Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2023 11:32

Hədiyyə

Gecə keçirdi. Göy üzündə nə Ay görünürdü, nə də ulduzlar. Gülərə elə gəlirdi ki, son illərin gecələri yaman uzun olur. Nədəndi bu? Ay da, ulduzlar da göyləri düz-əməlli işıqlandıra bilmir. Əvvəllər gecələrin qaranlığı göz küsdürmürdü. Neçə iliydi Gülər tənhalıq rəngli gecələrə kövrəkliklə pıçıldayırdı: Vətən sağ olsun!..
Pəncərəni bağladı. Yüngülcə ah çəkdi. Əlinin arxası ilə kirpiklərinin nəmini silib yataq otağına baxdı. 7 yaşlı oğlu Muradı oyaq gördü. Bir-iki addım yaxınlaşdı, narahatlıqla soruşdu: "Niyə yatmırsan, ay oğul, niyə yatmırsan?". Murad ərincəkliklə gərnəşdi, kirpiklərinə çökən yuxunu dağıtmaq üçün gözlərini yüngülcə ovuşdurdu. Gülər üzünü oğlunun üzünə söykəyib hərarətini yoxladı. Hərarəti yoxuydu. Muradın gur saçlarına əl gəzdirdi.
- Niyə yatmırsan? - bir də soruşdu.
Murad bir anlığa duruxdu, alnını ovuşdurdu, gecdən-gec dilləndi:
- Yuxum qaçıb.
Gülər niyəsini soruşmadı...
Murad yaxşı oxuyurdu. Dərslər onu bu qədər sıxa bilməzdi. Nadinc deyildi, heç kimlə dalaşmazdı. Dolaşığa düşən gümanlarını bir yana çıxarda bilməsə də, heç nə soruşmadı. Özünün də yuxusu gəlmirdi. Bu uzun gecədə illərin o üzündə qalmış sevincinin rəngini ayırd edə bilmirdi...
Gülər tibb bacısıydı. Xəstəxanada anasını yoluxmağa gəlmiş gəncin baxışlarından sıxıldığına görə palatadan çıxdı, vaxt uzatmaq üçün xəstə anasını yoluxmağa gəlmiş cavan gedənə kimi  səbəbsiz-filansız başqa palataya keçdi. Bir az ləngidi. Qayıdanda həmin gənc dəhlizdəydi. Çəkinə-çəkinə "Anamı xəstəxanadan çıxardandan sonra bura yenə gələ bilərəmmi? Sizi yenə görmək üçün. Adım Mətləbdi. Mühəndisəm. Sizə bir mətləb deməyə gəlmək fikrindəyəm..." - demişdi. Gülər dillənməmişdi...
Belə sabahlarda bəzən söhbət salam-əleklə bitirdi, bəzən "Nə deyirsən?"lə...
Evlənmişdilər... Muradları olmuşdu.
Mətləb hər il martın 8-də dan yeri sökülməmiş axşamdan hazırladığı hədiyyələri -bir dəstə çiçəyi, məhəbbət mövzusunda bir şeirlər kitabını, bir də ətri masanın üstünə qoyardı. Bir niyyət kağızı yazardı: "Səni həmişə gülər görüm. İmza: Mətləb". Gülər qoxuladığı çiçəkləri İrəm çiçəyi kimi bağrına basardı. Yeddi belə kağız saxlayırdı. Bu illər ərzində ətirlərə toxunmamışdı. Murad ötən il bu kağızlarla maraqlanmışdı...
İkinci Qarabağ müharibəsi başlayanda Mətləbi də döyüşlərə çağırmışdılar. Füzuli istiqamətində döyüşmüşdü, sonra Cəbrayıl, Xocavənd döyüşləri. Tuğ kəndində gedən döyüşlərdə şəhid oldu.
Gülər iki il martın 8-də dan yeri sökülər-sökülməz hansı duyğunun təsiriyləsə qonaq otağına tələsmişdi. Masanı boş görüncə hönkürmüşdü. Səsə Murad gəlmişdi. Ananın qolları oğlunun kürəyində çarpazlaşmışdı, Muradın göz yaşları Gülərin kürəyini islatmışdı. Heç biri dillənməmişdi...
Bu gecə ikisinin də yuxusu dolaşığa düşmüşdü. Gecə uzun gecəydi...
Gec yatdılar. Murad yatmadığını anasından, Gülər yatmadığını oğlundan gizlədə-gizlədə gecəni səhər etdilər.
Murad yatağında yoxuydu. Yuxudan belə tez oyanmazdı. Gülər narahatlıqla mətbəxə baxdı, orada da yoxuydu. Qonaq otağına boylandı, orada da yoxuydu. Masanın üstündə çiçəklər gördü, bir kitab gördü, bir də bir ətir. Yaxınlaşdı. Bir yazılı vərəq də vardı: "Səni həmişə gülər görüm, Gülər!" Gözü alacalandı. Bir də oxudu. Ona elə gəldi ki, üç ilin o üzündədilər. Mətləb onu yenə öz istədiyi kimi təbrik edib, onu oyatmağa qıymayıb, tələsik işə gedib. Bağrının başı göynədi. Ruhu çırpına-çırpına sökülən dan yerinin işığına sarıldı. Mətləbin yoxluğunu indi dərk edirdi sanki. Murad atasının ruhu adından anasına bayram hədiyyəsi vermişdi. Bunu necə fikirləşmişdi, nə vaxt fikirləşmişdi? Kövrəldi. Göz yaşları yanağını yandıra-yandıra səssiz hıçqırıqlarla "Oğlumuz arzuladığın kimi böyüyür...", - Mətləbin ruhuna pıçıldadı.
Murad hədiyyələri masanın üstünə qoymuşdu, anası yuxudan oyanana kimi həyətə düşmüşdü. Niyə? - bilmədi...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"