Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2023 20:30

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri uğurla başa çatdı

Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə həmkarlar təşkilatı üzvləri arasında şahmat turniri keçirdi.
Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində reallaşdı.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin idman təlimatçısı Məhəmmədrza Mirzəyev turniri açıq elan edərək iştirakçılara uğurlar arzuladı: "Ölkəmizin bütün sahələrində olduğu kimi, həmkarlar komitəsində də Ulu Öndər Heydər Əliyevin xatirəsi hər zaman dərin hörmət və ehtiramla yad edilir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunmuşdur. Bununla bağlı olaraq həmkarlar komitəsində də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə idman tədbirlərinin təşkili nəzərdə tutulub. Bu gün keçirilən şahmat turniri də məhz Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunub".
Daha sonra M.Mirzəyev yarışın şərtlərini turnir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, həvəskar şahmatçıların qatıldığı yarışda 20 nəfər həmkar üzvü birinci, ikinci və üçüncü yerlər uğrunda mübarizə aparır. Turnirin baş hakimi, idman ustası Ələkbər Məmmədov bildirdi ki, yarış 7 turdan ibarətdir. "Turnir İsveçrə sisteminə uyğun kompüter vasitəsilə aparılır. Yerlər ardıcıllıqla müəyyən ediləcək və yekun nəticələr müəyyənləşəcək. Ən yüksək xal toplayan turnirin qalibi olacaq. Eyni xal toplayan şahmatçıların yerləri də proqrama uyğun əmsallara görə müəyyən ediləcək. Belə ki, daha güclü oyunçular üzərində qələbə qazanan oyunçunun əmsalları daha yüksək olacaq. Bütün bunlar kompüter sistemində öz əksini tapacaq".
Beləliklə, həmkar üzvləri arasında keçirilən şahmat turniri başladı. Gərgin və ciddi mübarizələrlə müşayiət olunan turnirdə həvəskar şahmatçılar idmanın bu sahəsində qazandıqları bilik və təcrübələrini səfərbər edib qalib gəlməyə çalışdılar.
Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr etdiyi şahmat turniri uğurla başa çatdı. Yekun nəticəyə görə, qaliblər müəyyənləşdilər. Həmkarlar təşkilatları üzvləri arasında keçirilən şahmat turnirində 1-ci yerin qalibi Baş Klinik Hospitalın əməkdaşı Kənan Məmmədov oldu. 2-ci yeri Bakı Qarnizonunun Mənzil-İstismar Hissəsinin həmkar üzvü Rza Rəsulov, 3-cü yeri isə Mənzil-İstismar İdarəsinin həmkar üzvü Rəhbər Niftəliyev qazandılar.
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Zakir Mövsümov turnirin qaliblərinə pul mükafatı və fəxri fərmanlar təqdim etdi.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"