Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Mart 2023 16:21

Ağdam rayonuna media-tur təşkil olundu

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinə, nazirliyin idarə və xidmət, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə, işğaldan azad olunan ərazilərdə yerləşən hərbi hissələrə və döyüş mövqelərinə media-turlar təşkil olunur. Media-turlar çərçivəsində jurnalistlər hərbi qulluqçularla görüşüb, onlardan müsahibələr alıb, şəxsi heyətin xidməti, döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olurlar. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə növbəti media-tur Ağdam rayonuna oldu. Qeyd edim ki, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
Səhər saatlarında media nümayəndələri ilə birlikdə təyin olunmuş nəqliyyət vasitəsilə paytaxt Bakıdan yola düşdük. Uzun-uzadı yolumuzu geridə qoyub, Ağdam rayonunun Qızıllı-Kəngərli kəndinə gəldik. Burada jurnalistlərə kəndin tarixi haqqında məlumat verildi. Qeyd olundu ki, Oğuz türklərinin peçeneq qolundan olan kəngərlərin (kanqarlar) çoxsaylı tirələrindən biri də Qızıllıdır. Bu kənd Qaraman dağının ətəyində, Xaçın çayının sol sahilində yerləşir. Kənd 1993-cü il iyulun 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Yalnız Vətən müharibəsi zamanı Ordumuzun şanlı Qələbəsindən sonra böyük itkilər verən Ermənistan dövləti çarəsiz vəziyyətdə qalaraq 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalamağa məcbur qaldı. Həmin Bəyanata əsasən də Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı.
Kəndlə qısa tanışlıqdan sonra media nümayəndələri ilə digər nəqliyyat vasitəsinə əyləşib, döyüş növbətçiliyi aparan əsgərlərimizin yanına yollandıq. Nahamar və qarlı yolumuzu geridə qoyub bu ərazidə dislokasiya olunan bölməyə çatdıq. Şəxsi heyətin sosial-məişət şəraiti, günün nizam qaydasına uyğun olaraq keçirilən döyüş hazırlığı məşğələləri və döyüş növbətçiliyinin təşkili ilə tanış olan jurnalistlər çəkilişlər apararaq burada xidmət edən hərbi qulluqçulardan müsahibələr götürdülər. Vətən müdafiəçilərinin hər biri müsahibələrdə rəşadətli Azərbaycan Ordusunda xidmət etmələrindən, diqqət və qayğı ilə əhatə olunmalarından, qarşıya qoyulan istənilən döyüş tapşırıqlarının öhdəsindən uğurla gəlmələrindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə azad olunan ərazilərdə xidmətdən qürur duymalarından ağızdolusu danışdılar. Müsahibələr başa çatdıqdan sonra media nümayəndələri məğrur əsgərlərimizlə birgə nahar etdilər.
Media-tur əsgər Əli Novruzovun doğum gününə təsadüf edirdi. Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Anar Eyvazov çıxış edərək əsgəri nazirliyin rəhbərliyi adından doğum günü münasibətilə təbrik etdi, ona can sağlığı və gələcək xidmətində uğurlar arzuladı. "Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında azad edilən tarixi torpaqlarımızda xidmət etmək hər kəsə nəsib olmur. Bu gün siz bu şərəfli missiyanı layiqincə yerinə yetirirsiniz. Sizin qətiyyətli xidmətiniz əmin edir ki, torpaqlarımızın müdafiəsi inamlı əllərdədir. Silahdaşınız Əli Novruzovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uşaq evində böyüdüyünə baxmayaraq bilməlisən ki, sənin əsgər yoldaşların kimi igid qardaşların, hərbçi dostların, yaxınların var". Daha sonra polkovnik-leytenant Anar Eyvazov müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından əsgər Ə.Novruzova qiymətli hədiyyə təqdim etdi.
Polkovnik Seymur Həbibullahov da çıxış edərək, əsgəri doğum günü münasibətilə təbrik etdi, ona ən xoş arzularını çatdırdı. Bildirdi ki, əsgər yoldaşların, komandirlərin və biz hər zaman sənin yanındayıq. Mülki həyata qədəm qoyacağın andan etibarən də hər zaman yanında olacağıq.
- Ad günümdə mənə göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkür edirəm. Bu günə kimi ən yadda qalan və ən sevincli günlərimdən birini sizlərin sayəsində yaşayıram. Buna görə hər birinizə ayrı-ayrılıqda minnətdaram. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun mənə qiymətli hədiyyə göndərməsi isə yaddaşıma ömürlük həkk olundu. Bu cür diqqətin qarşısında üzərimə düşən vəzifə isə xidmətimi düzgün təşkil edib, verilən komandaları vaxtında icra etməkdir. Əminliklə deyə bilərəm ki, mənə göstərilən bu etimadı doğruldacağam, - dedi əsgər Əli Novruzov.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"