Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Fevral 2023 20:18

Vətəni anamız kimi sevir, gözümüz kimi qoruyuruq

Döyüş fəaliyyətinin operativ və fasiləsiz təmin edilməsi üçün rabitə təminatının düzgün təşkili mütləq şərtdir. Bu gün Azərbaycan Ordusunda rabitəçilərimizin hazırlığı yüksək səviyyədə təşkil olunur. "N" hərbi hissəsində döyüş növbətçiliyi aparan rabitə bölməsində bu faktorun əhəmiyyətinin bir daha şahidi olduq.
Leytenant Pərviz Davudovdan xidmət etdiyi bölmədə gündəlik fəaliyyətlə bağlı məlumat aldıq. "Rabitə bölmələri müxtəlif qoşun növləri arasında dayanıqlı, keyfiyyətli və etibarlı əlaqəni təşkil edir. Rabitə qoşun xidmətində önəmli vasitədir və rabitə təminatı əməliyyatın idarə edilməsində mühüm əhəmiyyətə malikdir.  Ərazinin relyefi, iqlimi və məsafəsindən asılı olmayaraq bölmələrarası əlaqənin qurulması hərbi fəaliyyətin mühüm tərkib hissəsidir. Ordu rəhbərliyinin bu sahəyə olan diqqətinin göstəricisidir ki, bölməmizdə rabitə təminatı tapşırıqlarının lazımi səviyyədə təşkil olunması üçün arzu olunan şərait yaradılıb. Müasir tələblər çərçivəsində avtomatlaşdırılmış rabitə avadanlıqları bölməmizin istifadəsindədir. Bu sahə insandan yüksək praktiki və nəzəri bilik tələb etdiyindən, tabeliyimizdəki şəxsi heyətin ixtisas hazırlığına xüsusi diqqət yetiririk. Bu ixtisas insandan yüksək biliklə yanaşı, möhkəm səbir də tələb edir. Növbətçilik zamanı və yaxud təlimlərdə rabitə cihazlarında yaranan nasazlıq və ya qırılmalar tapşırığın icrasını ləngidə bilər. Bu problemin də vaxtında aradan qaldırılması üçün ixtisas biliklərinin lazımi səviyyədə mənimsənilməsi gərəkdir. Çünki rabitənin əsas şərtlərindən biri fasiləsiz əlaqənin təmin edilməsidir. Ümumiyyətlə, rabitə xidməti çətin və məsuliyyətlidir. Bu məsuliyyət vərdişlərinin yaradılması üçün şəxsi heyət təlim-tədris prosesində iştirak edir, öz ixtisas, biliklərini daha da mənimsədikdən sonra döyüş növbəsinə çıxırlar. Həmçinin bölməmizin şəxsi heyəti çöl çıxışlarında, təlimlərdə, yarışlarda vəzifəsinin öhdəsindən layiqincə gəlir. Komandanlıq tərəfindən qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir, bölməmiz ona göstərilən etimadı qüsursuz xidmətləri ilə layiqincə doğruldur", - deyə zabit bildirdi. Söhbət əsnasında öyrənirəm ki, zabit Pərviz Davudov İkinci Qarabağ müharibəsində əsgər olaraq iştirak edib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
"Döyüşlər vaxtı da rabitəçi idim, bu gün də ixtisasım üzrə müqəddəs amala xidmət edirəm. Müharibədə bu ixtisasın vacibliyini və incəliyini daha dərindən başa düşdüm. Əlaqə vaxtında, lazımi səviyyədə qurulmasa, döyüşün idarəetməsi zəifləyər və bu ağır nəticələrə gətirib çıxarda bilər. Təqdir olunası haldır ki, müharibə dövründə də, post münaqişə dövründə də rabitəçilərimizin ümumi fəaliyyəti yüksək səviyyədə icra olundu və bu günün komandirləri olaraq gənc rabitəçilərimizin lazımi səviyyədə yetişdirilməsi üçün əlimizdən gələni edirik. Amalımız məlumdur -  Vətənə layiqincə xidmət etmək, ordumuzun güclənməsində pay sahibi olmaq".
Döyüş növbətçiliyi aparan əsgər Həsən Qocayevlə tanış olduq. Komandiri dedi ki, Həsən öz ixtisasının incəliklərinə bələd olan, intizamlı və çalışqan əsgərdir. “Dövrümüz texnika-texnologiya dövrüdür”, - deyən əsgər söhbətimizə qoşuldu. "Gənc yaşlarımdan texnikaya böyük həvəsim var. Qismət elə gətirdi ki, xidmətimin də texnologiya ilə bağlılığı var. Təcrübəli komandirlərim tərəfindən keçirilən dərslərdə bizə təhkim olunmuş rabitə vasitələrinin istifadəsi, səmərəli tətbiqi ilə bağlı nəzəri və praktiki dərslərdə iştirak etmişik. İxtisasımın məsuliyyətini və vacibliyini dərindən anlayıram. Növbətçilikdə komandaların düzgün qəbul edilməsi, aidiyyəti üzrə ötürülməsi, kanal tezliklərinin yığılması və digər fəaliyyətləri icra etməyi təcrübəli rabitəçi zabitlərimiz tərəfindən öyrənmişəm. Verilən tapşırıqları həvəslə yerinə yetirirəm. Nümunəvi xidmətimlə həm valideynlərimin, həm də komandirlərimin mənə olan ümidlərini layiqincə doğrultmağa çalışıram. Hər bir Vətən övladının borcu Vətən keşiyində layiqincə dayanmaqdır. Bu gün biz Vətənə övladlıq borcumuzu ödəyirik", - əsgər dedi.
Növbəti həmsöhbətim əsgər İsmayl Gülverdiyev də intizamlı, verilən tapşırıqların öhdəsindən layiqincə gələn Vətən müdafiəçilərindəndir. Əsgər qeyd etdi ki, ona təhkim olunmuş avadanlığın və texnikanın sazlığını daim nəzarətdə saxlamalıdır. "Təcrübəli komandirlərimizin rəhbərliyi altında keçirilən dərslərdə öz peşə vərdişlərimizi artırırıq, hərbi biliklərimizi daha da təkmilləşdiririk. Rabitəçi ixtisası da digər ixtisaslar kimi insandan ciddi məsuliyyət tələb edir. Çünki döyüş və ya təlimlərdə qarşıya qoyulan tapşırığın icrasında rabitə əlaqəsi çox vacibdir. Əlaqənin etibarlı, fasiləsiz və operativ olması mühüm faktordur. Məxfilik, təhlükəsizlik prinsipləri də hər zaman gözlənilməlidir. Döyüş növbətçiliyimizi yüksək səviyyədə təşkil edirik. Çünki bu günün Vətən müdafiəçiləri bizlərik. Vətən ata-babalarımızın əmanətidir. Onu anamız kimi sevməli, göz bəbəyimiz kimi qorumalıyıq".
 
Fuad CƏFƏROV "Azərbaycan Ordusu"