Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2023 12:20

Hər zaman Vətən keşiyində

"Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır". Azərbaycanda gənclər siyasətinin banisi Ulu Öndər Heydər Əliyevin bu kəlmələrinin nə dərəcədə dərin məna kəsb etdiyini hamımız bilirik. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, dövlətin inkişafı və möhkəmlənməsi gənclərin əlindədir. Ali Baş Komandanın gənclərə göstərdiyi diqqət və qayğı da hər zaman göz qabağındadır.
Azərbaycan Respublikasının  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iştirak etdiyi forumlarda, tədbirlərdə gənc nəslin dövlətimizin inkişafında mühüm rol oynadığını vurğulayır. Həmçinin orduda da gənc kadrların ixtisaslaşmasının və peşəkar zabit kimi formalaşmasının mühüm proses olduğunu diqqət mərkəzinə gətirir.
Hərbçilərimizin Vətən müharibəsində göstərdiyi mərdlik və şücaət dövlət rəhbərliyinin göstərdiyi diqqət və qayğı sayəsində formalaşan ordunun peşəkarlığının təzahürü idi.  Vətən müharibəsi iştirakçıları ilə həmsöhbət olarkən müharibədən əvvəl və sonra görülən işlərin ordunun güclənməsinə xidmət etdiyini vurğulayırlar.
Baş leytenant İlkin Quliyev də 44 günlük haqq savaşının iştirakçısıdır. Zabit dedi ki, hərbi peşəyə yiyələnmək uşaqlıq xəyalı olub. "Məktəb illərində hərbi peşəyə marağım yaranmışdı. Atam Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Kiçik yaşlarımda atamın və onun döyüş yoldaşlarının Birinci Qarabağ müharibəsi haqqında xatirələrini dinləyərdim. Atam mənə deyərdi: "Oğul, bu hələ son deyil, Qarabağımızın taleyi sənin kimi gənc, cəsur Vətən oğullarının göstərdiyi qəhrəmanlıqlarla həll olunacaq. Əminəm ki, məhz sizin kimi igidlər ərazi bütövlüyümüzü bərpa edəcəklər". Atamın sözlərindən sonra qərara aldım ki, zabit olum. Başa düşürdüm ki, bu yol çətindir, amma şərəflidir. Yolumun başlanğıc nöqtəsi isə Heydər Əliyev adına Hərbi Lisey oldu. Buranı müvəffəqiyyətlə bitirdikdən sonra, 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (İndiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul oldum və burada rabitəçi ixtisasına yiyələndim.
2020-ci il sentyabrın 27-də  Ermənistan silahlı qüvvələri  növbəti genişmiqyaslı təxribat törətməyə cəhd etdi. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başlandı. Mən də Vətənə olan borcumu ödəmək üçün silahdaşlarımla birlikdə döyüşə yollandım. Qızğın savaş gedirdi. Biz haqq üçün döyüşürdük, ana Vətən uğrunda döyüşürdük. Torpaqlarımızı düşməndən addım-addım azad edirdik. Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak etdim. Fəxr edirəm ki, mən də Zəfər tarixinin bir hissəsi oldum".
Onu da qeyd edim ki, gənc zabit ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Söhbətimizin sonunda gənc zabit dedi: "Bu tarixin bir hissəsi olan, bu qələbəni bizə bəxş edən şəhidlərimiz var. Məhz Vətənimizin keşiyində bu cür dayanan mərd oğullarımızın canı, qanı bahasına torpaqlarımız azaddır. Onların ruhunu daim yad etməliyik, onları qəlbimizdə yaşatmalıyıq və gənc nəsillərə tanıtmalıyıq. Daim "Şəhidlər unudulmaz" şüarı ilə yaşamalıyıq. Bu, şəhidlərin ruhlarına olan mənəvi borcumuzdur".

Elvin VƏTƏNDUST "Azərbaycan Ordusu"