Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2023 11:32

“Hərbi anda sadiq qalacağıq”

"Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında" dövlət başçısının müvafiq Sərəncamı yerlərdə yüksək səviyyədə icra olunub. Azərbaycan Ordusunun hərbi hissələrində də gənc əsgərlərin qəbulu artıq başa çatıb.

"N" hərbi hissəsində ezamiyyətdə olarkən gənc əsgərlərlə keçirilən dərs prosesini izlədik. Öyrəndik ki, hazırlıq proqramına uyğun olaraq onlara nizamnamə və hərbi qanunvericilikdən irəli gələn müvafiq tələblər, günün nizam qaydaları və ilkin vərdişlər, eyni zamanda, sıra, fiziki, atəş hazırlıqları üzrə çalışmaların elementləri öyrədilir. Vətən müdafiəçiləri artıq bir neçə gündür ki, Hərbi andı qəbul edib, Azərbaycan Ordusunun sıralarına daxil olublar. Onlar sıra, fiziki və ictimai-siyasi hazırlıq dərslərində fəal iştirak edirlər.
Bir qrup gənc əsgərlə görüşüb söhbət etdik, onların ürək sözlərini dinlədik.

Əsgər Vahid Cəfərov:
- Hazırlıqlar nəzərdə tutulan proqrama uyğun aparılır. Təcrübəli zabitlər hərbi xidmətin incəliklərini bizə öyrədirlər. İlk vaxtlarda çətinliklərimiz olsa da, qısa müddətdə onları aradan qaldırırıq. Gözlədiyimiz gün gəlib çatdı. Hərbi andı qəbul etdik. İçdiyimiz anda sadiq qalacağımıza söz verdik. Qeyd edim ki, bizim üçün hərbi hissədə gözəl şərait yaradılıb. Təmiz, səliqəli əsgər yataqxanası, geniş, işıqlı yeməkxana istifadəmizə verilib. Vətənə layiqli xidmət edib, Azərbaycan əsgərinin şərəfli adını uca tutacağıma söz verirəm. Vətən müharibəsi iştirakçısı olan qardaşım Aqil  kimi, mən də doğma Azərbaycanımızın keşiyində qətiyyətlə dayanacam.      

Əsgər Pərvin Atakişiyev:  
- Atam Birinci Qarabağ müharibəsi veteranıdır. O, 1993-1994-cü illərdə Füzuli rayonu uğrunda gedən  ağır döyüşlərdə iştirak edib. Onun cəbhə xatirələri ilə böyümüşəm. Döyüşlər zamanı Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqlardan həmişə danışırdı. Torpaqlarımızın azad olunacağı günün həsrətini çəkirdi. Nəhayət, 44 günlük Vətən müharibəsində xalqımızın igid oğulları silaha sarılıb torpaqlarımızı düşməndən azad etdilər. Ata-babalarımızın, şəhidlərimizin keçdikləri şanlı döyüş yollarını biz  də hər zaman özümüzə örnək bilirik. Ona görə də bütün dərslərə məsuliyyətlə yanaşırıq. Məşğələlərə ciddi hazırlaşırıq. Çox gözəl bilirik ki, Vətənin müdafiəsində dayanan əsgər hazırlıqlı olmalıdır. Vətənə xidmətdən qürur duyuram.         

Əsgər Xəyyam Lələkişiyev:
- Əslən Kəlbəcər rayonundanam. Atam Birinci Qarabağ müharibəsi veteranıdır. Vətən müharibəsindən sonra doğma yurdumuz Kəlbəcər erməni işğalından azad olundu. Digər torpaqlarımız kimi ata-baba yurdum Kəlbəcəri də düşmən viranə qoyub. İndi orada bərpa-quruculuq işləri aparılır.  Hərbi xidmətimi uğurla başa vurduqdan sonra işğaldan azad olunmuş doğma torpaqlarımızda aparılan quruculuq işlərində iştirak etmək arzusundayam. Bu gün isə biz Vətənimizin ayıq-sayıq keşikçisi olmaq üçün hazırlığımızı artırırıq. Azərbaycan əsgəri Vətənini, torpağını müdafiə etmək üçün gərək həmişə döyüşə hazırlıqlı olsun.     

Əsgər Azər Barasov:

- Zaqatala rayonunun Yuxarı Tala kəndində doğulub boya-başa çatmışam. Atam Birinci Qarabağ savaşı zamanı Cəbrayıl, Füzuli, Beyləqan istiqamətlərində erməni işğalçılarına qarşı döyüşüb. Qardaşım Rəvan Barasov isə Vətən  müharibəsi iştirakçısıdır. O, Füzuli, Cəbrayıl, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Söz verirəm ki, Azərbaycan əsgəri adını daima uca tutacam, bu adı şərəflə daşıyacam. Hazırlıqlı Azərbaycan əsgəri kimi Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacam. Şəhidlərimizin qanı tökülən müqəddəs torpaqlarımızı biz də şərəflə, ləyaqətlə qoruyacağıq. Respublikamızın bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Onların döyüş yolu bizə  örnəkdir.
Gənc əsgərlərlə söhbətdən çox qürurlandıq. Əmin olduq ki, onlar verdikləri sözlərə layiqincə əməl edəcək, yurdumuzun keşiyində həmişə ayıq-sayıq dayanacaqlar.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"