Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2023 11:32

Bayramınız mübarək, əziz qadınlar!

Sosial həyatın bütün sahələrində inkişaf, tərəqqi hər bir vətəndaşın dövlətçilik naminə fəal mövqeyi ilə tənzimlənir. Bu prosesdə qadınlar da yaxından iştirak edirlər. Həkim kimi, müəllim kimi, alim kimi, hərbçi kimi,... ən başlıcası Ana kimi.
Anaların Vətənə sevgisi Vətənin müdafiə sipəridir - yeniyetmələrimizin, çağırışçıların, əsgərlərin Vətənə aid olan duyğuları ana öyüdləriylə formalaşır; Analar Vətəni sevən, onu sevə-sevə qoruyan oğullar böyüdürlər. Ona görə qürurla Vətənə Ana deyirik!..
Vətənin müdafiəçiləri sırasında dayanan hərbçi qadınlar 8 Mart -  Beynəlxalq Qadınlar Gününü İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ovqatıyla qarşılayırlar.

Şəxsi Heyət Baş İdarəsinin Qadınlarla və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova:
- Azərbaycan qadını zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə tanınıb. Onlar tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər.
Müasir dövrdə Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə sədaqətinə görə, həm də dövlətimizin yeritdiyi siyasətdə fəal iştirakına görə müəyyənləşdirilir. Müasir Azərbaycan qadını həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, Vətənin müdafiəsində dayanan hərbçidir. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şərait yaradılmasından irəli gəlir. Bu şəraitin əsasını böyük tarixi şəxsiyyət Heydər Əliyev qoymuşdu. Ulu Öndərin Azərbaycan qadını ilə bağlı fikirlərini xatırlayıram: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi, də cəmiyyətdə aparıcı rol oynayırlar".
Ordu quruculuğunda, ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində də zəngin mənəvi-intellektual səviyyəsi ilə fərqlənən Azərbaycan qadını da yaxından iştirak edib və edir. Azərbaycan Ordusunun bütün qoşun (qüvvə) növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını layiqincə yerinə yetirir. Cəsurluğu ilə nümunə olan Azərbaycan qadını Vətən müharibəsində  fədakarlıq və şücaət nümayiş etdirdi. Məhz onların vətənpərvərlik ruhunda tərbiyə etdiyi qəhrəman oğullarımız zəfərimizin əsas təminatçısı oldular. Qələbə istəyi ilə övladlarını işğal altında olan torpaqlarımızı azad etməyə göndərən analar Vətən sevgisini hər şeydən uca tutdular. Hətta şəhid övladını, qardaşını, yoldaşını əbədiyyətə uğurlayanda cəsarətlə dayandılar, "Vətən sağ olsun", - dedilər.
Tarixə qızıl hərflərlə həkk olunan şanlı qələbəmizdən iki ildən artıq zaman keçib. Şöbəmiz Vətən müharibəsində olduğu kimi, bu gün də şəhid ailələrinə, qadınlarımıza mənəvi-psixoloji dəstək olur, qayğıları ilə maraqlanır və həll edilməsi istiqamətində əlindən gələni əsirgəmir.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə əziz xanımlarımızı, o cümlədən şəhid anaları və xanımlarını, qazilərimizin ömür-gün yoldaşlarını, həmçinin əsgər analarını, hərbi qulluqçularımızın qızlarını və bacılarını ürəkdən təbrik edir, onlara ən xoş və səmimi arzularımı çatdırıram.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Ekspertiza bölmə rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Məhsəti Həsənzadə:
- Vətənpərvər bir ailədə dünyaya göz açmışam. Valideynlərimin dediyi bir fikri indi də xatırlayıram: Hər bir adamın mənəvi səviyyəsi onun Vətənə, xalqa xidməti, əsl insanlıq ləyaqəti vətənpərvərlik hissi ilə ölçülür.
İnsanlara köməklik etmək, ən çətin anlarında əllərindən tutub ayağa qaldırmaq ən böyük arzum idi. Bu arzunun təməlində, sözsüz ki, anamın həkim olması dayanırdı. Mən daim anama olan xoş münasibətin, ona minnətdarlıq edən insanların, gözlərində sonsuz sevgi, çöhrələrində təbəssüm ilə onu bağrına basan xəstələrin şahidi olmuşam. Bütün bunlar mənim peşə seçimimdə öz rolunu oynadı. Azərbaycan Tibb Universitetinə daxil oldum. Funksional diaqnostika həkimiyəm.
Daxilimdə sanki yanar bir ocaq kimi günü-gündən böyüyən, şölələnən Vətən sevgisi məni Azərbaycanımın müdafiəçiləri sırasında qərarlaşdırdı.
On səkkiz ildir Vətən müdafiəçilərinin sağlamlığının keşiyindəyəm. Həkim xalatını hərbçi forması ilə birlikdə daşımaq həm çətindir, həm də daha məsuliyyətlidir. Lakin igid, mərd, qorxubilməz oğullarımızın sağlamlığının keşiyində dayanmaq ikiqat şərəflidir, qürurvericidir.
Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında ordunun bütün sahələrində fəaliyyət göstərən qadınlarımızın da rolu böyükdür. Vətən müharibəsinin ilk günlərindən bir qrup tibb heyəti ilə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına ezam olunduq, xidmətimizi burada davam etdirdik... Döyüşlərin getdiyi günlərdə yaralı əsgərlərimizə tibbi yardım göstərən bütün həkim qadınlarımız hər bir əsgərimizə öz övladı kimi baxırdı, ana kimi əzizləyib qayğısına qalırdı, başına sığal çəkirdi.  
Vətən müharibəsində şahidi olduğum bir hadisəyə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan qadını güclüdür, məğrurdur. Müharibə başlayanda üç oğlunu Vətənin müdafiəsinə göndərən ananın oğullarından ikisi şəhid olmuşdu, üçüncü oğlunu axtarırdı. Onun duruşundakı vüqarı, məğrurluğu bu gün də xatırlayıram. Üçüncü oğlunu yaralı olaraq tapdığı o anları ömrümün sonuna kimi unutmayacam...
Xalqımız Ana məfhumunu Vətənin təcəssümü sayıb. Bütün sahələrdə vəzifələrinin öhdəsindən layiqincə gələn qadınlarımızın bir müqəddəs vəzifəsi də var - qadın ailənin özəyini təşkil edərək dünyaya övladlar gətirir. Düşünürəm ki, ana olmaq və övladlarını cəmiyyətimizə layiqli vətəndaşlar kimi böyütmək hər bir qadının müqayisəolunmaz missiyasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da dediyi kimi: "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm". Bu yanaşma Azərbaycan qadınının ailə amilinə nə qədər önəm verdiyini diqqətə çatdırır.
Qalib ordunun zabiti kimi hər bir Azərbaycan qadınını Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara cansağlığı, ailə səadəti, işlərində müvəffəqiyyətlər arzulayıram.


