Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2023 10:30

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan xanlıqlar dövründə

Suallar:

1. Xanlıqların yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycan xanlıqları.

Xanlıqların yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət


 
XVIII əsrin I yarısında Azərbaycan ərazisində ölkənin sonrakı taleyinə çox ciddi, həm də mənfi təsir göstərmiş bir sıra ictimai-siyasi hadisələr baş verdi. Azərbaycanda gedən tarixi proseslər Cənubi Qafqazda, Səfəvilər dövlətində, Osmanlı İmperiyasında və çar Rusiyasında cərəyan edən hadisələrlə sıx bağlı idi. Bu dövrdə Səfəvilər dövlətinin tam tənəzzülü ilə əlaqədar Cənubi Qafqaz ərazilərinə yiyələnmək uğrunda qarşıdurmalar yenidən gücləndi. Tarixi hadisələrin gedişinə təsir edən mühüm amillərdən biri də çar Rusiyasının bu regiondakı siyasi və iqtisadi marağının artması idi. Çar Rusiyası özünün inkişaf etməkdə olan iqtisadiyyatını xammalla təmin etmək, Volqa-Xəzər ticarət yolunu inkişaf etdirib genişləndirmək məqsədilə Xəzəryanı ərazilərə yiyələnməyə can atırdı və digər dövlətlərin, ilk növbədə Osmanlı İmperiyasının həmin ərazilərdəki nüfuzunun artmasına hər vasitə ilə mane olmağa çalışırdı. Azərbaycan faktiki olaraq XVIII əsrin ortalarından başlayaraq əsrin sonuna kimi 3 dövlətin - Qacarlar dövlətinin, Osmanlı İmperiyasının və çar Rusiyasının mənafelərinin toqquşduğu məkana çevrilmişdi. Ölkə ərazisi bu dövlətlər arasında nüfuz dairələrinə parçalanırdı və təbii ki, belə bir vəziyyət Azərbaycanın tarixi-siyasi coğrafiyasına əsaslı təsir edirdi.
Hələ 1722-ci ildə I Pyotrun yürüşü nəticəsində Xəzərin bütün qərb və cənub-qərb sahilləri rus qoşunları tərəfindən zəbt edilmişdi. 1723-cü ildə isə türk qoşunları Cənubi Qafqaza daxil oldu. 1724-cü ildə çar Rusiyası ilə Osmanlı imperiyası arasında bağlanan İstanbul müqaviləsinə görə Cənubi Qafqaz ərazisi iki dövlət arasında nüfuz dairəsinə bölündü. Əsrin 30-cu illərində Azərbaycan ərazisi Səfəvi-Osmanlı imperiyaları arasında gedən yeni mübarizələrin obyektinə çevrildi.
Nadir şahın hakimiyyətə gəlməsi və fəaliyyəti Azərbaycan torpaqlarının parçalanması prosesinə ikitərəfli və əsaslı təsir göstərdi. Düzdür, o, Qarabağın məlikliklərini - Vərənd, Çilaberd, Gülüstan, Dizaq və Xaçın ərazilərini Gəncə bəylərbəyliyinə tabe etdi və sonra səfəvilərin inzibati bölgüsünə əsasən mövcud olan Qarabağ, Şirvan, Çuxur-Səəd və Təbriz bəylərbəyliklərini ləğv edərək Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Vahid Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı İbrahim oldu. XVIII əsrin II yarısında Qazaxda azərbaycanlıların sultanlığı yarandı, Nadir şahın öldürülməsindən sonra (1747) onun dövləti süquta uğradı və ayrı-ayrı vilayətlərdə, o cümlədən, Azərbaycanda ciddi parçalanma baş verdi. XVIII əsrin I yarısı Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından aşağıdakı səciyyəvi cəhətlərə malikdir:
1. Səfəvilərin hakimiyyətinin sonuna (1736) kimi Azərbaycan ərazisi bəylərbəyiliklərə (4 bəylərbəyiliyə - Qarabağ, Şirvan, Çuxur-Səəd, Təbriz) bölünmüşdü;

