Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2023 10:36

“Vətən evim, xidmət yoldaşlarım ailəm oldu”

"Övladım anasız böyüyər, lakin Vətənsiz böyüyə bilməz" bu sözləri türk qadınının qəhrəmanlıq simvoluna çevrilən Nənə Xatun demişdi. Osmanlı tarixinin önəmli savaşlarından olan, "93 Harbi" adlandırılan 1877-1878-ci illər Osmanlı-Rus müharibəsində beşikdəki körpəsini evdə qoyaraq cəbhəyə gedən Nənə Xatunun dillərdən düşməyən cəsarəti, fədakarlığı nəsildən-nəslə ötürülüb. Müharibə zamanı 22 yaşında olan gənc qadının göstərdiyi bu böyük qəhrəmanlıq hər türkün könlündə yaşayır. Vətənin anaya bərabər tutulmağı, müqəddəsliyi, tarix boyu müxtəlif xalqların, dövlətlərin Vətən uğrunda apardığı mübarizələrdə təsdiqlənib. Vətən anamız, qibləgahımızdır. Vətən qoynunda böyüdüyümüz ana qucağıdır.
Əsgər Əli Novruzov da belə düşünür. O, ata qayğısı, ana nəvazişi görməyib. Hər kəsə ana olan Vətən, Əliyə həm ana, həm də ata olub. "Dağ yeri - duman yeri, yurd yeri - güman yeri" atalar sözündə deyildiyi kimi, Vətən Əlinin tək güman yeri, sığınacağı olub. O, beş yaşından 3 nömrəli uşaq evində dövlət qayğısı ilə böyüyüb, təhsil alıb, şəxsiyyət kimi formalaşıb. İndi əsgərdi. Kimsəsizkən ona qucaq açan Vətənini qoruyur. Əli Vətənə olan övladlıq borcunu layiqincə yerinə yetirir, torpaqlarımızın müdafiəsindədir, işğaldan azad olunan ərazilərdə dislokasiya olunun bölmədə xidmət edir. Fevralın 24-ü onun doğum günü idi. Həmin günü hərbi hissədə qeyd edən Əliyə müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından qiymətli hədiyyə təqdim olunub.
Doğum günü münasibətilə məzuniyyətə buraxılan Əli Novruzovla görüşmək, onu daha yaxından tanımaq və düşüncələrini öyrənmək üçün Xətai rayonunda yerləşən uşaq evinə getdim. Yaşıl ağaclarla əhatə olunan geniş həyət istirahət parklarından seçilmir. Burada uşaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün nəzərdə tutulan futbol, voleybol meydançaları da var. Direktor Məhbubə Hüseynovaya gəlişimin məqsədini bildirdim. Azərbaycan Ordusunun nümunəvi əsgərlərindən olan Əli haqqında Məhbubə xanım  ürəkaçan sözlər dedi. Onun sakit təbiətli, mehriban, vətənpərvər oğlan olduğunu bildirdi. Az sonra bir dostu ilə Əli də gəldi. Dostu Maksim Palaqniç də əsgərdi. Komando hərbi hissələrindən birində xidmət edir. O da məzuniyyətə gəlib. Onların möhkəm dost olduğunu öyrəndim. Hər ikisi uşaq evinə eyni yaşda gəlib. Birlikdə böyüyüblər. Qan qardaşı olmasalar da, mənəvi qardaş olublar. Əli hərbi xidmətindən, silahdaşlarından, mükafatlandırılanda keçirdiyi hisslərdən söz açdı. "Əsgər olmağın mənim üçün dəyəri daha çoxdu. Çünki hərbi xidmətdə ikinci ailə qazanmışam. Uşaq evinin kollektivi mənim ailəm idi. Əsgər yoldaşlarım və komandirlərim də ikinci ailəm oldu. Hərbi xidmət hər birimizi bacarıqlı əsgərlər, müstəqil həyata hazırlıqlı şəxslər kimi formalaşdırır. Uşaq evində aldığım təlim-tərbiyə hərbi xidmətdə daha da möhkəmlənib, vətənpərvərlik hissim, Vətən sevgim daha da artırıb. Silahdaşlarımla qeyd etdiyim doğum gününü heç zaman unutmayacam. Həmin günü işğaldan azad olunmuş ərazidə qeyd etməyim, Müdafiə Nazirliyinin nümayəndələrinin bizimlə görüşə gəlməsi, müdafiə naziri adından mənə qol saatı hədiyyə edilməsi həmin günü unudulmaz etdi. O saatı  ən dəyərli hədiyyəm kimi hər zaman saxlayacam. Həmin günün sevincini sözlərlə ifadə edə bilmirəm. O anlarda Vətənimlə, xalqımızla, ordumuzla bir daha qürur duydum", - əsgər Ə.Novruzov dedi.
Əli ilk dəfə idi ki, ətrafında bu qədər insanla doğum günü qeyd etdiyini bildirdi, hərbi xidmətdə böyük ailə qazandığını vurğulayaraq dedi:
- Həmin gün özümü valideynlərimin, qardaşlarımın, qohumlarımın ətrafında hiss edirdim. Daha kimsəsiz sözünü qəbul etmirəm. Çünki mənim kimi minlərlə kimsəsizə qucaq açan, ana olan Vətənimiz,  bizi qayğıyla əhatə edib böyüdən, ata olan dövlətimiz, həmçinin silahdaşlarım və komandirlərim kimi doğmalarım, möhkəm dostlarım var. Bir sözlə Vətən evim, xidmət yoldaşlarım ailəm oldu.
Əli çox düzgün vurğuladı. İnsan anasız da, atasız da böyüyə bilər, lakin Vətənsiz, yurdsuz böyüyə bilməz. Hər zaman Vətən, millət sevgisindən ilham alan şair, dramaturq Abbas Səhhətin "Vətən" şeirinin misralarında deyildiyi kimi:

Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş Vətənim nəşvü-nüma,

Anadır hər kişiyə öz Vətəni,

Bəsləyib sinəsi üstündə onu.

Anamız bildiyimiz, ən ali sevgi ilə bağlandığımız Vətənimiz Əlini də öz qoynunda böyüdüb. İndi Əli anasını - Vətənini göz bəbəyi kimi qoruyur. Övladlıq borcunu layiqincə yerinə yetirir. Bunu isə böyük sevgiylə, istəklə, qürurla edir.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"