Baş gizir Göyçək Cəfərova:
- Uşaq vaxtı düşünürdüm ki, hərb sənəti yalnız kişilər üçün uyğun peşədir. Qadınlar belə çətin işlərin öhdəsindən gələ bilməzlər. Ancaq orta məktəbdə oxuyanda tarix dərslərindən də, ədəbiyyat dərslərindən də yeni məlumatlar öyrənirdim. İlk qadın təyyarəçi, ilk qadın bəstəkar, ilk qadın mühəndis,... Düzgün düşünmədiyimi anlayırdım. Öyrəndim ki, yüzillər boyu qadına yüksək qiymət verilib. Mən də bütün bunların timsalında çətinlikləri gözaltı edərək hərbçi olmaq qərarına gəldim. Düşünürəm ki, hansı peşə, hansı ixtisas olursa-olsun, hər birinin qadın təmasına ehtiyacı var.
Bu o demək deyil ki, hər bir qadın mütləq peşə sahibi olmalıdır. Qadın həm evdar qadındır, həm anadır, həm də ailənin çətinliklərini çiyinlərində daşıyır. Ən gərgin, ən sevincli anlarımızı biriylə bölüşmək istəyərkən ağıla gələn ilk insan məhz ana olur. Ana - ruhumuzun ululuq ünvanıdır.
İllərdir hər kəs bir suala cavab axtarır: "Qadın nə istəyir?". Müxtəlif adda, cildlərlə kitablar yazılıb. Bu suala qadınlar belə cavab verərdi: "Qadının çox vaxt nə bahalı hədiyyəyə, nə də ildə bir gün yada salınıb verilən çiçəyə ehtiyacı var. Qadının istədiyi xoş rəftardır, hörmətdir, ehtiramdır və unudulmamaqdır".
İstər ailəmizdə, istərsə də ətrafımızda olan qadınlara xoş münasibət göstərərək onlara hər gün bayram ovqatı yaşada bilərik. Mən də istər ofisdə masa arxasında əyləşən, istərsə də evdar qadın olaraq uşaqlarını tərbiyə edən hər bir qadının 8 Mart - Beynəlxalq Qadınlar Gününü təbrik edirəm. Anam əvəzi, bacım əvəzi, rəfiqəm əvəzi...