2. Şirvan (Xəzəryanı sahələr istisna olmaqla) 1721-1735-ci illərdə əsarətdən azad olub müstəqilliyə nail olsa da, Osmanlı imperiyasının nominal asılılığında qalırdı;

3. Azərbaycanın Xəzəryanı əraziləri çar Rusiyasının tərkibinə daxil edilmişdi (1722-1735);

4. İstanbul müqaviləsinə əsasən (1724) Azərbaycan ərazisi Osmanlı imperiyası ilə çar Rusiyası arasında bölünmüşdü;

5. Rəşt (1732) və Gəncə (1735) müqavilələrinə görə, Xəzəryanı ərazilər çar Rusiyasının nüfuz dairəsindən Səfəvilər dövlətinin nüfuz dairəsinə keçmişdi;

6. 1736-cı ildə Səfəvilər dövründəki bəylərbəyilik sistemi ləğv edilmiş, 4 bəylərbəyilik birləşdirilərək vahid Azərbaycan vilayəti yaradılmışdı;

7. Azərbaycanın Borçalı və Qazax əraziləri Nadir şah tərəfindən 1743-cü ildə Şirvanda yalançı Sam-Mirzənin başçılığı ilə Nadirə qarşı qalxmış üsyanı yatırdığından Kaxetiya çarı Teymuraza verilmişdi;

8. Nadirin ölümündən sonra ölkədə parçalanma prosesi şiddətlənmiş, Azərbaycan  30 (20 xanlıq, 5 sultanlıq və 5 məliklik) hissəyə ayrılmışdır.


Azərbaycan xanlıqları



XVIII əsrin II yarısı da Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından xüsusi dövrdür. Bir tərəfdən Azərbaycan öz müstəqilliyinə nail olur, qonşu dövlətlərin, imperiyaların nüfuzundan çıxa bilir, digər tərəfdən isə vahidliyini itirir və heç də geniş olmayan ərazisində çoxsaylı müstəqil feodal dövlətləri - xanlıqlar və başqa dövlət qurumları təşəkkül tapırdı.
Azərbaycanın XVIII əsrin II yarısında ərazisi Səfəvilər dövründəki ərazisindən çox da fərqlənmirdi. Yeganə fərq şimali-qərb istiqamətində Borçalı ərazisinin itirilməsi idi. Ölkənin sahəsi təxminən 380.000 kv.km. (səfəvilər dövrü təx. 400.000 kv.km) idi.

