Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Fevral 2023 20:18

“Deprem bayatıları” adlı videoçarx hazırlanıb

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk dəqiqələrindən Azərbaycanın rəhbərliyi başda olmaqla, bütün xalqımız qardaş ölkənin yanında olmaqla öz mənəvi və maddi dəstəyini göstərməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsrin ən böyük zəlzələsinin baş verdiyi gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana Kahramanmaraşda baş vermiş və bir çox bölgələrində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndiyini bildirərək bu ağır zamanda hər cür yardım göstərməyə hazır olduğunu bildirmiş, faciə ilə əlaqədar R.T.Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, yaralılara şəfa diləmiş, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulamışdı.
Kədəri kədərimiz, sevinci sevincimiz olan qardaş Türkiyəyə dəstəyimiz bu gün də davam etməkdədir. Hər kəs əlindən gələn köməyi əsirgəmir və zəlzələnin vurduğu yaraların tezliklə sağalacağına əminliyini bildirir.
Bu təbii fəlakət yaradıcı insanlara da təsirsiz ötüşməyib.
AZƏRTAC "Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi", Azərbaycan yalnız deyil" kitablarının, eləcə də "Azərbaycan-Türkiyə" (bəstəkar: Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli), "Qardaşlıq nəğməsi" (bəstəkar: Əməkdar incəsənət xadimi Gövhər Həsənzadə) mahnılarının, eləcə də Türkiyədə meşə yanğınlarına həsr olunan "Azərbaycan yanındadır, Türkiyəm!" layihəsinin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin zəlzələ qurbanlarının xatirəsinə həsr etdiyi "Deprem bayatıları" adlı şeiri əsasında hazırlanan videoçarxı ilk olaraq təqdim edib.
Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin məşhur musiqisinin müşayiəti ilə müəllifin səsləndirdiyi "Deprem bayatıları"nda Azərbaycan və Türkiyə xalqlarının dostluq və qardaşlığının əbədi, sarsılmaz olduğu bir daha öz əksini tapıb.
Videoçarxda səsləndirilən "Deprem bayatıları"nı oxuculara təqdim edirik.

"Azərbaycan Ordusu"

_______________________________________________________________________________________________


Abdulla Qurbani

DEPREM BAYATILARI

Qardaş Türkiyədə baş verən əsrin ən böyük zəlzələsinin qurbanlarının xatirəsinə

Kədərin kədərimdi,

Qəmin qəmimdi, qardaş.

Yarana qurban olum,

Yaran dərindi, qardaş.

Qərib, miskin görkəmdə

Görməyəydim səni kaş.

Gözmü, nəzərmi dəydi,

Canım Kahramanmaraş.

Qaziantep, Diyarbakır,

Bu fəryad, nalə nədir?

Acın mənim öz acım,

Halın ürək göynədir.

Belə qiyamət olmaz,

Gözəlim Osmaniyyə.

Harayıma haray ver,

Niyə dinmirsən, niyə?

           * * *

Anam gəl, ay anam gəl,

Yandı bağrım tamam, gəl!

Toz-torpaq altındayam,

Yaman pərişanam, gəl!

Elbistana qar yağır,

Burda qəlbim üşüyür.

Gözü yolda qalan var,

Yüyür, karvanım, yüyür!

Canım, gözüm, Adana,

Qurban olum adına.

Ürəyim yaralıdı,

Çatanmıram dadına.

Şanlıurfa, canımsan,

Şöhrətimsən, şanımsan.

Dilimiz, dinimiz bir,

Damarımda qanımsan.

Kilis, başıbəlalım,

Üstündən duman getmir.

Səni soraqlayıram,

Əl çatmır, ünüm yetmir.

Bura Adıyamandı,

Dəymə, halı yamandı.

Xınalı quzum, laylay...

Yandı, ciyərim yandı.

Qışdan sonra yaz gələcək,

Malatya, qan ağlama.

Yal-yamaclar güllənəcək,

Hatay, sinəmi dağlama.

Bu külək hardan əsdi,

Əsib yolumu kəsdi.

Bu yaran da sağalar,

Gəl ağlama, Türkiyəm,

Ağlama, daha bəsdi.

Dost var, düşmən var, dik dur,

Məğrur dayan, Türkiyəm!

Dar gündə yanındayam,

Sənin doğma qardaşın,

Mən o taylı, bu taylı

Azərbaycan türküyəm!

Canım da sənə qurban!

Məğrur dayan, Türkiyəm!

Məğrur dayan, Türkiyəm!