Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2023 11:32

Zirvələri fəth edən igidlər

Hər bir dövlətin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin qorunub saxlanılması üçün güclü ordusunun olması əsas amillərdən biridir. Güclü orduya malik olmadığı halda onun müstəqilliyi, ərazi bütövlüyü hər an təhlükə altında olacaqdır. Birinci Qarabağ döyüşləri və Vətən müharibəsi dediklərimizin əyani sübutudur.
Çünki Birinci Qarabağ döyüşlərində güclü ordumuzun olmaması, ölkədəki hərc-mərclik nəticəsində müstəqilliyimiz sarsıldı və 20 faiz torpağımız işğal edildi. Bir milyondan çox həmyerlimiz doğma el-obasından didərgin düşdü. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra vahid ordu yaradıldı və prioritet istiqamətlər müəyyənləşdi.  Sabitliyin qurulmasına yönələn siyasətin əsası qoyuldu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində ölkəmiz daha da inkişaf etdi və ordumuz Qafqazın ən güclü qüvvəsinə çevrildi. Nəticədə 2020-ci il sentyabrın 27-də düşmənin həyata keçirdiyi genişmiqyaslı təxribatın qarşısını almaq məqsədilə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatına başladı. 44 gün davam edən döyüşlər nəticəsində illər öncə itirilmiş torpaqlarımız işğaldan azad edildi. Bununla da rəşadətli Azərbaycan Ordusu öz gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Hərbi hissələrdə ordumuzun maddi-texniki təminatı ilə tanış olduğumuz və cəsur oğullarımızla görüşdüyümüz zaman yuxarıda qeyd olunanların əyani şahidi oluruq. Məğrur duruşlu əsgərlərimizin xidmətlərində ayıq-sayıq olmaları hər birimizi əmin edir ki, torpaqlarımız etibarlı əllərdədir.
Bu dəfə isə yolumuz işğaldan azad edilən Suqovuşan qəsəbəsinədir. Ecazkar təbiəti və əsrarəngiz gözəlliyi ilə göz oxşayan bu yerləri adi sözlərlə ifadə etmək mümkün deyil. Havanın soyuq olmasına baxmayaraq valehedici mənzərədən zövq almamaq mümkün deyildi. İlin bütün fəsillərində Suqovuşanın mənzərəsi bir başqa gözəldir. Gerçək sahiblərinə qayıtdıqdan sonra açıq səmada günəş daha parlaq görünür. Sanki yer də, göy də bu qovuşmanın gözəl ovqatını yaşayır.
Müharibə dövründə təbiətin qələm çaldığı bu yerlər ordumuz üçün çox böyük strateji əhəmiyyətə malik ərazilərdən idi. Çünki düşmənin təminat yollarının nəzarətə götürülməsi üçün Suqovuşanın azad edilməsi çox vacib idi. Həmçinin bu yaşayış məntəqəsinin azad edilməsi ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı da verirdi. Qısa müddət ərzində rəşadətli Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq Suqovuşanı azad etdi, tarix yazdı. Tarixin yazıldığı 3 oktyabr 2020-ci il - həmin gün də, ondan sonrakı günlər də sevinclə qarşılandı. Ali Baş Komandan İlham Əliyevin 2021-ci il oktyabrın 3-də Suqovuşana səfəri zamanı bu ərazilərdə aparılan hərbi əməliyyatlardan danışarkən deyib: "...Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək, şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi".
Avtomobil irəlilədikcə ətrafa baxır, şəhidlərimizi, bu gün bu gözəlliyi Azərbaycan xalqına sağlamlıqları bahasına bəxş edən qazilərimizi düşünürəm... Bu düşüncələr ağuşunda bir-birindən gözəl mənzərələri geridə qoyub, cəsur oğullarımızın yanına çatırıq. Hərbi hissənin zabiti kapitan Mərifət Hüseynovla Suqovuşanın gözəlliyindən, əsgərlərimizin Vətən sevgisindən və xidmətlərinə məsuliyyətlə yanaşmalarından uzun-uzadı söhbət edirik. O deyir ki, əsgərlərimizin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Zabit, həmçinin əsgərlərimizin istənilən tapşırığı icra etməyə qadir olduğunu vurğulayır. "Döyüş hazırlığı planına uyğun olaraq, əsgərlərimiz təlim-məşq keçir, təcrübə və səriştələrini daha da artırırlar. Həm sinif, həm də çöl şəraitində dərs keçmək üçün hərbi hissəmizdə hər cür şərait yaradılıb. Təcrübəli zabitlərimiz tədris imkanlarından yetərincə bəhrələnərək, şəxsi heyətin hərb sahəsindəki biliklərinin artırılmasına səy göstərirlər. Dərs və məşğələlərin səmərəli keçdiyi üçün şəxsi heyətin döyüş hazırlığı gündən-günə artmaqdadır. Bunun nəticəsidir ki, onlar istənilən an qarşıya qoyulan tapşırıqların öhdəsindən asanlıqla gəlməyə qadirdirlər".