Azərbaycanın cənub xanlıqları


- Təbriz xanlığı (XVIII əsrin ortaları-1780) Xoy, Ərdəbil, Sərab, Qaradağ, Marağa xanlıqları və Urmiya gölü ilə həmsərhəd idi. Təbriz, Güney və Mərənd mahallarına bölünmüşdü. Əsasını əfşar tayfasından olan Əmiraslan xan qoymuşdu, mərkəzi Təbriz şəhəri idi. 1780-ci ildə xanlığın fəaliyyətinə son qoyuldu, ərazisi Xoy xanlığının tərkibinə qatıldı.
- Ərdəbil xanlığı (XVIII əsrin ortaları - XVIII əsrin sonu) Talış, Qaradağ, Təbriz, Marağa, Sərab xanlıqları və Gilan vilayəti ilə həmsərhəd idi. Əsası Bədir xan tətəfindən qoyulmuşdu, mərkəzi Ərdəbil şəhəri idi. Əsrin əvvəllərində şahsevənlər 4 qola ayrılır, Ərdəbil, Mişkin, Talış və Qaradağda ayrı-ayrılıqda fəaliyyət göstərməyə başlayır. XVIII əsrin sonu Ərdəbil xanlığı Qacarlar dövlətindən asılı vəziyyətə düşür və fəaliyyətinə son qoyulur.
- Marağa xanlığı (XVIII əsrin ortaları - XVIII əsrin sonu) cənubdan Saqqız mahalı, şimaldan Təbriz, qərbdən Urmiya, şərqdən Ərdəbil xanlıqları ilə həmsərhəd idi. Əsası müqəddəm (Qarabağın Cavanşir elinin bir qolu) tayfasının başçısı Əliqulu xan tərəfindən qoyulmuş, mərkəzi Marağa şəhəri idi. XVIII əsrin sonu Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdi.
- Maku xanlığı (XVIII əsrin ortaları - XVIII əsrin sonu) Maku Səfəvilər dövründə Çuxur-Səəd bəylərbəyliyinin tərkibinə daxil idi. XVIII əsrin ortaları yaranmış Maku xanlığı bayat tayfası tərəfindən idarə olunurdu. XVIII əsrin sonu Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdi.
- Qaradağ xanlığı (XVIII əsrin ortaları-1782) Lənkəran, Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Qarabağ və Cavad xanlıqları ilə hüdudlanırdı. Əsası Kazım xan tətəfindən qoyulmuşdu, mərkəzi Əhər şəhəri idi. Tərkibinə 18 mahal daxil idi. 1782-ci ildə Qarabağ və Xoy xanlıqları arasında bölüşdürülərək müstəqilliyini itirmişdi.
- Sarab xanlığı (XVIII əsrin ortaları-1786) Ərdəbil və Təbriz xanlıqları ilə həmsərhəd idi. Ərazisi Həştəri, Gərməli və Sarab mahallarına bölünmüşdü. Mərkəzi Sarab şəhəri idi. Əsası şəqaqi tayfasının başçısı Əli xan tərəfindən qoyulmuşdu. XVIII əsrin sonu Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdi.
- Xoy xanlığı (XVIII əsrin ortaları - XVIII əsrin sonu) Maku, Naxçıvan, Qaradağ, Təbriz, Urmiya xanlıqları və Osmanlı imperiyası ilə həmsərhəd idi. Əsası Şahbaz xan tərəfindən qoyulmuşdu, mərkəzi Xoy şəhəri idi. XVIII əsrin sonu Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdi.
- Urmiya xanlığı (XVIII əsrin ortaları - XVIII əsrin sonu) şimalda Xoy xanlığı, şərqdə Urmiya gölü və Marağa xanlığı, cənubda və qərbdə Osmanlı imperiyası ilə həmsərhəd olmuşdur. Mərkəzi Urmiya şəhəri idi. Əsası Urmiyanın irsi hakimi olan əfşar tayfa başçısı Fətəli xan Əfşar tərəfindən qoyulmuşdu. XVIII əsrin sonu Qacarlar dövlətindən asılı vəziyyətə düşərək müstəqilliyini itirmişdi.

