Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2023 12:20

Türkman Vətəninə sadiq oğul idi

Bir vaxtlar Qarabağ həsrətindən dolan gözlərin nuru artıb, yanan ürəklər indi sevinclə silələnib. Bu xoşbəxtliyi gözlərimizə, ürəyimizə Azərbaycan əsgəri yetirib. Həmin igidlərdən biri də əsgər Türkman Yolçu oğlu Məmmədovdur.
Türkmanın valideynləri ilə görüşmək üçün böyüyüb boya-başa çatdığı evə yollanırıq. Uzaqdan görünən bayrağa görə mənzili asanlıqla tapırıq.
Görüşüb hal-əhval tutur, söhbətləşirik. Valideynləri deyirlər ki, Azərbaycan xalqı qədirbiləndi. Şəhidini, qəhrəmanını heç vaxt unutmur. Qonşular, yaxınlar, dövlət nümayəndələri tez-tez onlara gəlir, Türkmanı sevgi və hörmətlə yad edirlər.
Mənzilin hər guşəsində şəhidin portretlərini görürük. O, xatirələrdə və şəkillərdə hələ iyirmi iki yaşındadı. Adına ad olan qürur, ehtiram yaşından böyükdü. Fəxri fərmanlar, diplomlar, idmanda qazandığı medallar otağın eksponatlarıdı. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə aldığı medallar şəhidin qəhrəmanlığının sənədləridi...
Türkman 28 sentyabr 1998-ci ildə Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. İki qız övladından sonra ailənin sonbeşiyiydi. Dörd yaşı olanda ailəsi Bakıya köçüb. İlk təhsilini Bakı şəhərində yerləşən Cəbrayıl rayonu 22 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi təhsil almağa niyyətli olub - Vətənə zabit kimi xidmət etməyi arzulayıb. Bunun üçün idmanla məşğul olub, fiziki gücünü artırıb. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənəd qəbuluna az müddət qaldığından sənədləri toplamağa vaxtı çatmayıb. Bu, onu xeyli kədərləndirib. Sənədlərini 17 saylı Bakı Peşə Liseyinə verib, rabitə ixtisası üzrə təhsil alıb. Oxuduğu müddətdə onu da hərbi xidmətə çağırıblar. 2019-cu ilin iyulunda hərbi xidmətə başlayıb.
Ana Rəhimə Məmmədova deyir: "2020-ci ilin sərt karantin rejiminin tələblərinə görə xidmət dövründə Türkmanla çox görüşə bilmirdik. Sentyabrın 3-də atasıyla birlikdə hərbi hissəyə getdik. Onu uzaqdan görmək qismət oldu. Nə biləydik ki, bu, onunla son görüşümüzdü".
Bu görüşdən iyirmi dörd gün sonra İkinci Qarabağ müharibəsi başladı.
Türkman komandirlərinə ön cəbhədə vuruşmaq istədiyini israr edib və Vətənini sevən əsgər kimi torpaqlarımızın azadlığı uğrunda döyüşüb.
Ailəsində anasından başqa hamı onun müharibədə döyüşdüyünü bilirdi. Bunu özü tapşırmışdı. Bilirdi ki, anası bunu bilsə, narahat olacaq. Hər dəfə Rəhimə ana telefonla danışanda atəş səsləri eşidirdi. Türkman anasını təlimlər getdiyinə, döyüş bölgəsindən uzaqda olduqlarına inandıra bilirdi. Telefon zəngləri bir neçə gün davam etdi. Türkman döyüşlərdə olduğunu daha anasından gizlətməyin mümkün olmadığını anlayıb hər şeyi ona danışıb. "Məni o qədər rahat etmişdi ki, onun döyüşlərdə olduğunu ağlıma belə gətirməmişdim. Hər dəfə məni yaxşı olduğuna inandırır, narahat olmamağımı tapşırırdı. Evdə hamı həssaslaşmışdı. Telefon zəng çalan kimi Türkmandan xəbər almaq ümidiylə dəstəyi götürürdük. Onunla sonuncu telefon danışığımız oktyabrın 24-ü oldu. Sonrakı üç gün ondan xəbər ala bilmədik. Olduqca gərgin və narahat idik. Oktyabrın 31-i bizə onun şəhid olduğunu bildirdilər. Türkman oktyabrın 27-si şəhid olub, ancaq biz bundan dörd gün sonra xəbər tuta bildik. Onda demişdim, indi də deyirəm ki, Vətən sağ olsun", - Rəhimə ana kövrələrək deyir.
Atası Yolçu Məmmədov deyir ki, Türkman qızlarımın yeganə qardaşı, arxa-dayağı idi. "Bu günə qədər onunla bağlı narahat olduğum bircə an belə ağlıma gəlmir. Oğlum sayğılı, böyük-kiçik yeri bilən idi. Onu yad edənlər bu xüsusiyyətlərini xüsusi vurğulayırlar".
Ailə dostu Kamal Vəliyev söhbətə qoşularaq deyir: "Türkman gözümüzün qabağında böyüyüb. Heç vaxt onun bizlərə qarşı biganəliyini görməmişik. Türkman azyaşlı olanda nə işə buyururdumsa, həvəslə gedirdi. Olduqca zəhmətkeş oğul idi. Peşə liseyində oxuduğu vaxt ofisiant işləyir, ailəsinə kömək olmağa çalışırdı. Həftənin son günlərini idmanla məşğul olurdu. Türkmanı çoxlarına nümunə göstərərdik".
Qeyd edək ki, Türkman Məmmədov Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"