığı sədləri darmadağın etdi, mövqe qələbələri qazana-qazana ruhumuzun şəhərinə - Şuşaya yaxınlaşırdı. Dünyanı heyrətləndirən o döyüşlər Azərbaycan əsgərinin qətiyyətinin, Vətən sevgisinin, qələbə ruhunun döyüşləriydi. Bu döyüşlər təkcə Şuşanın işğaldan qurtuluş döyüşləri deyildi, işğalı sonlandıracaq döyüşləriydi. Rus jurnalisti yazırdı ki, belə döyüş, belə dövlət, Vətən sevgisi görən olubmu, demək çətindi. Azərbaycan əsgəri yaralını da, şəhidi də özü ilə aparırdı. Nəfəs dərmədən Şuşaya çıxdılar. Bu kəlmələrdə Azərbaycan əsgərinə ehtiram var, sevgi biçimli rəğbət var. İlaxır çərşənbədə Azərbaycan əsgərinin yandırdığı tonqalın işığında bu rəğbət də, bu sevgi də aydınlığıyla görünür...
Bu tonqal Azıx, Tağlar dünyasına ziyarətin tonqalıdı. Belə ziyarət xalqın ilkinə, başlanğıca mənəvi dönüşüdü - sabahlara aparan yeni uğur deməkdi. Bu tonqal qanına dolan, tamahının qulu olan dünyanı 2020-ci ilin noyabrında Haqqın yoluna qaytaranlara Azıxın, Tağların mənəvi uğurlamasıdı. Azıxın, Tağların timsalında neçə min illərin tarixini yaşadan məkanların xeyir-duasıdı.
Azıx da, Tağlar da Xocavənddədi. Onlar da 28 il işğalda qalmışdı. Düşmən təkcə torpaqlarımızı deyil, tariximizin ən qədim bir mərhələsini də işğal etmək niyyətindəydi. Düşmən də, onun havadarları da unudurdular ki, bu tarix təkcə bizim yox, bəşəriyyətin tarixidi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il martın 15-də - ilaxır çərşənbədən bir gün əvvəl Azıxda çıxışında demişdi: "Bu, dünyanın ən qədim insanının qədim yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar...". Bu kəlamların işığı erməniliyin törətdiklərinin birinin də gizlincini işıqlandırır. Bu tonqal müqəddəsliyin tonqalıdı, müqəddəslikdə səmavi qüdrət olur - bu tonqalın ziyası təkcə erməniliyin deyil, məmləkətimizə, xalqımıza korş baxanların hamısının zahirdə elədiklərinin batinini də işıqlandıracaq. İlaxır çərşənbədə Azərbaycan əsgərinin yandırdığı tonqal həm də bu niyyətin tonqalıdı...
Azərbaycan əsgərinin ilaxır çərşənbədə yandırdığı tonqal tarixin daş yaddaşına tarix yazan qətiyyətin tonqalıdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətinin qətiyyəti - "Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək" - Azərbaycan əsgərinin döyüş əzmi idi, qələbə ruhu idi. Azərbaycan əsgəri qətiyyətlə  döyüşürdü, düşmənin dayaq məntəqələrini, komanda məntəqələrini, döyüş texnikalarını, canlı qüvvəsini məhv edə-edə qələbələr qazanırdı. Bu qələbələr Azərbaycan əsgərini İkinci Qarabağ müharibəsinin sonuncu gülləsinin atılacağı məqama yaxınlaşdırırdı...
Azərbaycan Ordusu tarixi Zəfər qazandı - 8 Noyabr Zəfər Günü kimi tarixləşdi...
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu müharibədə qazanılmış Zəfərin sonrasını o qədər duyğusallıqla ifadə edib ki! - "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələn çay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır". Azərbaycan əsgərinin ilaxır çərşənbədə çatdığı tonqal 2021-ci il iyunun 15-də Şuşada bağlanmış Şuşa Bəyannaməsinin tonqalıdı. Ona görə belə gur yanır...
Bu tonqal həm də Şər baş qaldıranda hər daşından alov dilli ox olan bir dövlətin apardığı ədalətli müharibədə noyabrın 8-ni Zəfər kimi tarixləşdirən qüdrətin tonqalıdı, Azərbaycanla Türkiyənin mənəvi birliyinin tonqalıdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik"...
