Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2023 11:32

“Biz zabit rütbəsində Vətənin əsgəriyik!”

Ordumuzun qüdrətindən söz açarkən ilk ağıla gələn  savadlı və peşəkar komandir heyəti olur. Komandirin təcrübəsi, liderlik xüsusiyyətləri, savadı, şəxsi heyəti idarəetmə bacarığı qələbənin qazanılmasında mühüm rol oynayır. Döyüş zamanı zabitlər vəziyyətin qiymətləndirilməsi, hücum planını hazırlaması və idarə olunması kimi mühüm vəzifələri yerinə yetirirlər. O bölmədə hərbi intizamı möhkəmlətmək, şəxsi heyətin döyüş hazırlığını artırmaq, asudə vaxtın səmərəli təşkili, vətənpərvərlik hissinin aşılanması kimi tapşırıqları da uğurla icra edirlər.
Bu gün ordumuzda vəzifələrinin öhdəsindən bacarıqla, vicdanla gələn komandir heyəti hər bölmədə yetərincədir. Belə komandirlərlə söhbətləşəndə fərəh hissi keçirirsən. Öz xidməti yolundan danışanda böyük həvəslə qulaq asıb, onlardan nümunə götürməyə çalışırsan. Hərbi hissələrdə Vətən müharibəsində iştirak edənlərlə rastlaşanda zabit sözünün əsl anlamını dərk edirsən.
Mayor Sahib Qəribov zabit olaraq sözün əsl mənasını xarakterində daşıyanlardandır. Onu "N" hərbi hissəsində tanıdıq. 11 fevral 1986-cı ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olub. Onunla peşə seçimindən, xidmətin təşkilindən, üzərinə düşən vəzifələrdən maraqlı və səmimi söhbət etdik. Söhbətimiz zamanı öyrəndik ki, S.Qəribov uşaqlıqdan hərbçi olmaq istəyib.
Sahibin uşaq ikən düşündükləri artıq reallıq olub. Onun kimi igid oğullarla, rəşadətli zabit və əsgərlərimizlə təkcə valideynləri yox, bütün Azərbaycan xalqı qürur duyur. Xalqımız öz ordusuna sonsuz güvən hissi ilə yanaşır, ordu mənsublarına xüsusi diqqət və rəğbət bəsləyirlər. Öz layiqli xidməti ilə xalqımızın etimadını doğruldan mayor söhbətində bu yolda atdığı ilk addımlarından danışdı: "Bir gün kitabların birində Ümummilli Liderimizin dediyi "Bütün peşələr şərəflidir, lakin hərb peşəsi bütün peşələrdən şərəflidir" sözlərini oxudum. Bu sözlərin hikməti qəlbimdə təzə tumurcuqlayan istəyimə su səpdi. Artıq istəyim qətiyyətli arzuya, məqsədə dönmüşdü. Zabit olacaq, Vətən müdafiəçilərinin sıralarında xidmət edəcəkdim. Bu arzuma çatmaq üçün 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul oldum. Artilleriya ixtisası üzrə təhsil aldım. Oxuduğum müddətdə ixtisasımın sirlərinə dərindən yiyələnmək üçün çalışdım. 4 ilin sonunda zəhmətimin bəhrəsini gördüm, təhsilimi uğurla başa vurdum. İxtisasıma uyğun olaraq hərbi hissələrdən birində xidmətə başladım".
Həmsöhbətim İkinci Qarabağ müharibəsinin iştirakçısı olub, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirdiyinə görə, “Qarabağ” ordeni və "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Döyüşlərdən, ordumuzun rəşadətindən fəxrlə danışan mayor Sahib Qəribov şanlı qələbəmizin Ali Baş Komandan İlham Əliyevin apardığı məntiqi siyasətin nəticəsi olduğunu xüsusi vurğuladı. Həmçinin qeyd etdi ki, xalqımızın firavan və rahat yaşamını təmin etmək üçün ayıq-sayıq torpaqlarımıza keşik çəkirik. Biz zabit rütbəsində Vətənin əsgəriyik!

Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"