Azərbaycanın şimal xanlıqları


- Qarabağ xanlığı (XVIII əsrin ortaları-1822) Kür və Araz çayları arasında yerləşirdi, mərkəzi Şuşa şəhəri idi. Sərhədləri Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə hüdudlanırdı. Əsası Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdu. Onun dövründə Bayat, Şahbulaq qalaları tikilmiş, Əsgəran qalası möhkəmləndirilmişdi. Əhalisini Cavanşir, İyirmi dörd, Otuzikilər, kəbirli, ziyadoğlu, baharlı tük tayfaları təşkil edirdi. Xanlıq 1805-ci ildə Kürəkçay müqaviləsinə əsasən çar Rusiyasına ilhaq edilmiş, 1822-ci ildə çar fərmanı ilə ləğv edilmişdir.
- Şəki xanlığı (XVIII əsrin ortaları-1819) qərbdən İlisu sultanlığı, şərqdən Şamaxı xanlığı, cənubdan Qarabağ və Gəncə xanlıqları, şimaldan Quba xanlığı ilə həmsərhəd olmuş, mərkəzi Nuxa şəhəri idi. Əsasını Hacı Çələbi xan qoymuşdu. Şəki xanlığı Azərbaycanın ən iri xanlıqlarından olmuş, ərazisi 8 mahala bölünmüşdü. Qəbələ və Ərəş sultanlıqları da Şəki xanlığından asılı idilər. Hacı Çələbinin dövründə Azərbaycanın birləşdirilməsinə cəhd olunub. Xanlıq 1805-ci il mayın 21-də ikinci Kürəkçay müqaviləsinə əsasən çar Rusiyasına ilhaq edilmiş, 1819-cu ildə isə çar fərmanına əsasən ləğv olunmuşdu.
- Quba xanlığı (1726-1806) Azərbaycanın şimali-şərqində mövcud olmuşdur. Hələ 1724-cü ildə Quba əyaləti çar Rusiyasının tərkibinə daxil edilmişdi. Hakimi Hüseynəli xan idi. Paytaxtı əvvəl Xudat, 1735-ci ildən Quba şəhəri olmuşdu. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Quba xanlığı öz qüdrəti ilə seçildiyindən bəzən Dərbənddən Salyana (əsrin 60-cı illərində) kimi ərazilər onun nüfuz dairəsində olmuşdu. Quba xanlığı 1806-cı ildə çar Rusiyasına ilhaq edilmişdi.
- Bakı xanlığının (XVIII əsrin ortaları-1806) əsasını Nadir şahın ölümündən sonra yerli feodallardan biri olan Mirzə Məhəmməd xan qoymuşdu. Xanlığın ərazisi Abşeron yarımadası və Bakı şəhərini əhatə edirdi. Paytaxtı Bakı şəhəri olan bu xanlıq Şamaxı və Quba xanlıqları ilə həmsərhəd idi. 1806-cı ildə Azərbaycanın şimalı və Bakı xanlığı çar Rusiyasına ilhaq olundu.
- Dərbənd xanlığı (XVIII əsrin ortaları-1806) əsası Məhəmməd Hüseyn xan tərəfindən qoyulmuş və Azərbaycanın şimali-şərqində fəaliyyət göstərmişdi. Qaraqaytaq usmiliyi, Tabasaran, Qazıqumuq və Quba xanlığı ilə həmsərhəd idi. Paytaxtı Dərbənd şəhəri olan bu xanlıq 40 il Quba xanlığından asılı olmuşdu. Xanlığın fəaliyyətinə 1806-cı ildə son qoyulmuş, çar Rusiyasının əyalətinə çevrilmişdi.
- Gəncə xanlığı (XVIII əsrin ortaları-1804) Murovdağ silsiləsindən Kür çayına kimi olan əraziləri əhatə edirdi. Xanlığın əsasını qacar tayfasının ziyadoğlular nəslindən olan Şahverdi xan qoymuşdu. Xanlıq Şəki, Qarabağ, İrəvan xanlıqları, Qazax, Şəmşəddil sultanlıqları və Gürcüstanla həmsərhəd idi. Paytaxtı Gəncə şəhəri olmuşdu. 1786-cı ildə hakimiyyətə gələn Cavad xan 1804-cü il yanvarın 3-də Sisianovla döyüşdə öldürüldükdən sonra xanlığın ərazisi çar Rusiyasına ilhaq olundu.
- İrəvan xanlığı (XVIII əsrin ortaları-1828) Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqlarda yerləşirdi. Naxçıvan, Qarabağ, Maku xanlıqları, Osmanlı imperiyası, Kartil-Kaxetiya çarlığı və Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olmuşdu. Xanlığın əsasını Mir Mehdi xan Əfşar qoymuşdu, mərkəzi İrəvan şəhəri idi. Gülüstan (1813) müqaviləsinə görə Qacarlar dövlətinin, Türkmənçay (1828) müqaviləsinə əsasən çar Rusiyasının tərkibinə qatılır və onun əyalətinə çevrilir.
