Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2023 20:30

Səfərbərlik təminat bazasında komanda-qərargah təlimi keçirildi

Rəşadətli Azərbaycan Ordusunun qüdrəti, şəxsi heyətinin yüksək döyüş və mənəvi-psixoloji hazırlığı döyüş meydanında təsdiqini tapdı. Şanlı və tarixi qələbəmiz bir daha sübut etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclüsüdür. İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə yanaşı, istər keçirilən irimiqyaslı təlimlərdə, istərsə də Beynəlxalq Hərb Oyunlarında və digər Beynəlxalq təlimlərdə hərbçilərimizin ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi, onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarıqlarının yüksək səviyyədə olduğunu göstərir. Bu gün ordu quruculuğunda atılan hər addım döyüş qabiliyyətinin artırılmasına istiqamətlənir. Ordumuzun bütün bölmələrində  atəş, taktiki, fiziki, ictimai-siyasi və digər fənlər üzrə məşğələlər səmərəli təşkil olunur. Döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun qüvvə növləri, birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində nəzəri və praktiki  məşğələlər keçirilir. Bu məşğələlərdə hərbi qulluqçulara onların vəzifə borcu və qarşıya qoyulan tapşırıqlar, eləcə də silah-texnikanın xüsusiyyətləri, onların effektiv istifadə olunması və təhlükəsizlik qaydaları çatdırılır. Bunlarla yanaşı, qoşunların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasını təmin etmək məqsədilə hərbi hissələrdə döyüşə hazırolma vəziyyətinin yoxlanılması üzrə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.
Cari ildə də Azərbaycan Ordusunda döyüş hazırlığının artırılmasına istiqamətlənən fəaliyyətlər səngimədən davam edir. Yeni tədris ilində artıq bir çox praktiki dərslər, taktiki və komanda-qərargah təlimləri, təlim-metodiki toplanışlar, praktiki atış çalışmaları, müxtəlif yarışlar və digər fəaliyyətlər start götürüb. Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübə nəzərə alınmaqla keçirilən bu fəaliyyətlərin əsas məqsədi komandir heyətinin bölmələri idarəetmə vərdişlərinin, həmçinin əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının daha da təkmilləşdirilməsi, hərbi qulluqçuların ixtisasları üzrə bilik və bacarıqlarının daha da artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsindən ibarətdir.
Şəxsi heyətin bilik və bacarıqlarının sınağa çəkildiyi növbəti belə təlim Quru Qoşunlarının səfərbərlik təminat bazasında keçirildi.  Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, keçirilən komanda-qərargah təliminin əsas məqsədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən ümumi və ya qismən səfərbərlik elan olunduğu zaman, çağırılan hərbi vəzifəlilərin toplanış məntəqəsinə qəbulu, qeydiyyata alınması, hərbi ixtisaslarına uyğun olaraq komplektləşdirilməsi və digər fəaliyyətlərin icrası zamanı səfərbərlik təminat bazasının şəxsi heyətinin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahın fəaliyyətini və qarşılıqlı əlaqəni daha da təkmilləşdirməkdir.
Təlimin planına uyğun olaraq bazanın şəxsi heyəti yaradılan məntəqələrdə ehtiyatdan çağırılanların qəbulu, yoxlanılması və xidməti yerlərinə təyin olunması fəaliyyətini imitasiya etdi. Bütün fəaliyyətlər xəritə üzərində dəqiqləşdirildi və tapşırıqların icrası ilə bağlı komandirlərin məruzələri dinlənildi.
Səfərbərlik təminat bazasına gələn müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı general-leytenant Ənvər Əfəndiyev və digər rəhbər heyətlər təlimin gedişini izlədilər. Toplanış məntəqəsinin qərargahında keçirilən brifinqdə iştirak edən general-leytenant Ənvər Əfəndiyev  çağırış zamanı hərbi vəzifəlilərin müvafiq qeydiyyatının aparılması, həkim müayinəsindən keçirilməsi, hərbi geyim və digər təminat növləri ilə təmin olunması, xidmət yerlərinə təyin olunması işlərinin operativ və səmərəli təşkili ilə bağlı yerinə yetiriləcək fəaliyyətlərə, qəbul edilən qərarlara dair məruzələri dinlədi. Brifinqdə yeni tədris dövründə təsdiq olunmuş plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilərlə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçiriləcəyi qeyd olundu. Bildirildi ki, keçiriləcək təlim-toplanışlarda Vətən müharibəsində əldə edilən təcrübələr nəzərə alınmaqla hərbi vəzifəlilərin döyüş vərdişləri və hərbi ixtisas bilikləri təkmilləşdiriləcək, ordumuzun arsenalındakı müasir silah və hərbi texnikalar, onların istismar qaydaları, döyüş tətbiqi üsulları haqqında geniş məlumat veriləcək. Həmçinin iştirakçılara hücum və müdafiə döyüşlərinin əsasları, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə əməliyyatların aparılması üsullarının öyrədiləcəyi vurğulandı. Eynilə şəxsi heyətlə müxtəlif poliqonlarda real müharibəyə yaxın şəraitdə silah və hərbi texnikadan istifadə qaydalarına dair praktiki məşqlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və digər hazırlıqlar üzrə təlimlərin də keçiriləcəyi qeyd olundu. Brifinqdə təlim-toplanışların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tapşırıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçiriləcəyi xüsusi olaraq qeyd olundu. Daha sonra bazada  yeməkxana, yataq və tibb xidmətinin təşkili ilə maraqlanan nazir müavini yeni tədris dövründə ehtiyatda olan hərbi vəzifəlilərlə keçiriləcək toplanışların səmərəliliyinin artırılması ilə bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənovun aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında qoyduğu  konkret tapşırıq və göstərişləri çatdırdı.
Plana uyğun olaraq davam edən komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirildi. Uğurla başa çatan komanda-qərargah təlimi bir daha göstərdi ki, Azərbaycan Ordusunun bütün bölmələrində plana uyğun olaraq fəaliyyətlər yüksək səviyyədə icra olunur. Ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması istiqamətində Ali Baş Komandanın şəxsi heyət qarşısında qoyduğu bütün vəzifə və tapşırıqlar layiqincə yerinə yetirilir.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"