Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2023 12:20

Haqqa qovuşan Vətən oğlu

2020-ci il sentyabrın 27-də Vətənin müdafiəsinə qalxan və şəhidliyi ilə əbədiyyətə qovuşan oğullardan biri də Kamran idi. Onun da qəlbində bitib-tükənməyən arzuları vardı... Lakin söhbət "Vətəndirsə, gerisi təfərrüatdır" müdrik deyimini özünə müqəddəs şüar seçən Kamran 30 ilə yaxın müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan tarixi torpaqlarımız uğrunda döyüşlərə atılır. Onun şərəfli döyüş yolu Füzuli rayonundan başlayır. Bütün hazırlıqları yüksək olan peşəkar Azərbaycan əsgəri döyüşlərdə düşmənə sarsıdıcı zərbələr vurur.
Vətənin igid oğlu oktyabrın 22-nə kimi Füzuli, Xocavənd, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Kamran şəxsi heyətin döyüş əzmini daha da yüksəltmək məqsədilə həm xalqımızın döyüş, müharibə tarixindən danışır, həm də müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirirdi. Gözəl səsi, xoş avazı ilə işğaldan azad olunmuş torpaqlarımızda azan da verirdi. Kamran çox yaxşı bilirdi ki, çıxdığı yol haqq yoludur. O, bu müqəddəs yolda "ölmək var, dönmək yoxdur" deyərək, haqqa ucalıb, müqəddəsliyə tapınaraq son damla qanınadək döyüşür. Kamran döyüşürdü ki, Xocalıda qana boyanan körpələrin - Farizin, Zəhranın, neçə-neçə azərbaycanlının qisasını alsın. Qisas qiyamətə qalmadı. Azərbaycanın Kamran kimi mərd oğulları erməni işğalçılarını torpaqlarımızdan qovaraq məhv etdilər.
Vətən sevdalısı Kamran İsgəndərli oktyabrın 21-dən 22-nə keçən gecə  Qubadlı rayonu uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. Vətənə, torpağa, elə, obaya, valideynlərinə, bacılarına bağlı olan Kamran doğma Cəlilabad rayonunda dəfn olunur.
Kamran qısa, lakin şərəfli ömür yolu ilə tarixin yaddaşına əbədi həkk olunur.
Əsgər İsgəndərli Kamran Yaşar oğlu 29 iyun 1997-ci ildə Cəlilabad rayonunda dünyaya göz açmışdı. İki bacının tək qardaşı olan şəhid ailənin, nəslin sevimlisi idi. Orta məktəb illərində dəqiq elmləri sevir, yaxşı oxuyurdu. Ailədə İslam dininə sonsuz sayğını görən Kamran müsəlman dünyasının müqəddəs kitabı Qurani-Kərimi oxumaq üçün ərəb dilini öyrənir. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetinə daxil olur. O, burada "Telekommunikasiya, radio və texniki informasiya mühəndisliyi" ixtisası üzrə ali təhsil alır və ingilis, ərəb dillərinə mükəmməl yiyələnir. İxtisası üzrə peşəkar mütəxəssis kimi yetişir.
2019-cu il oktyabrın 2-də Vətənə övladlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. Xidmət dövründə komandirlərinin, əsgər yoldaşlarının hörmətini qazanır. Dəfələrlə komandanlıq tərəfindən fəxri fərmana layiq görülür, təşəkkür elan olunur. Vətən müharibəsi başlayanda Kamran da döyüşə gedənlərin sırasında dayanır.
Şəhidin atası Yaşar müəllim, anası Qətibə xanım, bacıları Kamranla bağlı xatirələrini bizimlə bölüşdülər. Kamranın divardan asılmış şəkillərindən boylanan nur üzlü çöhrəsi sanki ətrafı işıqlandırmışdı. Əsgər geyimi, şəxsi əşyaları, idmanda qazandığı kuboklar, fəxri fərmanlar, qələmə aldığı şeir parçaları və digər əşyalar Kamrandan doğmalarına, əzizlərinə qalan təsəlli və şirin xatirələrdir...
Yaşar müəllim deyir ki, bir ata kimi Kamranla hər zaman fəxr edib. "Çətindir, bu ağır yükü, oğul dərdini çiyində daşımaq. Amma bu ölüm sıradan bir ölüm deyil, Vətənimizin, torpaqlarımızın azadlığı uğrunda müqəddəslik zirvəsini fəth edən ölümdür, şəhadətə qovuşmaqdır. Bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm".
Qətibə ana Kamranın hərbi xidmətdən evə sağ-salamat qayıtmasına qurban deyir. Ananın dediyi qurbanın kəsilməsinə dörd gün qalmış Kamran ən qaynar nöqtəyə - Füzuli cəbhəsinə yola düşür...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Kamran İsgəndərli 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə və fədakarlığa görə "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülüb.
Kamran haqqa ucaldı, müqəddəsliyə tapındı, adını Zəfər tariximizin səhifələrinə yazdı və gələcək nəsillərə örnək şərəfli ömür yaşadı.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"