Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Fevral 2023 20:18

Xalqımızı yeni qələbələrimizlə sevindirəcəyik

Qoynunda dünyaya göz açdığım Cəlilabad rayonunun Pərdi kəndinin də Vətən qeyrəti çəkən oğulları Birinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda vuruşmuşdular. Onlar yurdumuzu erməni işğalçılarından müdafiə edərkən nəsillərə nümunə olacaq böyük igidlik və qəhrəmanlıqlar göstərmişdilər. Mən anadan olanda - 15 aprel 1996-cı ildə artıq döyüşlər dayanmış, atəşkəs elan olunmuşdu. Yaşa dolduqca qeyrətli oğulların igidliyi, hünəri ilə öyünərdik. Böyüyəndə onlar kimi qəhrəman, cəsur olacağımıza söz verərdik.
Sanki illər bir göz qırpımında ötüb arxada qaldı. Böyüdük və bir zamanlar verdiyimiz sözü yerinə yetirməyin vaxtı gəlib çatdı. Gələcəkdə hərbçi olmaq, torpaqlarımızın keşiyində dayanmaq, sələflərimizin qəhrəmanlıq ənənələrini şərəf və ləyaqətlə davam etdirmək üçün 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldum. Üç il Hərbi liseydə təhsil aldım. Həmin illər mənim üçün olduqca səmərəli keçdi. Bu müddət ərzində təhsil ocağında başqa fənlərlə yanaşı, hərbi bilik və vərdişləri də mənimsədim.
2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul oldum. Bu təhsil ocağında hərbi biliklərimi daha da təkmilləşdirdim. Yerüstü artilleriya qurğusunun sirlərinə dərindən yiyələndim. 2018-ci ildə ali hərbi təhsilimi başa vurduqdan sonra "leytenant" rütbəsi verildi. Elə həmin il taqım komandiri kimi "N" hərbi hissəsində xidmətə başladım.
Artıq arzuma çatmışdım. Zabit kimi doğma ordumuzun sıralarında xidmət edirdim. Özümü Birinci Qarabağ müharibəsində vuruşan oğulların davamçısı kimi hiss edirdim.
Torpaqlarımızın uzun müddət erməni işğalında qalması zabit kimi məni çox narahat edirdi. Buna görə də təlimlərdə aktiv iştirak edir, torpaqlarımızın azad olunacağı günə hazırlaşırdım. Cəbhədə isə vəziyyət getdikcə gərginləşirdi. Ermənilər tez-tez təxribat törədir, atəşkəs rejimini pozurdular. 27 sentyabr 2020-ci ildə işğalçılar daha bir genişmiqyaslı təxribata əl atdılar. Nəticədə İkinci Qarabağ müharibəsi başlandı. Hərbi hissəmizin şəxsi heyəti də döyüşlərə cəlb olundu. İlk döyüşlərimiz Ağdam rayonu istiqamətində oldu. Bir müddətdən sonra bizi Xocavənd rayonuna göndərdilər. Başqa istiqamətlərdə olduğu kimi, burada da erməni işğalçıları geri sıxışdırılırdı. İşğalçılar böyük strateji əhəmiyyətə malik olan Qızılqaya yüksəkliyindən çıxmaq istəmirdilər. Onların yüksəklikdə olan bütün mövqelərini artilleriya zərbələri ilə darmadağın etdik. Düşmənin geri çəkilməkdən başqa yolu qalmadı. Beləcə, qızğın döyüşlərdən sonra ermənləri Qızılqaya yüksəkliyindən qovduq. Bundan sonra qoşunlarımızın irəliləməsi üçün əlverişli şərait yarandı.
Demək olar ki, hər gün yeni yaşayış məntəqələrini erməni işğalından azad edirdik. Torpaqlarımızın hər addımı uğrunda vuruşurduq. Zabit və əsgərlərimiz döyüşlərdə böyük qəhrəmanlıqlar göstərirdilər. Bunun sayəsində torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi qələbəmizlə başa çatdı.
Vətən müharibəsində göstərdiyim cəsarətə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Xocavəndin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" və "İgidliyə görə" medallarına layiq görülmüşəm.  Düşmən üzərində qazandığımız qələbələr bizi arxayınlaşdırmır. Əksinə, xidmətə məsuliyyətimizi daha da artırır. Müntəzəm olaraq təlim-məşqlərdə də bu amalla iştirak edirik. Əminəm ki, xalqımızı yeni qələbələrimizlə sevindirəcəyik.

Emin QULİYEV "N" hərbi hissəsi