- Lənkəran (Talış) xanlığı (XVIII əsrin ortaları-1826) Talış dağları, Xəzər dənizi və Muğan düzü arasındakı torpaqlar, Gilan, Ərdəbil, Qaradağ, Cavad, Salyan xanlıqları həmsərhəd idi. Mərkəzi qızılağaclı Musanın dövründə Astara, ərdəbilli seyid Abbasin dövründə isə Lənkəran şəhəri olmuşdu. Lənkəran, Astara, Qızılağac kimi ticarət mərkəzlərinə malik idi. Xanlığın əsasını səfəvi nəslindən olan Cəmalləddin Mirzə bəy (Qara xan) qoymuşdu. Xanlıq 1800-cü ildə çar Rusiyasının nüfuz dairəsinə düşmüş və 1826-cı ildə çar fərmanı ilə ləğv edilmişdi.
- Naxçıvan xanlığı (XVIII əsrin ortaları-1827) Zəngəzur dağlarından Araz çayına kimi olan əraziləri əhatə edirdi. Mərkəzi Naxçıvan şəhəri olan bu xanlıq İrəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd olmuşdu. Xanlıq Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən təsis edilmişdi. 1797-ci ildə xanlıq Qacarlar dövlətindən asılı vəziyyətə düşmüş, 1828-ci ildən Türkmənçay müqaviləsinə əsasən çar Rusiyasına birləşdirilmişdi.
- Salyan xanlığı son vaxtlara qədər "Salyan sultanlığı" kimi tanınırdı və qonşu xanlıqların tərkibində göstərilirdi. Lakin son tarixi ədəbiyyatda onun Kür çayının mənsəbində kiçik xanlıq olduğu bildirilir. Xanlıq şərq tərəfdən Xəzər dənizi, şimaldan Şamaxı xanlığı, qərbdə Cavad xanlığı, cənubda Talış xanlığı ilə həmsərhəd idi.
- Cavad xanlığı (XVIII əsrin ortaları-1813) Kür ilə Arazın qovuşduğu yerdə mövcud olmuşdu. Şamaxı, Qarabağ, Qaradağ, Lənkəran və Salyan xanlıqları ilə həmsərhəd idi. Əsasını şahsevən tayfasından Həsən xan qoymuşdu, mərkəzi Cavad qalası idi. 1768-ci ildən Quba xanlığından asılı olmuş, onun tərkibində çar Rusiyasına birləşdirilmişdi.
- Şamaxı xanlığı (1748-1820) Bakı, Quba, Şəki Qarabağ xanlıqları və Kür çayı ilə həmsərhəd idi. Əsası Hacı Məhəmmədəli bəy, Məhəmməd Səid bəy və Ağası qardaşları  tərəfindən qoyulmuşdu, paytaxtı bir müddət Ağsu (Yeni Şamaxı), sonra Şamaxı şəhəri olmuşdu. Xanlıq 1805-ci ildə çar Rusiyasının əsarətinə düşmüş, 1820-ci ildə çar fərmanına əsasən ləğv edilmişdi. Şamaxı xanlığı həm də Şirvan xanlığı kimi tanınırdı.
Azərbaycan ərazisində xanlıqlarla yanaşı, onların bir neçəsinin tərkibində sultanlıqlar və məlikliklər də mövcud olmuşdu. Sultanlıq sultanın başçılıq etdiyi monarxiya dövləti idi. Məliklik məliklər tərəfindən idarə olunan kiçik feodal hakimliyindən ibarət idi. Məliklik "xəmsə" (beşlik) də adlanırdı. Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri məliklik olmuş və 5 feodal hakimliyini (Qarabağ xanlığının tərkibində) - Vərəndə, Dizaq, Xaçın, Gülüstan və Çilabert hakimliklərini birləşdirmişdi. Azərbaycanda Qazax, Şəmşəddil, Ərəş, Ilisu, Qəbələ sultanlıqlarının və Car-Balakən camaatlığının adına təsadüf edilir.
Qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində, özünün dövlətçilik ənənələrini qoruyub saxlaya bilmiş, hətta Şərq və Qərb dünyasında özünəməxsusluğu ilə seçilən qüdrətli imperiyalar yaratmışdı. Bu, həm Manna, Atropatena, Albaniya kimi qədim, həm də Şirvanşahlar, İldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi qüdrətli orta əsr dövlətlərinin, həmçinin ərazi cəhətdən kiçik olsa da, xanlıqlar kimi siyasi müstəqilliyə malik son orta əsr dövlətlərimizin timsalında özünü göstərmişdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli dövlətçilik, ideyaları, XX yüzilliyin sonu Azərbaycanı daha qüdrətli bir dövlətə çevirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanı dövlətçiliyə sədaqətlə daha da qüdrətləndirdi. Bu qüdrətin nəticəsində rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində böyük Zəfər qazandı. Bu zəfər gələcək nəsillərimizin fikir və düşüncələrinə hakim kəsiləcəkdir. Bu gün hər birimiz əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik amallarına sədaqətlə davam etdirəcəkdir, Azərbaycan tarixinin yeni şanlı səhifələri yazılacaqdır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi