Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2023 11:39

Sağlamlıq və çeviklik qələbənin rəhnidir

İnsan sağlamlığında fiziki hazırlığın önəmli rolu var. Uşaqlıq, yeniyetməlik çağlarından idmana böyük maraq göstəririk. Ən çətin hesab olunan idman çalışmalarını yerinə yetirməyə can atırıq. Bu da səbəbsiz deyil. Çünki idman insanın sağlamlığına, həm də onun daha da gümrah olmağına zəmin yaradır. Hər birimiz böyüyüb yaşa dolanda özümüzə peşə seçirik. Elə peşələr var ki, burada fiziki hazırlıq mühüm önəm kəsb edir. Hərb sənəti kimi...
Özünə hərbçi peşəsini seçmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Nicat Əliyev fiziki cəhətdən möhkəmdir. Onun bu möhkəmliyi həm sağlamlığına, həm də xidmət zamanı vəzifə borcunu yüksək səviyyədə yerinə yetirməyə zəmin yaradır. Hələ kiçik yaşlarından idmana böyük maraq göstərdiyini deyən Nicat müxtəlif idman oyunlarında bacarığını ortalığa qoyub. Daha çox futbol oynamağı sevən bu gənc gələcəyini peşəkar idmanda deyil, hərbidə görüb. Əslən Ağdamdan olan çavuş Nicat Loğman oğlu Əliyevin doğma rayonu ermənilər tərəfindən işğal olunduğu üçün həmişə qisas hissi ilə yaşayıb. Görmədiyi, ancaq hər zaman getməyə can atdığı Ağdamın azad edilməsi üçün döyüşənlərin sırasında olmaq istəyib. Bunun üçün də hərbçi olmaq qərarına gəlib.
Çavuş Nicat Əliyev "N" hərbi hissəsində xidmət edir. İlk gündən də nümunəvi əsgər olmaq, komandirlərin verdiyi əmr və tapşırıqları vaxtında icra etməyi qarşısına məqsəd qoyub.
Hərbi qulluqçunun yüksək fiziki hazırlığa malik olması onun üçün ən vacib amillərdən biridir. Nicat deyir ki, əsgərin ona təhkim edilmiş silahdan düzgün istifadə etməyi nə qədər önəmlidirsə, fiziki cəhətdən sağlam və çevik olması da bir o qədər gərəklidir. Necə deyərlər, sağlamlıq və çeviklik qələbənin rəhnidir.
Çavuş Nicat Əliyev İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Suqovuşanın azad edilməsində digər döyüşçülər kimi onun da xidmətləri çox olub. Onunla birlikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgərlər Elçin Kazımlı və Valeh Hüseynov da Vətən torpaqlarımızın erməni işğalından azad edilməsində böyük igidliklər göstəriblər. Əsgər Elçin Kazımlı döyüşlərdə yaralanıb. Sağalandan sonra döyüş meydanına yenidən qayıdıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə çavuş Nicat Əliyev, əsgər Elçin Kazımlı və Valeh Hüseynov müxtəlif medallara layiq görülüblər.
Adlarını çəkdiyimiz hərbi qulluqçular Vətənimizi göz bəbəkləri kimi qorumaq üçün xidmətlərinə böyük məsuliyyətlə yanaşırlar. Onlar fiziki hazırlıqlarını da daim artırırlar. Günün nizam qaydasına uyğun olaraq idman hazırlığı saatlarında meydançadakı müxtəlif alətlərdə fiziki hazırlıq üzrə normativləri yerinə yetirməyi məşq edirlər. Yaxşı dərk edirlər ki, yüksək idman hazırlığı həm də yüksək döyüş hazırlığına təminatdır.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"