Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2023 10:27

Müdafiə naziri şəhid ailələri ilə görüşdü

Heydər Əliyev adına Hərbi İnstitutun yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirildi. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti institutun qərargahı qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzdülər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi institutun həyətində İkinci Qarabağ müharibəsində şəhid olan hərbçilərin xatirəsinə ucaldılmış  Xatirə kompleksinin açılışını  etdi. Açılış mərasimində generallar, zabitlər, kursantlar, Hərbi institutun professor-müəllim heyəti, şəhid ailələri və qonaqlar da iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Hərbi Orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə düşmənin təmas xəttində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına başladı. Əsgərlərimizin sayıqlığı və yüksək döyüş hazırlığı nəticəsində işğalçılar ağır itkilərə məruz qalaraq geri çəkilmək məcburiyyətində qaldılar. Cəmi 44 gün davam edən Vətən müharibəsində düşmən ordusunu məğlubiyyətə uğradıldı və 28 ildən artıq işğalda saxlanılan tarixi torpaqlarımız azad edildi.
Müdafiə naziri nəzərə çatdırdı ki, tarixi qələbənin qazanılmasında Hərbi institutun da öz töhvələri var. 549 nəfər hərbi qulluqçu döyüşlərdə iştirak edib. Müharibənin ilk günündə onlar könüllü olaraq döyüşə getmək istədiklərini bildirmişdilər. İkinci Qarabağ müharibəsində bu təhsil ocağının 10 nəfər hərbi qulluqçusu şəhid olub. Onlardan pilot polkovnik Zaur Nudirəliyev ən yüksək fəxri ada - "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.  
Şəhid atası Mürvət Əsgərov çıxışında dedi ki, oğlu mayor Rüfət Əsgərov Hərbi institutda müəllim olub. Ali Baş Komandan İlham Əliyev əks-hücum əmri verəndə müharibəyə getmək üçün yuxarı komandanlığa ilk müraciət edənlərdən biri də mənim oğlum olub.  
Mürvət Əsgərov Hərbi institutda keçirilən rəsmi tədbirlərə tez-tez dəvət edildiyini, bunun isə şəhid ailələrinə göstərilən diqqət olduğunu bildirdi. Biz də  hərbçilərin bu çağırışını yüksək dəyərləndiririk. Çünki övladlarımız şəhid olmazdan əvvəl bu müqəddəs elm ocağında xidmət ediblər. Onlar da həmin biliklərdən yararlanaraq xidmətdə uğurlar qazanıblar.
Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə dövlət qayğısından söz açan Mürvət Əsgərov dedi:
- Bu gün şəhid ailələri, Qarabağ müharibəsi əlilləri dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə əhatə olunublar. Yerli icra hakimiyyətlərində yaradılan şöbələr bu qəbildən olan vətəndaşların qayğı və ehtiyaclarının həllinə cavabdehlik daşıyır. Davamlı olaraq bu qurumlar imtiyazlı ailələrin məişət şəraitinin, maddi və mənəvi vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq işlər aparırlar.
Şəhid kiçik leytenant Yaqub Nəcəfovun atası Məhəmməd Nəcəfov çıxış edərək İkinci Qarabağ müharibəsində üç oğlunun iştirak etdiyini dedi. Müharibə zamanı bir oğlunun şəhid, birinin qazi olduğunu bildirdi. Çıxışına davam edən M.Nəcəfov digər oğlunun bu gün də işğaldan azad edilmiş ərazilərimizdəki hərbi hissələrdən birində xidmətini şərəflə davam etdirdiyini bildirdi.
Məhəmməd Nəcəfov övladlarını vətənpərvər ruhda böyütdüyündən qürur duyur: - Vətəni düşməndən qorumaq hamımızın müqəddəs borcudur. Övladlarım bu borcu şərəflə, ləyaqətlə yerinə yetirdilər. Onlar döyüşlərdə göstərdikləri fədakarlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallara layiq görülüblər.
Üç il bundan əvvəl ən böyük arzumuz Şuşaya getmək, üçrəngli bayrağımızın Kəlbəcərdə, Laçında və digər torpaqlarımızda dalğalandığını görmək idi. Bizi bu istəyə, bu amala yetirən şanlı ordumuza həmişə güvənmişik. Başda ölkəmizin rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla, bizə tarixi qələbənin sevincini yaşadan əsgər və zabitlərə sonsuz minnətdarıq. Müharibə varsa insan itkisi də var. Bu savaşda, bu döyüşdə biz övladlarımızı itirdik. Lakin onların qanı yerdə qalmadı. Otuz ilə yaxın düşmən işğalında qalan torpaqlarımız azad olundu. Bu qalibiyyətin, bu Zəfərin sevincini indi də  yaşayırıq.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"