Zabitlə söhbət edə-edə döyüş mövqeyinə çatırıq. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Xəyal İbrahimov şəxsi heyəti təlimatlandıraraq, onlara təhlükəsizlik qaydalarını çatdırırdı. Xidmətlərində ayıq-sayıq olmalarını, vəzifə borclarını dəqiq yerinə yetirmələrini, döyüş növbətçiliklərini düzgün təşkil etmələrini, hər hansı bir hadisə baş verdikdə məruzə etmələrini və s. bildirirdi. Əsgərləri yerbəyer etdikdən sonra Xəyalla söhbətləşirik. O bildirir ki, torpaqlarımızı göz bəbəyi kimi qoruyan igidlərimizin hər biri nümunəvi xidmət edir, vəzifə borclarına məsuliyyətlə yanaşırlar.
Kiçik çavuş X.İbrahimov deyir ki, nümunəvi xidmət edən əsgərlərdən biri də Sakit Məmmədovdur. Əsgər Məmmədov söhbətimiz zamanı bildirir ki, hər bir azərbaycanlı Vətənə övladlıq borcunu ödəməlidir. "Vətənə xidmət etməkdən qürur duyuram. Hər an torpaqlarımızın bütövlüyünün keşiyindəyəm. Onu da qeyd edim ki, burada bizim üçün hərtərəfli şərait yaradılıb. Sosial-məişət şəraitimiz olduqca yüksək səviyyədədir. Peşəkar komandirlərimiz hər birimizə doğma münasibət göstərir, qayğılarımızla yaxından maraqlanırlar. Bu amillər isə xidmətimizi düzgün təşkil etməyimizə və hər zaman intizamlı olmağımıza zəmin yaradır. Hər bir əsgər kimi, mən də qürur duyuram ki, regionun ən güclü və qalib olan Azərbaycan Ordusunun əsgəriyəm. Xidmətimin sonunadək çalışacağam ki, nümunəvi xidmət edim və cəsur Azərbaycan əsgəri adına layiq olum".
Əsgər Cavid Babayev isə hərbi xidmətdə keçən hər günün yaddaşına həkk olunduğunu deyir: "Burada əsgər yoldaşlarımla keçirdiyim sevincli və kədərli günlər, asudə vaxtlarımız zamanı birgə etdiyimiz söhbətlər, təlimlər yaddaşımda silinməz izlər buraxıb. Xidmətimi başa vurduqdan sonra, əminəm ki, bu günlər üçün darıxacağam".
Əsgər Ülvi Mehtiyev də digər əsgər yoldaşları kimi, ordu sıralarında keçirdiyi xoş günlərdən, burada əldə etdiyi nailiyyətlərdən, qazandığı dostluqlardan, yaranmış istənilən vəziyyətdən çıxmaq bacarığından, qorxmazlıqdan danışaraq, əcdadlarımızın qəhrəmanlıq yolunu özünə örnək bildiyini deyir.
Bakı şəhərindən ordu sıralarına çağırılan əsgər Fərhat Cəbiyev artıq bir neçə aydır ki, Vətənimizə xidmət edir. O, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən asanlıqla gəlir. "Xidmətə başladığım ilk gündən etibarən məqsədim xidmətimlə seçilmək və Azərbaycan əsgəri adına layiq olmaqdır. Bunun üçün hər zaman intizamlı olmağa, verilən bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə çalışmışam".
Beləliklə, cəsur Vətən müdafiəçiləri ilə sağollaşıb, yolumuza davam edirik. Bir daha əmin oluruq ki, Azərbaycan əsgərinin Vətən sevgisi yüksək səviyyədədir. Bu da onların döyüş növbətçiliklərini yaxşı apararaq, torpaqlarımızın müdafiəsini yüksək səviyyədə təmin etmələrinə, inzamlı olmalarına və istənilən tapşırıqları yerinə yetirmələrinə zəmin yaradır.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"