Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Fevral 2023 20:18

“Sevincliyəm ki, arzuma çatmışam, əsgərəm”

Rəşadətli Azərbaycan Ordusunun banisi Ulu Öndər Heydər Əliyev vətənpərvərlik hisslərini hər zaman yüksək qiymətləndirərək demişdir: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".
Hər sahədə olduğu kimi, ordu sıralarında da Ümummilli Liderin irsinə sadiq olan gənclərimiz inamlı xidmət edirlər. Bu gün cəmiyyətimizdə vətənpərvərlik tərbiyəsində formalaşan gənclərimizin ən ümdə vəzifələrindən biri Vətənə olan övladlıq borcunu layiqincə yerinə yetirməkdir. Onlar əsgər olmağı, Vətəni qorumağı özlərinə mənəviyyat borcu bilərək, inamla xidmət edir, Hərbi Anda sadiq olurlar. Bunun bariz nümunəsi İkinci Qarabağ müharibəsi oldu. Məhz Azərbaycan əsgərinin şücaəti, Vətən sevgisi, mübarizliyi qələbə qazandı. Bu qələbə bir reallığın da bir daha təsdiqi oldu ki, böyüməkdə olan gənclərimiz həm ailələrində, həm də məktəblərdə vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunurlar. Belə cəmiyyətdə formalaşan gənclər də hərbi xidmətə böyük həvəslə yollanır, vəzifə borclarının öhdəsindən məsuliyyətlə gəlir, torpaqlarımızı qətiyyətlə qoruyurlar.
"N" hərbi hissəsində xidmət edən əsgər Cavid Babayev də belə oğullardandır. Cavidi işğaldan azad olunan ərazilərimizdən birində yerləşən bölmədə tanıdım. Bölmənin zabiti Cavidin vəzifələrinin öhdəsindən layiqincə gəldiyini bildirdi. Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirdiyini, intizamlı əsgər olduğunu qeyd etdi. Cavidlə həmsöhbət olub, onu daha yaxından tanıdım. Əslən Neftçaladan olan Cavid Babayev Bakı Dövlət Sosial-İqtisad Kollecini bitirib. Məzun olduqdan sonra hərbi xidmətə yollanıb. Düşüncələrini bölüşən Cavid hərbi xidmətin əhəmiyyətindən, aşıladığı keyfiyyətlərdən danışdı: "Müstəqil həyata atılmağa hazırlaşan gənclərin fərqli arzuları, məqsədləri olur. Gələcək haqqında planlarımız bir-birindən tamam ayrı istiqamətlərə yönəlir. Lakin hamımızın bir ortaq düşüncəsi var - öncə Vətən. Hansı yola qədəm qoyacağımızdan asılı olmayaraq, ilk arzumuz hərbi xidmətə yollanmaqdır. Sevincliyəm ki, arzuma çatmışam, əsgərəm. Anamız qədər sevdiyimiz Vətənimizi qorumaq hər birimizin borcudur. Hazırda əsgər olduğum, torpaqlarımızın müdafiəsində dayandığım üçün qürurluyam. Arzu edirəm ki, vəzifəmin öhdəsindən layiqincə gəlib, ailəmin yanına başıuca qayıdım".
"Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı", - böyük şairimiz Məmməd Araz belə deyirdi. Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından gəlir. Bu cəhətdən isə bizim gənclərimiz çox şanslıdırlar. Çünki vətənpərvər, döyüşkən, tarixə qəhrəmanlıq salnamələri ilə iz qoyan əcdadları var. Vətən sevgisi genlərinə hopan Cavid kimi gənclərimiz ailədə başlayan, məktəbdə davam edən və cəmiyyətdə formalaşan vətənpərvərlik tərbiyəsində böyüyürlər. Belə gənclərimiz Vətənə əsgər də olurlar, cəmiyyətə yararlı vətəndaş da. Bu istiqamətdə hərbi xidmətin də rolu danılmazdır. Əsgər Cavid Babayev də bu haqda fikirlərini belə dilə gətirdi: "Əsgərlik hər birimizin yararlı vətəndaş kimi formalaşmağımızda mühüm təsiri olan həyat məktəbidir. Burada hərbi biliklərə, döyüş vərdişlərinə yiyələnirik. Həm də müsbət keyfiyyətlər qazanır, fiziki və mənəvi-psixoloji cəhətdən formalaşırıq. Vətənpərvərliyin, Vətən sevgisinin əsl mənasını dərk edirik".
Cavidin düşüncələri bir daha sübut edir ki, gənclərimiz hərbi xidmətdə milli-mənəvi dəyərlərimizə sədaqətli, gələcəyin nümunəvi vətəndaşları kimi formalaşırlar. Həm də onun təsdiqidir ki, onlar əsgər olmağı, Vətəni qorumağı özlərinə müqəddəs borc bilir, vəzifələrinin öhdəsindən qürurla gəlirlər.  

Mahmud MÖHBALIYEV  "Azərbaycan Ordusu"