Hərbi Dəniz Qüvvələrinin baş çavuşu Nigar Əliyeva:
- 1987-ci ilin payız günlərində Mingəçevir şəhərində dünyaya göz açmışam. 2015-ci ildən doğma ordumuzun sıralarında xidmət edirəm. Hələ məktəb illərindən hərbi xidmətə böyük həvəsim var idi. Böyüdükcə bu sahəyə marağım daha da artırdı. Həmişə düşünürdüm ki, Vətənə əsgər olmaq yalnız kişilərin işidir. Amma ataların "Aslanın erkəyi-dişisi olmaz" sözlərini də tez-tez xatırlayırdım. 2015-ci ildə arzularım məni Hərbi Dəniz Qüvvələrinə gətirib çıxartdı. Həmin ildən hərbi forma geyindim. Hərbi forma daşımaqdan qürur duyuram. Atam Vaqif Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il sentyabrın 27-də düşmən təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlananda biz də döyüşlərin gedişini həyəcanla izləyirdik. Həmin günlərdə üzərimizə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirdik. Müharibənin ilk günlərindən əmin idim ki, sıralarında xidmət etdiyim ordumuz düşmənə qalib gələrək torpaqlarımızı işğaldan azad edəcək. Çünki ordumuz çox güclü və qüdrətli idi. Belə güclü ordu döyüşlərdən mütləq qalib çıxmalıydı. Ümidlərimiz özünü doğrultdu. Azərbaycan Ordusunun zabit və əsgərləri İkinci Qarabağ müharibəsində gərgin döyüşlərdə düşmənə qalib gəldilər, tarixi zəfər qazandılar. Erməni qəsbkarları üzərində qazanılan qələbədə Hərbi Dəniz Qüvvələrinin zabit və əsgərlərinin də öz payı var. Döyüşlərin getdiyi ağır günlərdə hamı bir yumruq kimi birləşərək erməni işğalçılarını torpaqlarımızdan qovdular. İndi işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri aparılır. Uzun illər el-obasından didərgin düşmüş insanlar yavaş-yavaş doğma yurdlarına qayıdırlar. Bu gün bir vaxtlar yurd həsrəti çəkən qaçqınların üzü gülür, könlü açılır. Bütün bunları görmək olduqca xoşdur. Bu sevinci insanlara Azərbaycan Ordusu bəxş edib. Qalib ordunun sıralarında xidmət etməkdən qürur duyuram.
Bu gün ordumuzun sıralarında qadınlar da xidmət edirlər. Onlar da kişilərlə bərabər üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlirlər. 8 Mart - Beynəlxalq Qadınlar Günündə qadınlar daha çox yada düşürlər. Bu əziz gündə bütün qadınların, şəhid analarının, şəhid bacılarının, şəhidlərin həyat yoldaşlarının bayramlarını təbrik edir, onlara uğurlar arzulayıram. Bayramınız mübarək, əziz qadınlar!

