Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Fevral 2023 20:18

“Biz qalib ordunun məğrur əsgərləriyik”

Heç bir sözlə əvəz edilməyən, məzmun etibarilə çoxşaxəli olan "vətənpərvərlik" məfhumu insanda tədricən  formalaşır. Ayaq basdığın, üzərində gəzdiyin müqəddəs Vətən torpağı dünyanı dərk etdikcə səni özünə bağlayır, ona sevgimiz artır. Vətənpərvərlik hissi o deməkdir ki, öz dövlətinin tərəqqisi üçün can yandırıb doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr edəsən, Vətənin rifahı, xoşbəxt  gələcəyi naminə əlindən gələni etməklə, onu düşmənlərdən qoruyub uğrunda canından belə keçməyə hazır olasan. Budur, Vətənə layiqli övlad olmaq. Bu gün Azərbaycanda bütün bu hissləri özündə qoruyub saxlayan, ehtiva edən gənclik formalaşıb. O gənclər ki, Vətən müharibəsi başlayanda silaha sarılıb doğma Azərbaycanımızın ərazi bütövlüyü naminə ağır döyüşlərə atıldılar, düşməni torpaqlarımızdan qovdular. Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmrini şərəflə yerinə yetirərək şəhid, qazi, qəhrəman oldular.
Gənclərimiz doğulub böyüdüyü ana torpağı sevir, onu düşmənlərdən qorumağı özünün əsas vəzifə borcu kimi qəbul edir. Azərbaycan Ordusu vətənsevər gənclikdən formalaşıb möhkəmlənir və günü-gündən daha da qüdrətlənir. Vətənə xidmət etmək hər birimizin müqəddəs borcudur. Bu şərəfli borcu peşəkarlıqla yerinə yetirmək üçün Azərbaycan əsgəri üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşır. Onlar ordu sıralarında Vətənə, torpağa ləyaqətlə xidmət edirlər. Belə vətənpərvər gənclərdən biri də əsgər Xaqani Ağayevdir. O, "N" hərbi hissəsinin mühəndis bölüyündə  istehkamçıdır. Komandirlərinin və əsgər yoldaşlarının rəğbətini qazanan Xaqani verilən tapşırıqların öhdəsindən bacarıqla gəlir. "İşğaldan azad olunmuş ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının təmizlənməsi istiqaməti üzrə Ağdamda, Tərtərdə keçirilən təlimlərdə, dərslərdə fəal iştirak etmişəm. Peşəkar istehkamçılarımız ən müasir minaaxtaran avadanlıqlardan, texnikalardan istifadə bacarıqlarını bizə böyük həvəslə öyrədirlər. Tezliklə işğaldan azad olunan torpaqlarımız minalardan təmizlənəcək. Xalqımız öz ata-baba yurdlarına qayıdacaq", - deyə əsgər bizimlə söhbətinə bu sözlərlə başladı.
Xaqani sözlərinə davam edərək bildirdi ki, əsgərlik, ordu həyatı, həqiqətən, kişilik məktəbidir. "Bu dönəmi keçmək, bu dönəmi yaşamaq hər bir Azərbaycan oğluna yaraşır. Hərbi xidmətə gələndə tam əmin idim ki, elimə, obama layiqli oğul, Vətənim Azərbaycanın sadiq əsgərlərindən biri olacam. Çünki  orta məktəb illərindən hərbi dərslərə böyük maraq göstərirdim. Silahları söküb-yığmağı, hədəflərə atəş açmağı həmişə öyrənməyə çalışırdım. Bütün bunlar hərbi xidmətin ilk çətinliklərini dəf etməyimdə köməyimə çatdı. Təcrübəli zabitlərin aşıladığı hərbi bilik və bacarıqları mənimsəməkdə kömək oldu. Döyüş hazırlığını yüksəltməyə xidmət edən amilləri dərslərdə  təcrübəli zabitlər həm nəzəri,  həm də praktiki olaraq bizə  öyrədirlər. Hazırlığımızı daima artırmalıyıq ki, döyüş qabiliyyətimiz  yüksək səviyyədə olsun. Biz  düşmən üzərində Zəfər qazanan qalib ordunun məğrur əsgərləriyik".
Əsgərin sözləri bir daha mənə onu deməyə əsas verdi ki, sənə Zəfər yaraşır, Azərbaycan əsgəri!

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"

foto Coşqun CƏFƏROVUNDUR