Türkiyə həmişə Azərbaycanın, Azərbaycan həmişə Türkiyənin yanında olub. Sarıqamışda da, Çanaqqalada da, Anadoluda da, ... , Bakının eser-daşnaklardan azad edilməsində də, İkinci Qarabağ müharibəsində də, 6 fevral zəlzələ-faciəsində də...
Azərbaycan əsgərinin ilaxır çərşənbədə çatdığı niyyət tonqalı 2020-ci ilin payızında səngərlərdən döyüşlərə, döyüşlərdən qələbələrə aparmış neçə-neçə hekayətin tonqalıdı. Bu hekayətlərin hər biri bir tarixdi. İlaxır çərşənbənin tonqalları bu hekayətlərə ehtiramın tonqalıdı. Üç əsgər dostun hekayəti kimi:
Hərbi xidmətə eyni gündə gəlmişdilər. Üçü də ali təhsilliydi. İlham ədəbiyyat müəllimiydi, Rəhman rejissoruydu, Mikayıl rəssamıydı. İlhama Şair deyirdilər, Rəhmana Bəstəkar, Mikayıla Rəssam. İkinci Qarabağ müharibəsi başladı. Onlar da döyüşənlərin sırasındaydılar.
Füzuliyə hücum olacaqdı. Yanaşı döyüşəcəkdilər. Zaman dayanmışdı elə bil. Dayanmış zaman içində Şairə elə gəlirdi ki, barmağıyla torpağa misralar yazır, Rəssam xəyalında rənglərlə qələbə anını çəkirdi, Bəstəkar qənşərindəki kiçicik daşları royal dilləri kimi dilləndirirdi. Çağıran olmasa nələr yazılardı, nələr çəkilərdi, nələr eşidilərdi?!.
Şair ortada döyüşürdü, Bəstəkar Şairin sağında, Rəssam şairin solunda...
"Şair!" - Rəssamın səsiydi, səsindən hiss elədi ki, yaralanıb. Ona sarı getmək istədi. Bəstəkarın səsini eşitdi. "Şair!". O da yaralanmışdı. O da Şairi köməyə çağırırdı... Beş-üç anın içində bir addım sola atdı, bir addım sağa. Sola dönəndə sağı yanırdı, sağa dönəndə - solu. Ömrünü iki ömür arasında bölməyə gücü çatacaqdımı?..
Sağa baxdı... Sola baxdı... Azca dikələndə ürəyinə güllə dəydi... Şair şəhid oldu, Bəstəkar da, Rəssam da şəhid olmuşdu...
İlaxır çərşənbədə  Azərbaycan əsgərinin çatdığı tonqal Şairə, Rəssama, Bəstəkara, Şairin, Rəssamın, Bəstəkarın timsalında bütün şəhidlərə ehtiramın tonqalıdı...
Bir azdan tonqaldan atılanlar "Ağırlığım-uğurluğum burada qalsın!" deyəcəklər...
Azərbaycan əsgəri ilaxır çərşənbədə niyyət tonqalı alışdırıb. Əsgər Elxan Teyyubov belə tonqalların Azərbaycanın hər yerində qalanmasını arzulayıb, əsgər Həsən Atakişiyev Dədə Qorqudun öyüdüycə qalanan tonqalların həm də quruculuq işlərinə çağırış olduğunu xatırladıb, əsgər Tacəddin Əliyev deyib ki, kənddə qaladığımız tonqal belə gur yanmırdı, indi bütün tonqallar Azərbaycanın qüdrətinin tonqalıdı, leytenant Nicat Əsgərov deyib ki, bu tonqal qorunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ilin martında Şuşada yandırdığı tonqaldan götürüb. Mayor Rəşad Əliyev əsgərlərin fikirlərini gərəkli bir niyyətlə yekunlaşdırıb: İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində iştirak etməklə orada niyyət tonqalı qalamağa niyyətlilər, tonqalın üstündən atlanın!
Əsgərlər tonqalın göylərə sarılan alov dilimlərini həvəslə aşıblar...
Azərbaycan əsgərinin ilaxır çərşənbədə çatdığı bütün niyyət tonqallarının istisində əsgərlər ruhən Qorqud Dədənin alğışını eşidiblər, gümanındayıq: Yanar ocaqlarınız sönməsin!..

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"