Hərbi Hava Qüvvələrinin "N" hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qəmər Ərəbova:
- Azərbaycan qadını cəmiyyətdə işgüzarlığı, əməksevərliyi ilə hər zaman fəal olub.  İkinci Qarabağ müharibəsində də qadınlar ön və arxa cəbhələrdə səfərbər oldular. Bunlar Azərbaycan qadınının vətənpərvərliyinin, torpağa bağlılığının təzahürü idi.
Azərbaycan qadını xalqımızın milli-mənəvi dəyərlərini həmişə qoruyub, bu gün də qoruyur. Biz böyüklərimizin, analarımızın məsləhətləri, tövsiyələri ilə böyümüşük, təhsil almışıq. Onlardan eşitdiklərimiz bizə həyat dərsi olub. Mənim uşaqlığım ağır, çətin dövrə düşüb.   1985-ci il avqustun 8-də qədim Zəngəzur mahalında dünyaya göz açmışam. Valideynlərim, qohum-əqrəbam Qərbi Azərbaycandan qovularaq didərgin düşüblər. Bu səbəbdən də təhsilimi Bakıda almışam. 2014-cü ildən Azərbaycan Ordusu sıralarında xidmət edirəm. Hərbi  mundiri daşımaq nə qədər məsuliyyətlidirsə, o qədər də şərəflidir. Nailiyyətlərimdən danışarkən deyim ki, xidmətim dövründə dəfələrlə komandanlığın fəxri fərmanlarına layiq görülmüşəm.  2019-cu ildə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimində iştirak etmişəm. 2022-ci ildə  "İntensiv ingilis dili orta səviyyə kursu"nu fərqlənmə diplomu ilə bitirmişəm. Qalib Azərbaycan Ordusunun hərbi qulluqçusu olmaqdan qürur duyuram. Hərbi qulluqçuların Vətən sevgisi ululuğa sevgidir. Bu ululuğu qəlbində yaşadan qadın hərbi qulluqçuları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara cansağlığı, ailə səadəti arzulayıram. İnanıram ki, onlar bundan sonra da Vətəni varlığıyla sevən, Vətənə varlığıyla xidmət edən oğullar böyüdəcəklər...                      

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kitabxanasının müdiri Zəminə Xınalı:
- Xalqımız tarixi əbədi müstəqilliyə qədəm qoyan gündən dövlətimizin möhkəmlənməsində qadınlarımızın rolu böyük olub. Ötən əsrin sonlarında Azərbaycanın əzəli və əbədi ərazisi olan Qarabağımızı bədnam qonşularımız olan ermənilər Ermənistanın ərazisinə birləşdirmək üçün elan olunmamış müharibəyə başladılar. Azərbaycan xalqının igid oğul və qızları onların əsassız iddialarına qarşı mübarizəyə qalxdılar. Yenicə yaranmaqda olan ordumuzda zabitlərə böyük ehtiyac duyulurdu. Zabit ailəsi olaraq biz də Vətənimizin bu ağır günündə kənarda qala bilməzdik. Doğma kəndimiz də Ermənistanla sərhəddə yerləşdiyi üçün daşnakların tez-tez hücumuna məruz qalırdı. Xalqımızın yüzlərlə qeyrətli oğlu kimi, həyat yoldaşım da cəbhəyə yollandı. Ağır döyüşlərin birində yaralanan həyat yoldaşım şəhidlik zirvəsinə ucalıb. İki körpə oğlumla tək qalsam da, həyat yoldaşımın yolunu davam etdirmək qərarına gəldim.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (İndiki Heydər Əliyev adına Hərbi İnstitut) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi şərəflə, ləyaqətlə xidmət edib təqaüdə çıxmışam. Ordu sıralarında xidmət etdiyim illər ərzində vətənpərvərliyin təbliğinə böyük töhvə vermişəm. Yazdığım şeirlərin və hərbi marşların hərbçilərimizin bu gün də böyük həvəslə oxuduqlarını, dinlədiklərini görəndə sevinirəm.
İki oğlum var. İkisi də zabitdir. Şəhid yoldaşı kimi, bir ana kimi övladlarımdan çox razıyam. Ona görə ki, övladlarım atalarının yolunu seçiblər. Vətənimizin müdafiəsində bir ana kimi onlara uğurlar arzulayıram.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə, başda şəhid anaları olmaqla, ordu sıralarında xidmət edən bütün qadın hərbi qulluqçuları ürəkdən təbrik edirəm. Xalqımıza sülh, əmin-amanlıq arzulayıram. Analarımız, bacılarımız heç vaxt şəhid xəbəri almasınlar.

"Azərbaycan Ordusu"